Modern.az

“Azərsu" Masallıda 25 kəndin su təchizatını yaxşılaşdırır

“Azərsu" Masallıda 25 kəndin su təchizatını yaxşılaşdırır

Aktual

20 İyun 2016, 16:18

“Azərsu” ASC “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində iri şəhər və rayon mərkəzləri ilə yanaşı, içməli su çatışmazlığı müşahidə edilən kəndlərdə də layihələr həyata keçirir.

 

"Azərsu"nun İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, belə layihələrdən biri Masallı rayonunun içməli su mənbələri məhdud olan Muğanlı zonasında icra edilir.

 

Masallı rayonunun Muğanlı zonasında yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi 24 kəndi əhatə edir. Layihə çərçivəsində Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Xoşçobanlı, Mollahəsənli və Qədirli kəndlərində yaşayan 30 mindən çox sakini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək nəzərdə tutulub.

 

Həmin kəndləri içməli su ilə təmin etmək üçün daha məhsuldar və etibarlı mənbədən istifadə olunması qərara alınmış və su mənbəyi Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğu seçilib.

 

Qeyd edək ki, “Masallı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” çərçivəsində inşa edilən qurğunun tikintisi yekunlaşmaq üzrədir.

 

Kəndləri içməli su ilə təmin etmək üçün su mənbəyindən müxtəlif diametrli borularla  20 km-ə yaxın magistral xətti inşa edilmişdir.  Eyni zamanda 5 kəndi - Şərəfə, Sığıncaq, Məmmədxanlı, Kürdəbazlı və  Bala Təklə  kəndlərini içməli təmin etmək məqsədilə həmin kəndlərdə ümumi uzunluğu 4,5 km su xətləri çəkilib. Hazırda bu sahədə işlər yekunlaşmaq ərəfəsindədir və yaxın vaxtlarda həmin kəndlərə içməli suyun verilməsi təmin olunacaq. Növbəti mərhələdə isə Muğanlı zonasının digər kəndlərində də işlərə başlanılacaq.

 

Qeyd edək ki,  Muğanlı zonasında yerləşən yaşayış məntəqələrində içməli su təchizatı sistemləri mövcud deyil və sakinlər tələbatını fərdi qaydada ödəyirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir