Modern.az

Yaponiya səfirliyindən 90 minlik sanitar qovşağa dair AÇIQLAMA

Yaponiya səfirliyindən 90 minlik sanitar qovşağa dair AÇIQLAMA

Təhsil

6 May 2016, 17:50


Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirdiyi “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi başa çatıb. Layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

Amma layihənin dəyərinin 90 min 300 ABŞ dolları olması ciddi müzakirələrə səbəb olub. Bəzi iddialara görə, sanitar-qovşağın tikilməsində korrupsiyaya yol verilib. Məsələ ilə bağlı Yaponiyanın Azərbaycandakı səfirliyindən Modern.az saytının sorğusuna cavab verilib. Bildirilib ki, Yaponiya səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edir.

“Bunların arasında məktəbdaxili sanitar təchizatı yaxşılaşdırmaq məqsədi də qarşıya qoyulub. Sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də bura daxilidir. Şagirdlərin təhsilə həvəsini artıracaq psixoloji və  təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələr UNİCEF-lə əməkdaşlıq çərçivəsində həyata keçirilir”,-deyə səfirlikdən qeyd olunub. 

Səfirlik sanitar qovşağın tikintisi üçün lazım olan materialların haradan gətirildiyi barədə sualı da cavablandırıb.

“Təkcə sanitar qovşaq üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və s. işlər eyni zamanda həyata keçirilib. Bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün  materialların satın alınması aparılıb.

Bundan əlavə, həmin ərazidən işçi qüvvəsi istifadə edilib. Bunun iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də, indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır. Yaponiya Səfirliyi olaraq bununla bağlı müzakirələrin olduğunu qəbul edirik. 

Konstruktiv muzakirələri ürəkdən alqışlayırıq. Bundan sonra da müxtəlif düşüncələrə əsaslanaraq, Azərbaycanda sosial sahə mühitinin yaxşılaşdırılmasına istiqamətlənib, şəffaflığı qoruyaraq, Azərbaycanı dəstəkləməyi davam etdirmək niyyətindəyik”.





Aqşin KƏRİMOV
     
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə