Modern.az

Kişilər arasında sonsuzluq qadınlarla nisbətdə artıb

Kişilər arasında sonsuzluq qadınlarla nisbətdə artıb

Təhsil

4 May 2016, 12:13


Uşaq hər bir ailənin sevinci, gələcəyi, dayağı, fərəhidir. Hər bir ailə tez bir zamanda evindən körpə səsinin gəlməsini istəyir. Bu istəyə nail olanlarla yanaşı, körpəyə həsrət ailələr də çoxdur. Ailələrin uşağ sahib olmama səbəblərindən biri və ildən-ilə artan sonsuzluqdur.

Sonsuzluq müasir ginekologiyada aktual problemlədən biridir. Sonsuzluğun bir neçə səbəbi mövcuddur. İlk olaraq sonsuzluq birincili və ikincili olur. Bu sözləri Modern.az-a açıqlamasında Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Aynurə Əmirova deyib. O qeyd edib ki, birincili sonsuzluq qadının heç hamilə olmadığı zaman hesab olunur, ikincili sonsuzluq zamanı daha öncə hamiləlik olduqdan sonra təkrar hamiləlik baş vermir.

“Qadın, kişi qarışıq və səbəbi məlum olmayan sonsuzluq ayırd edilir. Qadın sonsuzluğuna səbəblər müxtəlifdir: hormonal dəyişikliklər, boru-peritoneal faktor, uşaqlığın  anadangəlmə inkişaf qüsurları və ya qazanılmış patologiyası, infeksiya amili.
Kişi sonsuzluğunun əsas səbəbləri varikosel, infeksiya və spermatogenezin dəyişilməsidir”.

Mama-ginekoloqun sözlərinə görə, iri şəhərlərdə regionlara nisbətdə sonsuzluğun yayılma faizi daha yüksəkdir və  bu daha çox yaş amili ilə bağlıdır.

“Şəhərdə yaşayan qadınlar karyera qurulmasına zaman ayırıb ailə həyatı və dünyaya övlad gətirilmə vaxtını bir gədər dolğun yaşda planlaşdırır. Yaş faktoru qadın sonsuzluğunda əsas səbəblərdən biridir. Qadınlarda 35 yaşdan sonra yumurtalıqların fəaliyyətinin nisbətən zəifləməsi müşahidə olunur və sonsuzluq problemi daha tez rast gəlinir. Eyni zamanda regionlarda daha sağlam qidalanma və sintetik qida məhsullarından daha az istifadə olunur. Bu da öz növbəsində ümumi olaraq təsirini göstərir. Sağlam qidalanma və təmiz ekoloji durum sonsuzluğun yaranmasına nisbi təsir edən amillərdən biridir”.

A.Əmirova qeyd edib ki, son zaman kişi sonsuzluğunun qadın sonsuzluğuna  nisbətdə daha da artması müşahidə olunur.

“Kişi sonsuzluğunun yaranmasına əlavə təsir edən amillər: spirtli içkilərin istifadəsi və siqaret çəkməkdir. Bu amillər spermatogenez prosesinə öz mənfi təsirini göstərir. Sonsuzluq probleminin ildən-ilə artmasının səbəbləri çoxdur. Əsas səbəblərdən yanlış qidalanma, zərərli vərdişlərin olması, cinsi yolla yoluxan infeksiyaların artmasıdır. Ailə həyatı qurmadan öncə mütləq olaraq hər iki tərəf müayinə olunmalıdır. Bu sağlam ailənin təməlidir”.

Mama-ginekoloq bildirib ki, sonsuzluq problemi yaşamamaq üçün bəzən öncədən və vaxtında müayinə və müalicə olunmaq lazımdır. Sonsuzluğun müalicəsi mümkündür.

“Səbəbi müəyyən olunduqdan sonra artıq müalicə istiqaməti təyin olunur. Bir neçə il öncə sonsuzluğun yeni müalicə üsulu istifadə olunmağa başlanıb. Boruları bağlı olan qadınlar indi artıq hamilə qala bilərlər. Bu da müasir ginekologiyada ekstrakorporal mayalanma üsulu ilə mümkündür. Bu müalicə zamanı yumurta hüceyrəsi hormonal dərmanlar təsiri ilə yetişdirilir və bədəndən kənarda laboratoriya şəraitində kişi hüceyrəsi ilə mayalandırılır. Bir neçə gün sonra hazır embrion uşaqlıq daxilə yerləşdirilir. Bu üsulla artıq çox sayda cütlüklər övlad sahibi olub. Lakin bu müalicə üsulu 100% hallarda effektiv olmur. Müalicənin nəticəsinə bir neçə amillər təsir edir. Ən əsas səbələrdən yaş faktoru, embrionun keyfiyyəti və uşaqlıq amilidir. Çox təəssüf ki, sonsuzluq səbəbi ailə dağılmasının əsas səbəblərindən biridir. Bunun qarşısını almaq üçün vaxtında müvafiq tədbirlərin aparılması vacibdir. Hər bir insan quracağı ailənin sağlamlığı barədə düşünüb öz bədəninə və sağlamlığına zərər verə biləcək addımlardan çəkinməlidir. Vaxtında həkimə müraciət edib lazım olan müayinələrdən keçməlidir”, deyə Aynurə Əmirova vurğulayıb.

Aytən ZƏHRA 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə