"Türkiyə və İran qlobal və regional səviyyədə mühüm ölkələrdir. Bu səbəbdən hazırda bölgəmizi sarsıdan terror və məzhəbçiliklə bağlı ortaya çıxan humanitar böhranların öhdəsindən gəlmək üçün bir yerdə olmalıyıq".
Modern.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə Ankarada bu gün baş tutan görüşündə söyləyib.
Ərdoğan İran prezidenti Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında hər iki ölkənin Yaxın Şərqdə mühüm rol oynadığını vurğulayıb:
“Ölkələrimizin Suriya və İraq, regionumuzda axan qanın, baş verən böhranların dayandırılması üçün lazım olan işlərə rəhbərlik etməsi şərtdir.
Aramızdakı siyasi dialoqu gücləndirməklə fikir ayrılıqlarını minimuma endirmək hər şeydən əvvəl ölkələrimizin xeyirinədir”.
“Bu cür davransaq regionumuzdakı problemlərə kənardan deyil, öz gücümüz hesabına həllinin inkişaf etdirilməsinə nail ola bilərik.
Bölgənin iki mühüm ölkəsi kimi bu məsələdə bizlərə vacib bir məsuliyyət düşdüyünün fərqindəyik"-deyə Ərdoğan bildirib.
Suriya və İraqın ərazi bütövlüyü, siyasi birliyinin qorunmasına verilən əhəmiyyət vurğulanaraq gələcəkdə birlikdə atılaacaq addımlar müzakirə edilib.


Ağa AKİFOĞLU