
Ağdərə rayonu 13 oktyabr 1992-ci il tarixində Milli Məclisin qərarı ilə ləğv edilərək, əraziləri Ağdam, Kəlbəcər, Tərtər rayonları arasında bölüşdürülüb. Lakin bu gün hərbi əməliyyatlar zamanı yayılan bəzi məlumatlarda hələ də ləğv edilmiş Ağdərə rayonunun adı çəkilir və ya işğaldan azad edilmiş Talış yüksəkliyi Ağdərənin ərazisi kimi göstərilir. Halbuki, Talış kəndi Tərtər rayonun tabeliyinə verilib.
Milli Məclisin Redional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Ağdərə rayonunun adının bu gün də istiadə edilməsi onun hələ insanlar tərəfindən unudulmadığına dəlalət edir.
“O vaxtı Ağdərə rayonunun bölüşdürülməsi qanunuyğun hal olmayıb. Ancaq bu olub, keçib. Sonrakı dövrlərdə Ağdərə rayonu ilə bağlı çoxsaylı fikirlər ortaya çxıdı. Ağdərə rayonunun sakinləri, bəzi ekspertlər təkliflə çıxış etdilər ki, bu rayon bərpa olunmalıdır. Amma bunun çətin mərhələləri var. Artıq o icra strukturları, təşkilatlar yoxdur və s. Fikrimcə, düşmən üzərində qələbə çalandan sonra Ağdərə rayonunun adını qaytara bilərik. Kiminsə müəyyən səhvi üzərindən rayon bölündü. İndiki halda onun bərpası maliyyə çətinliyi və ya digər çətinliklər yarada bilər”.
T.Rzayev bu gün də məlumatlarda Ağdərə rayonunun adının xatırlanmasını düzgün qiymətləndirib.
“Bir çox tarixi yaşayış məskənlərinin adları dəyişdirilib, ləğv olunub, siyahıdan çıxıb. Ağdərədən olanlar onu xatırlayır. İstər son hadisələrin gedişində, istərsə də başqa məsələlərdə bu adın xatırlanması, unudulmaması çox yaxşıdır. Bu onu göstərir ki, insanlarımız öz doğma torpaqlarını utunmayıblar və yenidən ora qayıtmaq istəyirlər”.
Aytən ZƏHRA