Modern.az

Tarixçilər haqqımı təslim edəcəklər – Son imperator: Əbdülhəmid – IV Hissə

Tarixçilər haqqımı təslim edəcəklər – Son imperator: Əbdülhəmid – IV Hissə

Təhsil

7 May 2016, 14:19

Dünyada 100 qram ağıl var. Onun 90 qramı Əbdülhəmiddə, 5 qramı məndə, digər 5 qramı isə başqa siyasət adamlarındadır.

Otto von Bismark

Son səltənətin son illəri

Ulduz sarayında yerləşən bəlkə də yüzə yaxın saat həmişə zamanın axıb keçən dəqiqələrini öz tik-takları ilə bildirirdilər. Amma nədənsə 1909-cu ilin 27 aprel səhərində vaxt keçmək bilmirdi. Bütün zaman Sultan və ailəsi üçün dayanmışdı, sanki. Həmin gün Sultan II Əbdülhəmidin 33 illik iqtidarı sona çatmışdı. Xeyr, ölməyib, yalnızca taxtdan endirilmişdi.

İllər keçdikcə II Əbdülhəmidə qarşı müxalif olanların sayı artırdı. 1889-cu ildə qurulmuş “İttihad və Tərəqqi” partiyası bu mübarizədə xüsusi rol oynayırdı. Məhz onların mübarizəsi sayəsində 1908-ci ildə ikinci dəfə konstitusiya qəbul edilmiş, Osmanlıda “İkinci Məşrutiyyə” dövrü başlamışdır. Lakin ölkəni uçurumun kənarından qorumaq mümkün olmurdu. 1909-cu ilin 12 aprel gecəsindən başlayan üsyan tarixə “31 mart hadisələri” kimi düşmüşdü. Hicri təqvimlə 13 aprel 1909 31 mart 1325-ci ilə uyğun gəldiyinə görə  bu hadisə belə adlandırılır. Həmin gün Taksimdə Ovçu taborunun əsgərləri öz komandirlərinə qarşı çıxaraq din xadimlərinin başçılığı ilə Heyət-i-Məbusanın (Milli Məclis) önünə gəlib dövlətin şəriət qaydaları ilə idarə edilməsini istəyiblər. II Əbdülhəmid yavaş-yavaş hakimiyyətinin sonunun gəldiyini başa düşürdü. Bu dövrdə ipləri əlinə almaqistəyən Hüseyn Hilmi paşa üsyançılarla razılığa gəlmək üçün bir sıra addımlar atdı. Bunlardan biri də üsyançıların xeyirinə dövlət xadimlərinin bir-bir istefa etməsi idi. “İttihad və Tərəqqi” partiyasının üzvlərinin bəziləri üsyan günü şəhərdə, bəziləri isə şəhərdənkənar yerlərdə gizlənirdilər. Çünki üsyançılar qabaqlarına çıxan bütün ittihadçıları həmin dəqiqə öldürürdülər. Dövlət və Məclis əllərindən gələni etsələr də, idarəni ələ ala bilmirdilər. Bu səbəbdən Sultan II Əbdülhəmid yenidən öz iqtidarını qurmağa çalışırdı. Üsyançılarla mübarizəyə başlamış Sultan üstünlüyü ələ ala bilirdi. Çünki müxalifətin birliyi və qəti planı yox idi.

Bundan sonra “İttihad və Tərəqqi” partiyası ən güclü silahı istifadə etməyə başladı. Bu, Selanikdə yerləşən Üçüncü Ordu idi. Partiyanın həyata keçirdiyi siyasət nəticəsində Hərəkat Ordusu hazırlanıb aprelin 23-dən 24-nə keçən gecə İstanbula girdi. Üsyan tamamilə yatırılmış, müxaliflər edam cəzasına məhkum olunmuşdu. Bundan sonra Sultanın hakimiyyətinə sona çatmışdı. Heyət-i-Məbusan və Heyət-i-Əyan Ümumilli Məclis adı altında birləşmiş, saraya gələrək II Əbdülhəmidin taxtdan endirildiyi və qardaşı Şahzadə Mehmedin Sultan V Mehmet adı ilə taxta oturdulduğunu xəbər vermişdilər. Maraqlı bir vəziyyət var idi ki, Sultanın taxtdan endirildiyi xəbərini verməyə gəlmiş dörd nəfərdən heç biri türk əsilli deyildi, onlar erməni və yəhudilər idi. Başçılıq edən Əsəd paşa istisna olmaqla digərləri “İttihad və Tərəqqi”nin aparıcı üzvlərindən olublar. Yazıda Sultan II Əbdülhəmidin taxtdan endirildiyini göstərən bir karikatura da yerləşdirilib.

 

Sultan II Əbdülhəmid taxtdan endirildikdən sonra İstanbulda qalmağı təhlükəli görünürdü. Ona görə də keçmiş Sultanı Selanikə göndərdilər və orada sürgün həyatı yaşamağa başladı.

İmperatorlar da ölə bilirlər...

Topqapı saray-muzeyinin müdiri, Prof. Dr. İlber Ortaylının “Milliyet” qəzetindəki bir məqaləsindən oxuyuruq ki, Əbdülhəmid Selanikə sürgün edildiyi vaxt qatara minərkən qiymətli əşyaların olduğu yükünü birinə vermiş, çevrilib götürmək istədiyində isə həmin adam artıq qaçmışdı. Görünür ki, artıq Sultan çox yorulmuş və qocalmışdı. Lakin Əbdülhəmidin Selanikdəki sürgün həyatı çox uzun çəkmir. Balkan müharibəsində Təhsin paşanın göstərdiyi zəiflik səbəbindən Selanik itirildi. Bundan sonra Əbdülhəmid anasının vəfat etdiyi Bəylərbəyi sarayına köçürüldü. Bir tərəfdən nə qədər xatirələrinin olduğu Bəylərbəyi sarayında yaşayacağına sevinən keçmiş sultan, digər tərəfdən də Selanik kimi bir yerin itirildiyinə inana bilmirdi.

1918-ci ilin fevralın 5-də qrip ilə başlamış xəstəlik yavaş-yavaş mədə ağrısı və təngnəfəsliyə keçmişdi. Sultanın ölümü ilə bağlı Türkiyə mətbuatından bir yazıda oxuyuruq ki, Əbdülhəmidi ilk müayinə etmiş həkimlər Nikolaki Paraskevidis, Şahzadə Vahidəddinin (Sultan VI Mehmet) şəxsi həkimi Alkivyedis və Atıf Hüseyn bəy olublar. Qardaşı Sultan V Mehmet Rəşad onun üçün hansı həkimi istəsə göndərəcəyini təklif etsə də, Əbdülhəmid bu təklifi qəbul etməmişdi. Fevralın 10-da vəziyyəti daha da ağırlaşan Əbdülhəmid üçün özünün həkimləri Dolmabağça sarayından Aqil Muxtar bəy və Selanikli Rüfət bəyi gətirməyi məsləhət görmüşdülər. Lakin alın yazısının önündə heç kim dayana bilmədi. 1918-ci ilin 10 fevralında taxtdan endirilmiş Sultan II Əbdülhəmid 76 yaşının içində ikən Bəylərbəyi sarayında vəfat edib.

Ölüm xəbəri ilk olaraq “İttihad və Tərəqqi”nin qurucularından olmuş, baş komandan vəkili və hərbiyyə naziri Ənvər paşaya çatdırılıb. O, isə telefon vasitəsilə xəbəri Əbdülhəmidin hakimiyyətdə olan qardaşı Sultan V Mehmedə bildirib. Sultan qardaşının, babası Sultan II Mahmud türbəsinə dəfn edilməyi üçün əmr vermişdi, lakin Əbdülhəmidin ailəsi onun Fateh Sultan Mehmet türbəsində dəfn edilməyini istəyirdilər. Ənvər paşa bu istəyə qarşı çıxmış, Fatehin türbəsinə başqasının dəfninin doğru olmadığını bildirmişdir.

II Əbdülhəmidin dəfn mərasimi çox izdihamlı keçmiş, burada iştirak etməyən dövlət xadimi qalmamışdı. Şahzadələr, vəkillər, patriklər, xaxamlar, bir sözlə hər kəs Sultanı son mənzilə yola salmaq üçün toplaşmışdılar. Sultan II Mahmud türbəsində, əmisi Sultan Əbdüləzizin yanında basdırılan imperatorun böyük həyatının son səhifəsi beləcə bağlanmışdı... (yazıda II Əbdülhəmidin dəfn mərasimindən ağ-qara bir foto verilib)

 

Şəxsiyyəti-Həmidiyyə

Sultan II Əbdülhəmid şəxsiyyət baxımından çox maraqlı biri olub. O, ədəbiyyat, iqtisadiyyat, mətbuat sahələri ilə hər zaman yaxından maraqlanırdı. Hətta mətbuatı daim izləyən Sultan, hələ şahzadəlik dövründə xarici ölkələrin qəzetlərinin gətirildiyi yerə gedir, dünyada nələr baş verdiyini öyrənirdi. Düzdür, mətbuat sahəsində senzuranı gücləndirən bir imperator olub, hətta onun dövründə “Ulduz” sözünün və digər sözlərin qəzet səhifələrində yazılması qadağan idi. Həmçinin, “burun”, “cümhuriyyət”, “darvinizm”, “Murad” (qardaşının adı) kimi sözlər də işlədilməsi qadağan edilmiş kəlmələrdən idi. Ayşe Hür adlı müəllifin bu haqda yazdığı məqalədə rast gəlinən maraqlı məqamlardan biri də həmin dövrdə işlədilməsi məhdudlaşdırılmış və qadağan edilmiş sözlər arasında “Ermənistan” sözünün dəolmağıdır.

Bunlarla bərabər II Əbdülhəmid kitaba böyük maraq göstərib. Hər gecə yatmazdan əvvəl mütləq özü üçün kitab oxutdurarmış. Xüsusilə, detektiv ədəbiyyata marağı olan Əbdülhəmid , “Şerlok Holmsun macəraları”nın bütün cildlərini Osmanlıcaya tərcümə elətdirmişdi. Həmçinin müasir tipli çap dəzgahlarını Osmanlıya gətirərək Fateh Sultan Mehmetin oğlu olmuş Cem Sultanın divanını da çap elətdirib, bir neçə nüsxəsini isə Birləşmiş Krallıq, Almaniya və ABŞ-yə hədiyyə göndərmişdi. Lakin Sultanın dövründəki senzuranın qadağan etdiyi məqalə, yazılar olduğu kimi kitablar da var idi... Ayşe Hürün yazılarına istinad edirik: “Məsələn, Termodinamik adlı fransızca kitabın adındakı “dinamik” sözü “dinamit” sözünə oxşar olduğu üçün (“dinamit” də işlədilməsi qadağan edilmiş sözlərdən idi), İngiltərədən gələn kibrit qutularının rəngi qırmızı olduğu və üzərində qılınc emblemi olduğu üçün gömrükdən keçə bilməmişdi. Hətta iş o yerə çatmışdı ki, Nikolaides adlı Yunanıstan yazıçısının Əbdülhəmidi və türkləri tərifləyən “Şərqin qızıl kitabı” adlı əsəri gömrük işçilərinin dil bilgisizliyi üzündən gömrükdə qalmışdı”.

Həmçinin Sultanın dülgər və taxta işlərinə də marağı böyük idi. Prof. Dr. İlber Ortaylı yazır ki, Bəylərbəyi sarayının yemək otağındakı əşyaları özü hazırlamış və atası Sultan Əbdülməcidə hədiyyə etmişdi.

Prof. Dr. Metin Hülakünün yazdıqlarına görə II Əbdülhəmidin həm də teatr, musiqi, ov kimi sənətlərə, təbabətə güclü marağı olub. Həmçinin ilk qız məktəblərinin açılması, poçt, teleqraf, telefon sisteminin inkişaf etdirilməsi də onun dövrünə aiddir.  Sultan haqqında mühüm şəxsiyyətlər də bir sıra fikirlər deyiblər. Əvvəllər Əbdülhəmidlə düşmənlik edən filosof Rza Tofiq və Süleyman Nazif daha sonra peşmanlıq duyğulu şeirlər yazıblar. Onlardan bir parça təqdim edirik:

Rza Tofiq:

Tarixlər adını xatırladığı zaman,

Sənə haqq verəcək, ey Böyük Sultan,

Biz idik utanmazca şərlər atan,

Dövrün ən siyasi hökmdarına.

Süleyman Nazif:

Hökmdarım gəlməmişkən ya da biz,

Budur gəldik səndən təngə biz,

Öldürərlər başlasaq fəryada biz,

Həsrət olduq köhnə istibdada biz.

Miniresenziya

Sultan II Əbdülhəmid haqqında çəkilmiş “Sultanın sirri” adlı film onun nə qədər ağıllı olduğunu göstərən nümunələrdəndir. Filmdə Sultanın neft yataqlarını əks etdirən xəritələr hazırlatdığını və illər sonra, müasir dövrdə bu xəritələri ələ keçirmək istəyən xarici vətəndaşlar göstərilir. Ulduz saray-muzeyində xəritələrin saxlanıldığı sandığı isə məhz Sultanın özü hazırlayıb. Ulduz saray-muzeyi rəhbərliyi heç bir vəchlə xarici agentlərə sandığı göstərmədikdə onlar sandığı oğurlayıb qaçırlar. Lakin bir məsələ var idi. Sultan sandığı xüsusi sıra ilə kilidləmişdi və heç kim onu aça bilmirdi. Bu səbəblə sandıq sındırılıb açılmaq istənildiyində də Sultanın ağlı hiss olunur. Son səhnə olaraq Əbdülhəmidin illər əvvəl sandığı kilidləyərkən içinə sirkə dolu şüşə qablar qoyduğu göstərilir. İllər sonra isə sandığı sındıraraq açmaq istəyənlər bu zaman heç kimin xəbərinin olmadığı sirkə qablarının partladığını və bununla da bütün xəritələrin silindiyini görürlər.

Sondan öncə

Sultan II Əbdülhəmid haqqında fikirlər həm Türkiyədə, həm də başqa yerlərdə iki yerə bölünür. Bunları yazının yarımsərlövhələrində hiss etdik. Belə ki, müasir tipli çap maşınlarının Osmanlıya gətirilməsi də onun işidir, mətbuat və ədəbiyyatın üzərinə güclü nəzarət qoyması da, xalqın rifahı üçün əlindən gələni etməsi də, demokratikliyi bildirən konstitusiyalara əməl etməməsi də və bir sıra bunun kimi göstəricilər. Onu qeyd edək ki, imperatorların hamısının şəxsiyyəti və xarakteri, adətən, belə olur. Onlar bir tərəfdən öz güclərini qorumağa, digər tərəfdən də əhalisi və dövlətini qorumağa məcbur olduqlarından belə davranırlar. Xristian aləminin paytaxtı Konstantinopolu İslam aləminin paytaxtı İstanbula çevirən Fateh Sultan Mehmet həmin Fateh deyilmiydi ki, ilk dəfə Qanunnaməyə “qardaşlardan birinin taxta keçdiyi zaman ölkədə çoxhakimiyyətlilik olmasın deyə bütün digər qardaşlarını öldürməlidir” maddəsini daxil edən?!

Buna görə də Sultan II Əbdülhəmid özü də qeyd edirdi ki, bir gün tarixçilər haqqımı verəcəklər, türk tarixçilər bunu etməsələr də, mütləq xaricdəki tarixçilər bunu edəcəklər.

Həmçinin Nəcib Fazil Qısakürək Əbdülhəmid haqqında yazır: “II Əbdülhəmid Türkün özünün və təməl varlığının haqqı tapdanmış və çarəsiz xilaskarıdır. Əbdülhəmid Tənzimat hərəkatından sonra Qərb dövlətlərinə kor-koranə meyillənmənin qarşısında inadla duran, kökünü müdafiə edən böyük şəxsiyyətdir. Əbdülhəmidi başa düşdükdə bütün üzlərdəki maskalar enəcək və Əbdülhəmidi bir açar kimi istifadə edərək bizi qaranlıq və şəxsiyyətsiz mühitə salanların iç üzünü aça biləcəyik. Onun haqqında deyilmiş hər bir mənfi fikiri tərsinə çevirməklə doğru yolu tapacağıq. Yəni, o, bir növ ayırd edici kağızdır. Onun haqqındakı mənfi fikirləri ayırıb onun inşa etdiyi tikililəri yenidən qurduğumuzda həqiqət açıq-aydın görünəcək. Əbdülhəmidi başa düşmək, hər şeyi başa düşmək deməkdir”.

Son

Dörd hissə şəklində aparılan araşdırmada Osmanlının və dünyanın son imperatoru sayıla biləcək II Əbdülhəmidin həm şəxsi, həm də siyasi tərəfdən xüsusiyyətlərini göstərmək əsas məqsəd idi. Onun dövründə baş vermiş hadisələr, xüsusilə iki hissəyə güclə sığan erməni xəyanətləri ilə XIX və XX əsrin Şərq ab-havası tanıdılmağa çalışıldı. Əlbəttə ki, məlumatlar, həqiqətlər bu qədər deyil. Əbdülhəmidin qızı Ayşə Sultan Osmanoğlunun ağır həyatı, oğlunun xəstəliyinin müalicəsi üçün əmisi Sultan VI Mehmetin qızı Sabiha Sultandan yardımlar istəməsi, hər birinin xaricdə sürgün həyatı yaşamaqları və s. olaylarla tarix və tarixi həqiqətlər, hadisələrə bitmək bilməz. Bu dörd hissəli araşdırmada hər şeyin bir tarixi var, tarix olmasa, indi də, gələcək də olmaz, ona görə də tarixi, Şərq tarixini, Türk tarixini də bilməliyik ki, ən azından kimlərin kim olduğunu ayırd edə bilək istiqamətində gedərək oxuculara nələrisə çatdırmaq istədik.

Nurlan Ağa

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə