Modern.az

“Bu işlər tezliklə yoluna qoyulmasa, tüfeyli uşaqların sayı artacaq”

“Bu işlər tezliklə yoluna qoyulmasa, tüfeyli uşaqların sayı artacaq”

Təhsil

30 Aprel 2016, 16:29


Yeniyetmələrlə iş üzrə polis inspektorlarının işi sovetlər zamanı daha yaxşı təşkil olunmuşdu . Çünki o vaxtlar uşaqlarla, yeniyetmələrlə işləyən polislərin fəaliyyəti kompleks halda icra olunurdu”.

Bu barədə Modern.az saytına açıqlamasında keçmiş polis polkovnik-leytenantı, kriminalist ekspert Mahmud Hacıyev deyib.

Ekspert bu gün fəaliyyət göstərən yeniyetmələrlə iş üzrə polis şöbələrinin fəaliyyətindən danışaraq bildirib ki, sovet dövründə bu sahə daha yaxşı işləyirdi:

“Sovet dövründə indiki Icra hakimiyyətləri yox idi. Rayon Partiya komitələri var idi.  Bir də “İspalkomlar” (rayon xalq deputatları sovetinin icraiyyə komitəsi) mövcud idi. Bu komitədə də azyaşlıların işləri üzrə komissiya fəaliyyət göstərirdi.

Polisin özündə ayrıca uşaqlar üçün inspektor ştatları var idi. O zaman “JEK”lərin tərkibində azyaşlılar üzrə təlim-tədris metodistləri də var idi. Moskvadan göstəriş gəlmişdi ki, çalışın həmin uşaqlar üzrə polis inspektoru vəzifələrinə daha çox qadınlar cəlb olunsun.

1980-85-ci illərdə Bakı şəhərində və rayonlarda uşaqlarla, şagirdlərlə iş üzrə polis inspektoru vəzifəsinə qadınlar işə götürüldü. Həmin polis qadınlar zabit rütbələrində idilər.

Qadın polis inspektorlar işlərini “ispalkom”lar, regionlardakı Maarif şöbələri və “JEK”lərlə qururdular. Bu cür əlaqəli və kompleks halda qurulmuş azyaşlılar üzrə “inspeksiya sistemi” uşaqlara, şagird və yeniyetmələrə, onların valideynləri ilə qarşılıqlı işə çox diqqətli və məsuliyyətlə yanaşırdı”.



Kriminalist bildirib ki, bir neçə qurumdan formalaşan uşaqlarla iş üzrə komissiya onların əsas problemləri ilə maraqlanırdı:

“Həmin heyət orta məktəblərə gedib müəllimlərlə, şagirdlərlə hətta dərslərin keyfiyyəti ilə də maraqlanırdı. Əsasən uşaqların, şagirdlərin problemləri ortalığa çıxarılırdı. Daha çox dərs buraxanları, ailəsində zorakılığa məruz qalanları, atasız-anasız uşaqları, atası narkoman, yaxud alkoqol düşkünü olan uşaqları xüsusi nəzarətə götürürdülər.

Münaqişəli ailələrin uşaqları, boşanmış və ya boşanmaqda olan ailələrdən olan şagirdlər nəzarətə götürülürdü.

Mağazaların və ticarət mərkəzlərinin qarşısında uşaqları, şagirdləri görəndə həmin yaxınlıqda olan məktəblərə gedib, bu kimi halların baş verməsini araşdırırdılar.

Bu da öz növbəsində təhsilin davamiyyəti, cinayətə meyilli olmağın qarşısının alınması, təlim-tərbiyə nöqteyi- nəzərindən böyük rol oynayırdı. Sovet quruluşu dağıldıqdan sonra struktur çökdü. Müstəqillikdən sonra isə bu işləri yenidən qurmaq elə də asan olmadı.

Bu gün isə iş təzədən qurulmalı, yeni qanunvericilik bazası yaradılmalıdır. Artıq zaman da gedir. Əgər bu işlər bir az da geciksə, nəticələr daha da pis olacaq.

Əgər tezliklə bu işlər yoluna qoyulmasa, azyaşlıların və əsasən də şagirdlərin arasında arasında tüfeyli həyat və cinayət halları çoxalacaq”.

Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov da əvvəlki dönəmi xatırlayaraq bildirib: “Sovetlər zamanı həddi-buluğa çatmayanlarla əlaqədar polis şöbələri daha yaxşı işləyirdilər, nəinki bu gün. Təəssüf ki, polisin bu gün həmin şöbələri üzrə fəaliyyət göstərən əməkdaşı, valideyn və məktəb üçbucağını yaratmaq mümkün deyil”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı