Modern.az

Daha iki deputat cəbhəyanı sakinlərə güzəşt istəyir

Daha iki deputat cəbhəyanı sakinlərə güzəşt istəyir

Təhsil

30 Aprel 2016, 17:55

“Cəbhəyanı kəndlərdə əhali atəşkəsin hər saat pozulması səbəbindən təsərrüfatla vaxtlı-vaxtında məşğul ola bilmirlər. Buna görə də onlara hansısa formada dəstək olmaq lazımdır. Mən deputat həmkarlarımın təmas xəttinə yaxın kəndlərdə əhalinin kommunal xərclərdən azad edilməsinə dair təkliflərini dəstəkləyirəm. Həmin insanlar kommunal xərclərdən azad edilsə, daha yaxşı olar”.

Bu sözləri Modern.az saytına açıqlamasında 119 saylı Ağdam kənd seçki dairəsinin deputatı Bəxtiyar Sadıqov deyib.

 “Dövlətin hər zaman cəbhə bölgəsində yaşayan insanlara xüsusi diqqət və qayğısı olub. İndiki halda artıq Azərbaycan Ordusunun güclü zərbəsindən sonra Ermənistan rəhbərliyi başını itirib və onlar qisasçılıq hissinə düşüb. Dinc əhalini iri çaplı silahlardan və raketlərdən atəşə məruz qoyurlar. Dağıntılar baş verir, evlər və təsərrüfatlar məhv olur.

Kommunal məsələnin həlli ilə bağlı ilk növbədə mənbə tapılmalıdır. Kommunnal xərclərin qarşılanmasının hər biri müxtəlif qurumlara bağlıdır.

Yəni qaz SOCAR-a, işıq “Azərenerji” və “Azərişıq”a, su “Azərsu”ya aid olduğuna görə, bu məsələni həmin qurumlarla razılaşdırmaq lazımdır. Çünki bu xidmətləri həmin təşkilatlar həyata keçirirlər. Onun əvəzi hansısa mənbədən bu qurumlara ödənilməlidir.

Məcburi köçkünlər onsuz da kommunal xərclərdən azad olunub. Amma təmas xəttində yaşayan yerli əhaliyə də güzəştlər şamil etmək çox obyektiv və ədalətli olar”-deyə deputat bildirib.

97 saylI Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatı Ağalar Vəliyev isə söyləyib ki, əgər belə bir təşəbbüs varsa, alqışlanmalıdır:

“Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan əhalinin kommunal xərclərdən azad olunması mümkün olarsa, mən də bu təklifi müsbət qarşılayaram. Bu, birbaşa hökumətin işidir, onun atacağı addımdır.

Deputat həmkarlarımız belə bir müraciət ediblər. Buna aktual məsələ kimi Milli Məclisin gündəliyində baxıla bilər. Bu məsələyə dair həm də ölkə prezidenti sərəncam verə bilər”.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı