Deputat Vahid Əhmədov Quba rayonunda növbəti dəfə seçicilərinin yanında olub.
Günün birinci yarısında rayonun bir neçə yaşayış məntəqəsində olan millət vəkili əhali ilə görüşərək onların vəziyyəti və problemləri ilə maraqlanıb.Əhali deputat ilə söhbətlərində rayonun iqtisadiyyatının əsasını təşkil edən meyvəçilikdə onları narahat edən məsələlərdən danışıblar.
Ölkə Prezidentinin sərəncamı ilə bu yaxınlarda yaradlmasına başlanılmış "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin onların ürəyindən olduğunu söyləyən əhali, bu qurumun fəaliyyətinin həm dövlət həm də əhali üçün çox faydalı olacağını qeyd ediblər.
Görüşlərdən sonra rayon mərkəzində yerləşən ofisində Vahid Əhmədov qəbul üçün qeydiyyata alınmış 68 sakinin hamısını tyəkbətək qəbul edib.
Qəbulda Quba ilə yanaşı qonşu Xaçmaz və Şabran rayonlarından da vətəndaşlar olmuşdur. Qəbula gələnlərin böyük əksəriyyəti torpaq alınması və kreditlərin ödənilməsindəki çətinliklər ilə bağlı məsələlər qaldırıblar.
İş yerlərinin az olması, ev tikintisi ilə bağlı yaranan problemlər, sosial yardımların verilməsi, qaz və işıq haqlarının ödənilməsi zamanı yaranan mübahisələr, ailədaxili problemlər və s.qəbul zamanı səsləndirilən məsələlərdən olub.
Bir sıra məsələlər yerindəcə görülmüş tədbirlər nəticəsində öz həllini tapmış, yerdə qalanlarının həlli üçün istiqamətlər müəyyənləşdirilib.
Növbəti qəbul may ayına planlaşdırılıb.


Modern.az