Modern.az

“Dərbənd” Xeyriyyə Cəmiyyətində yenilik

“Dərbənd” Xeyriyyə Cəmiyyətində yenilik

Təhsil

30 Aprel 2016, 18:14
Bu günlərdə Bakıda “Dərbənd” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin geniş tərkibli iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlərə toxunan cəmiyyətin sədri Nurulla Əliyev bildirib ki, bu il aprelin əvvəlində erməni hərbi birləşmələrinin cəbhə xəttində törətdiyi silahlı təxribatların ölkə daxilində vəziyyətə təsiri və dünya birliyinin bu hadisələrə münasibəti müzakirə olunub. Qurum sədri  “Azərbaycan cəmiyyətində tolerant həyat tərzinin formalaşmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda ətraflı məruzə ilə çıxış etdiyini və təşkilati məsələlərin  də gündəlikdə yer aldığını vurğulayıb.

Tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunduğunu deyən sədr diqqəti sənəddəki bəzi məqamlara çəkib.

”Azərbaycan cəmiyyəti dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsipləri əsasında respublikanın ərazi bütövlüyünün  qeyd şərtsiz bərpa edilməsi tezliklə həllini tapacağına əmindir”.
Toplantıda “Dərbənd” Xeyriyyə Cəmiyyəti ilə qarşılıqlı əməkdaşlıq prinsipləri ilə çalışan “Dədə Qorqud” Milli Fondunun prezidenti , “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru  Eldar İsmayılov, Böyük Vətən Müharibəsi veteranı İrina Qədimova və rəssam, ictimai xadim Minayə Feyzullayeva təltif ediliblər.

“Dərbənd” Xeyriyyə Cəmiyyətinin sədri Nurulla Əliyev htiyatda olan birinci dərəcəli kapitan, Silahlı Qüvvələrin Hərbi Akademiyasında elm şöbəsinin hərb tarixi üzrə professoru, tarix üzrə elmlər doktorudur.

“Dərbənd” Xeyriyyə Cəmiyyəti 1994-cü ildə əslən Dərbənd şəhərindən olan, Bakıda yaşayan ziyalıların təşəbbüsü ilə təsis olunub.
Cəmiyyət 1994-cü il fevralın 23-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Hazırda cəmiyyətin mindən çox üzvü var. Cəmiyyət Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına öz töhfəsini verir.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı