Modern.az

”Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək üçün...”

”Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək üçün...”

19 Aprel 2016, 20:17

 

“Ermənistan rəhbərliyi aprelin əvvəlində qoşunların təmas xəttində törətdiyi uğursuz və məsuliyyətsiz hərbi avantüradan nəticə çıxarmaq və münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə təxribatçı əməllərini və müharibə ritorikasını davam etdirməkdədir. Cəbhə xətti boyunca atəşkəsin Ermənistan tərəfindən pozulmasının intensivləşməsi Ermənistan rejiminin yürütdüyü siyasətin nəticəsidir”. Modern.az saytı xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərində söylədiklərini şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, işğal olunmuş Azərbaycan ərazilərinə səfər edərək vəziyyətin daha da gərginləşməsində maraqlı olan Ermənistan rəhbərliyinın çıxışında regionun gələcəyi, Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin normallaşdırılması və davamlı sülh və təhlükəsizliyin təmin olunması barəsində bir dənə olsun belə ifadə yoxdur: “Hərbi diktatorla xas populizm və süni vətənpərvərlik tezisləri ilə Ermənistan rəhbərliyi ölkəsinin gənclərini etnik nifrətə, müharibə və qırğınlara sürükləyir. Bu vasitə ilə Ermənistan rejimi 70 faizdən artığı yoxsulluq şəraitində olan Ermənistan ictimaiyyətini aldatmaq, uğursuz hərbi avantüraya görə hərbi itkilərdən diqqəti yayındırmaq və cəmiyyətdə tamamilə itirilmiş nüfuz və etimadını bərpa etməyə cəhd edir. Xocalı soyqırımının törədilməsində və bir milyondan artıq azərbaycalının etnik təmizlənməsində şəxsən iştirak etmiş Ermənistan siyasi-hərbi rəhbərliyinin müharibə cinayətlərindən danışması ikrah doğurur. 90-cı illərin təfəkkürü ilə yaşayan və reallıq hissini itirən Ermənistan rəhbərliyinin aprel ayının əvvəlində mülki Azərbaycan əhalisini hədəfə alaraq, yenidən törətmək niyyətində olduğu müharibə və bəşəriyyət əleyhinə cinayət əməllərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə alındı”.  

XİN rəsmisi vurğulayıb ki, dəyişən hərbi status-kvonun fonunda Ermənistan rəhbərliyi nəhayət Azərbaycan ərazilərinin işğalı heç vaxt gözlədiyi siyasi nəticəni verə bilməyəcəyini dərk etməlidir: “Vəziyyətin yenidən gərginləşməsinə imkan verməmək, münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü təmin etmək məqsədilə BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, bir o qədər də tez regionda sülh bərqərar olar”.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...