Bu gün Milli Məclisin iclasında “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, dəyişiklikdə damazlıq heyvanların, toxum və tinglərinin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından 1 aprel 2016-cı ildən əlavə dəyər vergisinin (ƏDV) tutulmaması göstərilib .Digər dəyişiklik kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini, eyni zamanda təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov pay torpaqları ilə bağlı çıxış edib. O bildirib ki, bir tərəfdən inkişaf üçün şərait yaradılır.
“Lakin bu bir tərəf üçün yaxşı olsa da, digər tərəf üçün yaxşı olmur. Torpaq islahatı MDB məkanında ilk dəfə Azərbaycanda həyata keçirilib, torpaqlar insanlar arasında paylanılıb. Ancaq ondan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bir çox insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmir.
Digər bir qism isə iş görür, ümumi tədarükü bazara çıxarda bilmir. Düzdür, burada müəyyən obyektiv və subyektiv səbəblər var. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır”.
Deputat deyib ki, biz bu məsələlərin ya zəlzədən, ya vəlvələdən olmasını araşdırmalıyıq.
“Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq olunmalıdır. Axı məhsul əkib onu istehsal edən əkinci istehsal etdiyi məhsulunu bazar çıxarda bilmir.
Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək bu kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək”.
Aytən Zəhra