
KAYÇAD (Kadın Yönetici və Kadın Çalışmalar Dayanışa Dernegi) Ankarada Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Bosnya-Hersoqovinya, Arnavut, Qaradağ, Kosova, Ukrayna, Moldovadan olan qadın iş adamlarını və jurnalistləri bir araya yığıb.
Türk dövlətləri və birlikləri arasında əməkdaşlıq edən, Türk dünyasının öndə olan qadınlarının qatıldığı konfransda Türkiyənin dövlət rəsmiləri, nazirləri, eləcə də Böyük Millət Məclisinin millət vəkilləri də iştirak ediblər.
Konfransın açılışında Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğanın təbrik məktubu oxunub. Kütahya millət vəkili Mustafa Şükrü Nazlı türk dünyasının bacarıqlı, iş bilən qadınlarının bir araya toplanaraq, dünyanın qlobal problemlərinin həllində yaxından iştirakını yüksək qiymətləndirib.
Bu gün bütün dünyada 1 milyarddan artıq qadının iş qura bilmək qabiliyyətində olduğunu vurğulayıb. Və qeyd edib ki, hər bacarıqlı kişinin arxasında bir qadın dayandığı kimi, hər bacarıqlı qadının da arxasında bir kişinin dayanması bu gün dövrün vacib şərtlərindəndir.
Türkiyə dövlətinin dünyadakı bütün qadınların sosial problemlərinin həllinə yaxından kömək etdiyini, KAYŞAD-ın Orta Asiyada, Afrika və Balkanlarda qadınların məşğulluğu, onların təhsil alması üçün şərait yaratdığını bildirib. Deyib ki, bütün sivil dövlətlərdə vəzifə sahibi olan, məmur kürsüsündə əyləşən kişilər qadılnların problemlərinin həllində onlara yaxından yardımçı olmalıdırlar.
Millət vəkili Radiyə Sezer qadınların kişilərlə əl-ələ verib, dünyamızın gözəlləşdirilməsi üçün çalışmalarının önəmindən danışıb. Türkiyə Cümhuriyyəti ailə və sosial siyasət naziri Sema Ramazanoğlu rəhbərlik etdiyi qurumun ölkəsində qadınların yaxın dostu olduğunu qeyd edib. Türkiyədə bütün qadın və qızların 12 illik təhsil sistemindən yararlanması üçün dövlətin gördüyü tədbirlərin çoxşaxəli olduğunu bildirib.
Konfransda iştirak edən digər Türkiyə millət vəkilləri, iş adamları və qonaqlar qadının cəmiyyətdəki rolundan, Avropada, Asiyada və dünyanın digər qitələrində qarşılaşdıqları problemlərindən, eyni zamanda doğuş zamanı ana və uşaq ölümlərinin çox olduğu ölkələrdən, qadınların zorakılığa, insan alverinə məruz qalmasından danışıblar.
Tədbirdə gələcək nəsillər üçün yol xəritəsinin hazırlanmasının vacibliyi qeyd olunub.
Toplantıya qonaq qismində qatılan azərbaycanlı jurnalist Aida Eyvazlı bu gün Azərbaycanda qadınların rolu, məğuliyyəti, onlara verilən hüquqlardan danışaraq, eyni zamanda diqqəti Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızda aparılan qanlı döyüşlərə, eləcə də erməni separatistlərinin türk dünyasına bəslədikləri kin-küdurətə çəkib. O, ailə başçıları, qardaşları, oğullarını Qarabağdakı 2-5 aprel döyüşlərində itirən qadın və gəlinlərin, qızların bugünkü durumu, onların “Vətən var olsun” deyə etdikləri çağırışları xatırladıb. Jurnalist bütün türk dünyasında şəhid ailələrinin, qadın və qızlarının problemlərinə ciddi yanaşılmasının vacibliyini və onların həmişə diqqət mərkəzində saxlanılmasını arzu edib.
Sonda Azərbaycanın son döyüşləri zamanı azad olunan, şəhid qanı tökülən Qarabağın bir ovuc torpağını ailə və sosial solitikalar naziri Sema Ramazanoğluna təqdim edib.
Sema Ramazanoğlu bu totpağın onun üçün çox böyük dəyəri olduğunu, Qarabağda tökülən hər bir damla şəhid qanının Türkiyə üçün əziz olduğunu söyləyib.
KAYÇAD-ın sədri Gül Topalın rəhbərliyi ilə keçirilən, iki gün davam edən forumda dünyanın qlobal problemləri, qadın təşkilatlarının bu problemlərin həlində necə yardımçı ola biləcəkləri haqda müzakirələr aparılıb. Qərara alınıb ki, KAYÇAD-ın gələn görüşü, 2017-ci ilin aprelində Bişkek şəhərində keçirilsin.
Tədbir Ankaranın tarixi yerləri ilə tanışlıqla başa çatıb.





Modern.az