Modern.az

“Məktəblərə əyri yollarla rəhbər gələnlər uzaqlaşdırılacaq”

“Məktəblərə əyri yollarla rəhbər gələnlər uzaqlaşdırılacaq”

Təhsil

21 Aprel 2016, 17:03


Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı müsabiqə davam edir. Artıq imtahanların test mərhələsi başa çatıb.  Elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib, 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Peşəkar bilik və bacarıqlara yiyələnən, rəqabətədavamlı insan qaynaqlarının yetişdirilməsi məqsədi ilə həyata keçirilən bu müsabiqə ictimaiyyət arasında geniş maraq doğurub.

Modern.az müsabiqə ilə bağlı tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini təqdim edirik.

Deputat Zahid Oruc bildirib ki, xüsusi ilə orta məktəblərdə həyata keçirilən tədbirlərdən  biri kimi direktorların müvafiq prosedur üzrə seçilməsi mühüm inqilabi dəyişiklik sayıla bilər. “Nəzərə almaq lazımdır ki, Sovet dövründə idarəetmənin həlqəsi kimi məktəb direktorları əsasən icra hakimiyyətləri orqanlarının, rayon partiya komitəsi sisteminin bir hissəsinə çevrilmişdi. Bu da pedaqoji prosesi əngəlləyirdi. Təəssüf olsun ki, müstəqillik dövründə də bu tendensiya davam etdi. Artıq yeni bir dönəm başlayıb. İndi biz məktəb direktorlarını konkret bir prosedur üzrə, siyasi dillə desək “dəqiq yol xəritəsi” dən keçərək, şəffaf qaydada, pedaqoji bilikləri, idarəetmə səriştəsi, müəllimlik keyfiyyətləri əsasında seçilir. Çox açıq söyləməliyik ki, məktəblərin özünün müstəqil olmasını təmin edəcək. Çünki təəssüf olsun ki, ayrı-ayrı qurumlar tərəfindən kənar təsirlərin olması hallar var. Bəzən zəif biliyə və idarəçilik keyfiyyətinə malik olanlar qanunsuz vasitələrlə həmin yeri tuturdular ki, bu, dərslərin təşkilindəki, müəllimlərin işə yanaşmasındakı, biliyin qiymətləndirilməsindəki proseslərə öz mənfi təsirini göstərirdi. Amma indi məktəblərimiz daha peşəkarlıqla idarə olunacaq. Tam əminliklə söyləmək olar ki, proses geri dönməz xarakter alıb. Hesab edirəm ki, bu, məktəblərdə şəffaf, kənar təsirləri neytrallaşdırmaq üçün mühüm addım kimi qeyd olunacaq. Nəhayət, bu, hamımızın, balalarımızın, gələcəyimizin xeyrinə olacaq, orta məktəblərin möhkəm əsaslarla qoyulmasına zəmin yaradacaq”.

Təhsil eksperti Kamran Əsədovin sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq orta məktəblərə direktor vəzifəsi təyin olunmaq üçün Təhsil Nazirliyi açıq, şəffaf, ədalətli bir yenilik ortaya qoydu.

“İndiyə qədər direktor vəzifəsinə təyin olunma rayon təhsil şöbəsinin və rayon icra hakimiyyətinin qeyri-rəsmi olaraq seçimi və təyinatı ilə həyata keçirilirdi. Ona görə də, məktəbə rəhbərlik vəzifəsinə əyri yollarla, bu və ya digər formalarda gələn şəxslər, təhsilin inkişafına yox, daha çox xərclərini çıxarmağa çalışırdılar. Bu, da dərslərin səviyyəsinə təsir edirdi. Təhsil naziri Mikayıl Cabbarov təhsildə kifayət qədər ciddi islahatlara ehtiyac olduğunu bildirdi və bunun üçün mükəmməl bir addım atdı”.

Ekspert bunu təhsildə inkişaf naminə analoqu olmayan inqilab adlandırıb. “İndiyə qədər orta məktəblərə müəllim seçimində obyektivliyin nəticəsində son 3 ildə yüzlərlə savadlı, təhsilə gərəkli şəxslər seçilib. Bu əlbəttə ki, az idi. Buna görə də, Təhsil Nazirliyi daha böyük uğurlar, təhsildə inkişaf üçün rəhbərliyə heç kimin təzyiq və təsiri ilə təyin olunmuş yox, bilikli, yenilikçi, qanunvericilik və idarəetməni bilən insanları cəlb etməyə başladı. Elektron qaydada aparılan sənəd qəbulu sonradan test üsulu tətbiq etməklə seçimin aparılması və yüksək nəticə əldə etmiş namizədlərin sonradan müsahibə mərhələsinə cəlb olunub yoxlanılması çox yüksək addımdır. Azərbaycan Təhsil sistemində indiyə qədər çox yenilik həyata keçirilib. Onlar qısa müddətdə öz təsirini göstərməsə də, bu direktorların kənar qüvvələrin təsiri olandan seçimi, qısa müddətdə öz müsbət təsirini göstərəcək. Çünki, sənəd təqdim edən namizədlər təkcə vəzifə tutmaq üçün yox, yenilik, inkişaf üçün bu yola daxil olublar. Seçimdə uğur qazanan namizədlərin yaş həddinə diqqət yerində onların gənc nəslin nümayəndələri olması, daha ümidverici və qürurvericidir. Mən hesab edirəm ki, bu uğurlu islahat bütün ölkədəki məktəbləri əhatə edəcək və təhsildə, orta məktəblərin idarəetməsində bir canlanma yaradacaq”.

Təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə, direktorların seçimi düzgün aparılıbsa, ümumi mənafeni şəxsi mənafedən üstün tutanlar seçiliblərsə, uğur mütləq olacaq. “Ümumi mənafeni üstün tutan direktorların məktəbi heç vaxt pis olmaz. Bu təşəbbüsü dəstəkləyir və təhsilimizin inkişafı üçün mühüm addım hesab edirəm”.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...