Bu gün Azərbaycan Kooperasiya Universitetində universitet rəhbərliyi və Tələbə Gənclər Təşkilatının birgə taşkilatçılığı ilə 2-5 aprel tarixlərində təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatlarına tutarlı cavab verərkən Milli Ordumuzun Şəhid olan qəhrəman hərbçilərinin əbədiyyətə qovuşmalarının bir neçə gündən sonra keçiriləcək 40-cı günü ilə əlaqədar olaraq anım mərasimi keçirilib. Universitetdən Modern.az-a verilən məlumata görə, ilk öncə universitetin həyətində yaradılmış Şəhidlər guşəsi ziyarət olundu.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra universitetin Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov çıxış edib.“Biz ilk növbədə onunla fəxr edə bilərik ki, xalqımızın, millətimizin minlərlə qəhrəman övladları var və onlar hər an müqəddəs Vətən sərhədlərini öz canları bahasına olsa belə qorumağa hazırdırlar. Şübhəsiz ki, döyüş varsa burda itkilər qaçılmazdır və Silahlı Qüvvlərimizin qəhrəman hərbçiləri Şəhid oldular. Müqəddəs zirvəyə ucaldılar. Onlar yaşamaq üçün həlak oldular və hər bir azərbaycanlının qəlbində əbədi taxt qurdular. Bəli, bu döyüşlər bütün dünyaya Azərbaycan xalqının yenilməziliyini, qəhrəmanlığını bir daha xatırlatmış oldu. Baxın, əsgərlərimiz heç nədən qorxmayaraq, mərd-mərdanə erməni mənfurlarına elə bir dərs verdilər ki, düşmən sarsıdıcı zərbə nəticəsində işğal etdiyi ərazilərimizi tələm-tələsik – silah-sursatlarını, hərbi ləvazimatlarını qoyaraq tərk etməyə məcbur oldular. Artıq torpaqlarımızın, yüksəskliklərimizin bir hissəsində müqəddəs üçrəngli Azərbayan bayrağı dalğalanır. Bu gün hər kəs müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrinə müntəzir dayanıb. Bu, bir qələbə müjdəsidir. İnanırıq ki, Silahlı Qüvvələrimizin döyüş şücaəti və Cənab Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti sayəsində işğal altında olan hər bir qarış torpağımız düşmən taptağından azad olunacaqdır!”
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Modern.az