...Əslində 1991-94-cü illərdə ermənilərə qarşı döyüşmüş zabit və əsgərlərin ön cəbhəyə çağırılması təklifi müxtəlif vaxtlarda zaman-zaman səsləndirilib və hər bir döyüşçü bunu gözləyirdi. Nəhayət, Müdafiə Nazirliyi bunu indi məsləhət bildi. Səhəri gün nazirlikdə ön cəbhəyə gedəcək şəxslər müəyyənləşdirildi və səfər tapşırığı verildi.
Hərbi formada olan döyüşçülərin (keçmiş yazmağa adamın dili gəlmir - R.K) üzlərindən sevinc yağırdı, eləsi var idi ki, lap uşaq kimi sevinirdi...Niyə də olmasın, axı onlar uzun illərdir bu çağırışı gözləyirdilər!..
Avtobusumuz “N” saylı hərbi hissəyə üz tutdu. Bizi burada hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini (“zampolit”i – R.K) I Qarabağ müharibəsindən keçmiş polkovnik Elçin Kərimov qarşıladı. Elə ilk tanışlıqdan Kərimovun necə mehriban, öz işini bilən, çox gözəl natiqlik qabiliyyəti olan, savadlı və bir peşəkar hərbiçi olduğuna şahid olduq. Azərbaycanın, Qarabağın tarixini çox gözəl bilən Kərimov səfər boyu görüşlərimizdə real vəziyyəti və bizim tapşırığımızı çox qısa, aydın şəkildə çatdırırdı.
“Eşq olsun ordumuza!”
İlk səfərimiz 2-4 apreldə işğaldan azad edilmiş yüksəkliklər olduğundan “komutan” bizi tək buraxmadı. Üzü dağa qalxmağa başladıq...Yol boyu burada necə ağır bir döyüşün olduğunu göstərən - torpağın barını yarmış mərmi izləri də bizi müşayiət edirdi. Bir ayağı olmayan, E.Əsədov qabaqda, onun ardınca isə F.Məmmədovla mən gedirdim. Bu da son post! Buradan düşmən mövqeləri açıq- aydın görünür. Ancaq buranı görəndə anlamaq olar ki, ordumuz necə vacib bir strateji yüksəkliyi azad edib. Özü də bir təpə yox ha, bir neçə böyük silsilə azad edilib! İçimizdə təkrarlanan – “Eşq olsun ordumuza!” alqışı dilimizə keçir...
Ön postda zabit və əsgərlərimizlə görüşürük. İlk görüşdüyüm zabit polkovnik Şükür Həmidov oldu. Son əməliyyatlarda ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Çox iradəli, prinsipial bir zabitdir Həmidov. Onunla söhbət zamanı Milli Ordumuzun əsgər və zabitlərinin şücaətlərini dinlədikcə ürəyimizdə qürur hissi daha da çoxaldı. Onlar bizi isti samovar çayına da qonaq etdilər. Əsgərlərimizin yeni qurduğu səngər və “blindaj”ları da gəzdik. Onların yatacaqları ilə tanış olduq. Düşmənlə üzbəüz bir mövqedə, özü də çox qısa zamanda yaradılmış bu şərait çox mükəmməl idi. Yəni əsgər və zabitlərimizə nə lazımdırsa, o şərait yüksək səviyyədə yaradılıb. Öz səngərdə olan zabit və əsgərlərimin psixoloji hazırlığı, ruh yüksəkliyi bizi valeh etdi.
Növbəti gün başqa bir istiqamətdə ön səngərdə zabit və əsgərlərimizlə görüşdük. Səhər saatlarında səngərlərə çatdıq. Biz ora çatanda artıq günəş öz şəfəqlərini yamyaşıl otların, təpələrin üzərinə salmışdı...Bizi ordumuzun kapitanı müşayiət edirdi. Bir neçə səngərə baş çəkib zabit və əsgərlərimizə söhbətləşirik.
“Postumuzda Mayk adlı bir itimiz var idi. Çox ayıq-sayıq it idi. Düşmənin hər hərəkətini duyurdu, hürürdü. Bir dəfə ermənilərin postuna tərəf getdi. Bir az keçmiş partlayış səsi eştidik...
Amma Mayk qayıtmadı. Sən demə, Mayk düşmən minasına düşüb. Səhərə yaxın sürünə-sürünə gəlib bizim posta çıxdı...Mina qabaq ayağını tamamilə, arxa ayağını isə qismən qoparmışdı...təəssüf ki, yaşaya bilmədi, öldü...”
Baş Qazimiz əsgər və zabitlərə kabab çəkdi...
Əsgərlərimizlə birgə çay içdik, düşmənin mövqeyini birgə müşahidə etdik. Nahar vaxtı çatırdı...Bu məqamda qeyd edim ki, ön səngərdə əsgərlərimizə çox yüksək keyfiyyətli ərzaqlardan hazırlanmış xörəklər bişirilir. Ən çətin postda da isti xörək çatdırılır. Zabitlərdən onu da öyrəndik ki, hərdən burada, əlbəttə bir qədər arxada, kabab da çəkirlər. Ədalətin olduğu qrup da bizim posta gəlirdi. Etimadın xahişi ilə Ədalət gələndə qəsəbədən quzu əti və digər ərzaqlar da gətirdi. Düzdür, bu müəyyən qaydaların pozulmasıdır, amma yəqin ki, biz keçmiş döyüşçülərə bu günahı bağışlayarlar. Etimad əsgərlərimizə özəl bir nahar hazırladı – quzu və toyuq kababı. Ən yaxşı tikələri də əsgər və zabitlərimizə verdi. Postda olan uşaqları da unutmadı. Onlara da isti kabab apardı...
Axşam korpus komandiri, “Lələtəpə” qəhrəmanı, general mayor Mais Bədirxanovla da görüşdük. O, bizə döyüş əməliyyatlarının çox maraqlı məqamlarını, döyüşün taleyini həll edən anlarından söz açdı. Əsgər və zabitlərimizin qəhrəmanlığından ağız dolusu danışırdı...O, böyük səbrlə, təmkinlə döyüşçülərin tez-tez ona ünvanladığı suallara cavab verirdi.
General bildirdi ki, onlar torpaqlarımızı azad etməyə hər an hazırdırlar. “Yetər ki, Ali Baş Komandan əmr versin! İşğal altındakı bütün torpaqlarımızı, qısa zamanda azad edəcəyik”!
Xanım aşpazlarımız hətta düşmənin mərmi atəşi altında da çalışırlar...
E.Kərimov 2-4 aprel döyüşlərində düşmənin top, minaatanlarının atəşi altında işləyən qadın aşbazların fədakarlığını da unutmadıqlarını dedi: “Bilirsiniz ki, ordumuzda xörəkləri qadınlar hazırlayır. Həmin ağır günlərdə ön cəbhənin arxasında onlar iş başında idilər. Düşmənin mərmiləri düz onların olduğu yerin ətrafına düşürdü. İstədik onları ərazidən uzaqlaşdıraq, amma onlar razı olmadılar. Sonadək atəş altında öz işlərini davam etdirdilər, zabit və əsgərlərimiz üçün xörək hazırladırlar. Həmin günlər hamı ordumuzla birlikdə idi”.
Qeyd edək ki, ordumuz hazırda dünyanın ən müasir silahları ilə təchiz edilib. Biz bütün bunların şahidi olduq. Böyük ruh yüksəkliyinə malik əsgər və zabitlərimizin gücü və peşəkarlığı sayəsində bu silahlarla bütün Qarabağı azad etmək olar. Və biz yaxın zamanda bunun şahidi olacağıq, inşallah!
Daha sonra Xocavənd rayonunun Qaradağlı soyqırımı qurbanlarının şərəfinə ucaldılmış abidəni ziyarət etdik. Abidənin üzərində yazılmış:
Xalq vahid olsun.
Mücahid olsun.
Azad deyilsə.
Qoy şəhid olsun!
misraları ilk öncə Etimad Əsədovun diqqətini çəkdi. Günün sonunda Xocavənd rayon icra başçısı, keçmiş döyüşçü Eyvaz Hüseynov generallarımızın - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin korpus komandirlərinin, keçmiş döyüşçülərin şərəfinə ziyafət verdi. Belə bir səfəri təşkil etdiklərinə görə, qrup adından Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və polkovnik Xətai Baxışova minnətdarlığımızı bildiririk.
Səfərdə ölkə.az saytının əməkdaşı Səxavət Məmmədov da iştirak edirdi.
P.S.Bütün görüşlərdə zabit və əsgərlər Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlını da belə səfərlərdə görmək istədiklərini dedilər. Qeyd edək ki, Ş.Əlizamanlı da səfərə gedəcək nümayəndə heyətində var idi, amma onun əvvəlcədən planlaşdırılan başqa tədbirlərdə iştirakı bizimlə bir arada olmasına mane oldu. Ümid edirik ki, növbəti səfərlərdə o da bizimlə olacaq!
Rey Kərimoğlu