Modern.az

İqbal Ağazadə deputat olacağı anonsunu verdi

İqbal Ağazadə deputat olacağı anonsunu verdi

Təhsil

10 May 2016, 15:37

İyunun 18-də 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə növbəti seçkilər keçiriləcək.

Ümid Partiyasının sədri, sabiq deputat  İqbal Ağazadə seçkilərdə iştirak etmək üçün namizədliyini irəli sürüb.   Maraqlıdır,  İqbal Ağazadə növbəti parlament seçkilərində qalib gələcəyinə ümidlidirmi?  

İqbal Ağazadə Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, seçkilərdə mütləq seçicilərin səsini alacaq.  

“Biz seçicilərlə işləməyi bacarırıq. Seçicinin problemlərini də, seçiciyə nə deyəcəyimizi də bilirik. Ona görə də bu dəfə seçicinin səsini mütləq alacağıq.  Seçici onsuz da bizi çox yaxşı tanıyır.

O barədə problemimiz yoxdur. Problemimiz inzibati resurslardan istifadə eləyən, seçkini saxtalaşdıran tərəflərlədir ki, bu şəkildə də seçki olmur. Bu, doğru yanaşma deyil. Biz siyasi partiyayıq. Siyasi partiya olaraq da hər fürsətdə partiyamızın, ideyalarımızın, düşüncələrimizin, mesajlarımızın seçiciyə çatdırılması istiqamətində işləyirik. İndiyə qədər seçkini boykot  etməmişik”.  

Partiya sədri  “Bəs dostlarınız, yaxın çevrəniz sizi yenidən deputat görmək istəyirmi?” sualına belə cavab verib.  

“Çevrəmizdə olan dostlar müxtəlif cür yanaşa bilər. Qəbul edən də, etməyən də ola bilər. Biz siyasi partiyayıq. Qərarı da kollegial şəkildə veririk. Seçkiyə qatılmaqla bağlı tək qərar verməmişəm. Siyasi partiya qərar verib. Siyasi partiyanın qərarlarına tabe olmaq da mənim vəzifəmdir.

Səmimi olaraq etiraf edim. Ən tərəddüd edən, mənim namizədliyimlə iştirak etmək istəməyən tərəf mən idim. Amma hamı dedi ki, iştirak etməliyik. İştirak edəcəyiksə,  mütləq sədr iştirak edəcək”.  

Onun sözlərinə görə, sözlə mübarizəni davam  etdirəcəklər.  

“Bizim üçün demokratikləşmə prosesinin vacib elementlərindən biri də seçkidir ki, ondan da istifadə etməyə çalışırıq.

Bildiyiniz kimi, 2015-ci ilin noyabr seçkilərində seçicidən kifayət qədər səs almışdıq. Əlimizdə protokollar var. Protokolların nəticələrinə əsasən biz qalib gəlmişik. 9970 səs mən toplamışam, 401 səs Araz Əlizadə toplayıb.

Ona görə də bu dəfə də seçicilərin səsini mütləq alacağıq”.

Namidə BİNGÖL  

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə