
“Bizim görünməyimiz mətbuatın bizə diqqət ayırmasından asılıdır. Hakimiyyət və media tərəfindən fərqli müstəvidə dayanmışıq. Ona görə o dərəcədə diqqət cəlb etmirik”.
Bunu Modern.az-a açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.
O, siyasi fəaliyyətindən söz açaraq bildirib ki, 90 say Ağdaş dairəsində iyun ayının 18-də keçiriləcək təkrar parlament seçkilərinə qatılmayacaq.
“Siyasətdən kənarda da dayanmamışıq. İşlərimizi intensiv şəkildə davam etdiririk. Mümkün olduğu qədər partiyamız fəaliyyət göstərir, birliklərdə təmsil olunuruq. 90 saylı Ağdaş seçki dairəsində keçiriləcək parlament seçkilərinə qatılmayacam”.
Partiya sədri şəxsi təsərrüfatına olan marağından da danışıb.
“2 aya yaxın olar ki, Qusar rayonunda idim. Qusarda balaca evim var. Bu iki ay ərzində xeyli ağac əkdim. Bağçada təmizlik işləri apardım Tez-tez Qusara gedib günümü dağlarda keçirirəm. Orada havalar hələ ki soyuqdur. Ağaclar gül-çiçək açmayıb. Ona görə də arılarım hələ Bakıdadır. Onlarla burda məşğul oluram. Arıçılığa gec başlamağıma baxmayaraq öyrənməyə çalışıram. Arılarım diribaşdırlar, sağa-sola gəzirlər”.
Əhməd Oruc kənd təsərrüfatı ilə konkret hansı səbəblərə görə məşğul olduğunu belə izah edib.
“Olimpiadanın şərəfinə inəkləri qurban verdim. Təbii, bu, bir zarafatdır. Demək istəyirəm ki, inəkləri Bakıda olimpiada keçirilən il satdım. Uzun müddət mal-qara təsərrüfatı ilə məşğul olmuşam. İnək saxlamamışdan öncə balıqçılıqla məşğul olmuşam. İndi isə bağçılıqla məşğul oluram. Bakıda 30 sota yaxın bağ sahəm var. İndi bütün meyvə ağacları çiçəkləyib. Bağımda inəklər yoxdur. 5 qazım, 5-10 toyuğum var. Bağçılıqla, arıçılıqla bir növ başımı qatıram. Siyasi yorğunluğumu təsərrüfatda çalışmaqla çıxarsam da, bir məsələni də qeyd etmək istəyirəm. Axı, ailəni saxlamaq da lazımdır! Məsələn, qrant almıram, heç kəsdən rüşvət almıram. Heç bir mafioz qrupun nəzarəti altında deyiləm. Siyasi fəaliyyət göstərmək, ailəni saxlamaq üçün maliyyə də lazımdır”.
Namidə BİNGÖL