
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən Amerika Birləşmiş Ştatları prezidentinin adına petisiya hazırlanıb.
Aprelin 19-da AVCİYA nümayəndələri Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin petisiyada daha aktiv iştirakını təmin etmək üçün tələbələrlə görüşüblər.Qeyd olunub ki, tələbələrinin aktiv iştirakının təmin olunması üçün Universitet rəhbərliyi xüsusi fəaliyyət planı hazırlayıb.
Plana əsasən petisiyanın mahiyyəti tələbələrə çatdırılır və onların səsverməyə təşviqi həyata keçirilir. Bunun nəticəsi olaraq petisiya elan olunandan bu günədək artıq, 2000-ə yaxın AzTU tələbəsi səsvermədə iştirak edib.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiya ilə bağlı müraciətində ABŞ prezident administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnamənin dəstəklənməsinə çağrış edilir.
Görüşdə petisiyanın əhəmiyyəti bir daha tələbələrin diqqətinə çatdırılıb və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülə biləcək işlərdən danışılıb.
AzTU tələbələri bildiriblər ki, petisiya ilə bağlı aktivlikləri təkcə öz səslərini verməklə bitməyəcək, sosial şəbəkələr üzərindən digər tanışlarının da bu işə cəlb olunması üçün səylərini birləşdirəcəklər.
Modern.az