Modern.az

Çovdarov Tağı Əhmədovdan 3 milyonu necə və harada alıb...

Çovdarov Tağı Əhmədovdan 3 milyonu necə və harada alıb...

Təhsil

4 May 2016, 16:15

MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın ən qorxunc üzvü hesab edilən general Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan təhdid və şantaj yolu ilə 3 milyon manat qoparmasının yeni təfərrüatları məlum olub.

Modern.az saytının məlumatına görə,  virtualaz.org istintaqa yaxın mənbələrə istinadən xəbər verir ki, Çovdarovun həmin pulu Tağı Əhmədovdan hansısa gizli çəkilişlə şantaj edərək alması barədə mətbuatda yazılanlar doğru deyil.

Əslində bundan əvvəl xəbər verdiyimiz kimi,  Çovdarov Tağı Əhmədovu Xətai rayon Məhkəməsində hakim işləyən oğlu  Rauf Əhmədovla təhdid edib, onu həbs edəcəyi ilə hədələyib, habelə digər ailə üzvlərinə qarşı repressiv addımlar atılacağı haqda xəbər göndərib.

Ümumiyyətlə Çovdarov T.Əhmədovu ona görə hədəfə alıb ki, Bakı Metropoliteninin rəhbəri qazandığı pullardan MTN-in “kassası”ına haqq vermirmiş.

Məlum olduğu kimi Mahmudov-Çovdarov bandası aralarında nazirlər də olmaqla bir çox yüksək vəzifəli məmurları onlara aylıq haqq verməyə məcbur edib.

İstintaqa yaxın mənbədən aldığımız məlumata görə Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat alması barədə ifadəni onun özü yox, XİN-də işləyən oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov veriblər.


Onlar istintaqa təqdim etdikləri yazılı ifadədə göstəriblər ki, 3 milyon manatı “Fəxri Xiyaban”ın qarşısında Akif Çovdarova şəxsən çatdırıblar.

Gözlənilir ki, bu iş üzrə Tağı Əhmədov Akif Çovdarovla yenidən üzləşdiriləcək. Hərçənd ki, onun adı Çovdarovun işində rəsmən zərərçəkən kimi keçmir.

Tağı Əhmədov isə məbuatda açıqlamasında adının Akif Çovdarovun işində keçdiyinə dair xəbərləri təkzib edib.

Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri olan Tağı Əhmədov musavat.com -a mətbuatda barəsində yer alan informasiyaların həqiqətə əsaslanmadığını və onda gülüş doğurduğunu söyləyib: "Yazılanlar qərəz və böhtandan başqa bir şey deyil. Nə hər hansısa cinayətin qurbanı olmuşam, nə də bankda pul batırmışam. Yazılanlar reallığı əks etdirmir. Görünür, bəzi saytlar adımı hallandırdıqları belə gülünc xəbərlərlə özlərinə reytinq qazanmağa çalışırlar".
 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə