Modern.az

Kamal Abdulla beynəlxalq qurumun akademiki seçilib

Kamal Abdulla beynəlxalq qurumun akademiki seçilib

8 May 2016, 13:22


Məşhur yazıçı- publisist, dramaturq, akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü -akademiki seçilib

Modern.az-ın məlumatına görə, akademiyanın Rəyasət Heyətinin bu il  aprelin 27 -də keçirilmiş iclasında Kamal Abdullanın türk dünyası qarşısında müstəsna xidmətləri, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi -praktik fəaliyyəti nəzərə alınaraq, bu məşhur elm ocağının akademiki seçilməsi haqqında yekdilliklə qərar qəbul edilib.

Türk Dünyası Araşdırmaları Beynəlxalq  Elmlər Akademiyası  türk dünyasında və  türk toplumlarının yaşadığı ölkələrdə  türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq  məqsədi ilə  yaradılmış beynəlxalq elmi qurumdur. 

Hazırda akademiyanın  ABŞ, Fransa, İtalya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, Iraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedonya, Yunanıstan, Çin kimi  ölkələrdə rəsmi təmsilçilikləri  vardır. Türk dünyasının məşhur elm adamları, yazıçı və şairlərinin bütün dünyada tanıdılması və təbliği  Akademiyanın ən önəmli vəzifələrindəndir. 

"Unutmağa kimsə yox", " Qəribədi, deyilmi?!", "Kədərli seçmələr" , bir çox xarici dillərə, o cümlədən Türkiyə türkcəsinə  tərcümə edilmiş "Yarımçıq əlyazma", "Tarixsiz gündəlk", "Sehrbazlar dərəsi", "Labirint" və s. əsərləri ilə dünya şöhrəti qazanmış Kamal Abdulla yaradıcılığı qardaş Türkiyədə  maraqla izlənilir, onun "Kitabi Dədə Qorqud" eposu ilə bağlı araşdırmaları türk ədədbiyyat tarixçilər və etnoqraflarının ən çox müraciət etdikləri əsərlər sırasındadır.

Görkəmli dilçi alim, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor-doktor  Tuncer Gülənsoy Kamal  Abdullanı hələ 1986-cı ildən tanıdığını və onun yaradıcılığını maraqla izlədiyini  bildirmişdir. Onun fikrincə, türk xalqları ədəbiyyatına, dilçiliyinə özünəməxsus dəst-xətt yeni , nəfəs gətirən akademik K.Abdulla  heç nə yazmasaydı belə, "Kitabi-Dədə Qorqud" araşdırmaları ilə türk dünyası tarixində  ən fəxri yerlərdən birini tutmağı haqq edən sənətkardır. Onun bədii yaradıcılığı isə hələ də özünün konstruktiv, obyektiv tənqidçilərini araşdırmaçılarını gözləyir.  Türkiyədə də Kamal Abdulla nəsrinə, fəlsəfəsinə və yaradıcılıq dəst-xəttinə maraq gündən- günə  artmaqdadır.

Modern.az
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə