Modern.az

Beynəlxalq layihə ilə bağlı növbəti toplantı

Beynəlxalq layihə ilə bağlı növbəti toplantı

21 Aprel 2016, 14:10

Fransanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Fransız İnstitutunda Azərbaycan Texniki Universitetin (AzTU) regional koordinatorluq etdiyi ERASMUS+LPEB layihəsinin növbəti toplantısı keçirilib. Görüşdə  Azərbaycan Texniki Universitetinin, Memarlıq və İnşaat Universitetinin və ölkədə fəaliyyət göstərən bəzi tikinti şirkətlərinin nümayəndələri iştirak edib.

Fransadan dəvət olunan arxitektorların da iştirak etdiyi toplantıda binaların termal izolyasiyası və enerjiyə qənaət üzrə tədrisin başlanması məsələsi müzakirə olunub.

AzTU-nun nümayəndələri termal izolyasiya ilə bağlı ölkədəki vəziyyət haqqında məlumat veriblər. Bildirilib ki, Universitetin İstilik və soyuqluq texnikası, Enerji təchizatı və istilik izolyasiyası kafedralarında araşdırmalar aparılır və mövcud problemdən çıxış yolları axtarılır.

Alimlər Fransalı qonaqlara problemin başlıca səbəbi kimi binaların tikintisi zamanı əsasən memarlıq və dizayn işinə əhəmiyyət verilməsini göstəriblər. Fransalı arxitektorlar çıxışlarında bildiriblər ki, tikinti zamanı memarlıqla yanaşı texniki göstəricilər və mühəndis texnologiyası da əsas götürülməlidir.

Daha sonra istilik izolyasiyası məsələsi ilə bağlı tədris prosesi müzakirə olunub. Fransanın Bakıdakı Səfirliyinin elm və təhsil şöbəsinin müdiri Baptiste Mignot bu sahə üzrə bakalavr təhsilinin üst səviyyəsindən danışıb. O, bildiribdi ki, bakalavr təhsilinin üst səviyyəsi Azərbaycanda yoxdur. Buna görə də sözügedən sahə üzrə Azərbaycandan seçilən tələbələr ERASMUS+LPEB layihəsinə qoşulan Fransa universitetlərində təhsil alacaqlar.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında yekunlaşması nəzərdə tutulan proqram çərçivəsində ERASMUS+LPEB layihəsinin əhatə etdiyi ölkələr, Rusiya, Çin və Azərbaycanın hər biri üçün fənn proqramları və onların məzmunlarının dolğunlaşdırılması, 30 müəllimin Avropa İttifaqında  təkmilləşdirilməsi, yeni kurslar üzrə 150 tələbənin hazırlanması hədəflənib.





Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...