
Koroğlu Rəhimov 49, bina 98 a ünvanının sakinləri Modern.az saytına şikayət ünvanlayıblar. Şikayətdə binada siçovulların əlindən yaşayışın mümkün olmadığı bildirilir. Məlumat üçün bildirək ki, əvvəllər məcburi köçkünlərin yaşadığı bu binada “Sovetski”də evləri sökülən, mənzillərinin kvadratı az olan sakinlər yerləşdirilib.
Binanın komendantı Yeganə Cəfərova Modern.az saytına faktı təsdiq edib:“Problemlə bağlı Sanitariya və Epidemologiya Stansiyasına müraciət etdik. Onlar bizdən 100 manat pul istədilər. Həmçinin müqavilə bağlamaq gərəkdiyini bildirdilər. Mən şəxsən möhürüm olmadığına görə müqavilə bağlaya bilmərəm.
Həm də biz “Sovetski”dən köçən adamlarıq. Bu məbləği verməyə imkanlarımız yoxdur”.
Y.Cəfərova problemi özünün həll etdiyini deyib:
“Ona görə də şəxsən özüm dərman alıb dərmanladım. Hazırda binadakı 104 mənzildən yalnız 2-də yaşayış yoxdur. Hamısı da “Sovetski”dən gələnlərdir”.
Gülşən RAUFQIZI