Modern.az

“Azərsu”dan vacib aksiya

 “Azərsu”dan vacib aksiya

16 Aprel 2016, 11:52

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prioritet məqsədlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə “Azərsu” ASC də öz töhfələrini verməkdədir. Səhmdar Cəmiyyətin ekoloji tədbirləri  sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət daşıyır və son illər bu sahədə işlər intensiv qaydada davam etdirilir.

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, cari  ilin fevral ayından  başlayaraq Cəmiyyətin bütün idarə və müəssisələrində, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə  növbəti ağacəkmə tədbirlərinə start verilib. Yeni istifadəyə verilmiş obyektlərin yerləşdiyi ərazilərdə yaşılllaşdırma və abadlıq işlərinə xüsusi diqqət yetirilir. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəlməkdir.  Yaşıllaşdırma tədbirlərində “Azərsu” ASC Aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin  əməkdaşları iştirak edir.

2016-cı ilin ötən dövrü ərzində ağacəkmə tədbirləri çərçivəsində 10 minədək şam, zeytun, sərv və meyvə ağacları, həmçinin 20 minədək müxtəlif dekorativ bitki əkilib.

Yeni istismara verilmiş “Dədə Qorqud” su anbarının ərazisində 3350 ədəd,   “Zirə” anbarının ərazisində 2254 ədəd meyvə və  həmişəyaşıl ağac əkilib. Eyni zamanda “Balaxanı” anbar kompleksində 2850, “Saray” anbarının yerləşdiyi  ərazidə  330, “Ramana” anbarının ərazisində isə 840 ədəd müxtəlif növ ağac əkilərək geniş yaşıllıq zolaqları salınıb. 

Qeyd edək ki, 2011-ci ildən “Azərsu” ASC-də yaşıllaşdırma tədbirləri mütəşəkkil qaydada həyata keçirilir. 2011-2016-cı illərdə Səhmdar Cəmiyyətin idarə və  müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində  150 minə qədər  müxtəlif növdə ağac və kol bitkisi, 450 minədək mövsümi gül əkilib. Ötən müddətdə  74 min kvadratmetr ərazidə qazon sahəsi salınıb, yeni suvarma sistemləri yaradılıb. Həmçinin  əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.





Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...