Modern.az

Pənah Hüseyn: “20 yanvar gecəsi evdə gizlənmiş bəzi xainlər və qorxaqlar Moskvanı gözləyirdilər”

Pənah Hüseyn: “20 yanvar gecəsi evdə gizlənmiş bəzi xainlər və qorxaqlar Moskvanı gözləyirdilər”

Müsahibə

19 Yanvar 2011, 18:58

"SSRİ prokrorluğu bu hadisəni Azərbaycan xalqının və onun nümayəndələrinin üstünə qoymağa çalışırdı"


Keçmiş millət vəkli Pənah Hüseyn 20 yanvar faciəsi ilə bağlı cinayət barədə Modern.az-a müsahibə verib. Pənah Hüseyn 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub. Həmin gecə Sovet ordusunun qanlı cinayətini ittiham edən bəyənatın müəllifidir. Onun təklifi ilə Azərbaycan SSR Ali Soveti Azərbaycanın SSRİ-dən çıxması ilə bağlı qəbul etdiyi bəyanat şok effekti doğurmuşdu….

- 20 yanvarla bağlı açılan bütün məsələlər ortadadırmı, yoxsa hansısa qaranlıq məqamlar durur?

- 20 yanvar hadisələrinin hansı şəraitdə törədildiyi və kimlər tərəfindən təşkil olunduğu məncə sübut olunmuş, dəlillərə söykənən bir məsələdir. Bu, keçmiş SSRİ rəhbərliyinin imperiyanın dağılmasının qarşısını alınması üçün Azərbaycan xalqına qarşı bir cinayəti idi. Bu da müvafiq sənədlər və dəlillərlə sübut olunub.

O ki qaldı konkret olaraq bu məsələdə məsuliyyətə, Azərbaycanda o dövrdə vəzifədə oturmuş şəxslərin konkret məsuliyyəti məsələsi var. Onlar barədə hüquqi tədbirlərin görülməsi bir sıra səbəblərdən baş tutmayıb. 20 yanvar hadisəsi müstəqillik üçün millətin öz iradəsini ortaya qoyması baxımından Azərbaycan tarixinin və milli azadlıq mübarizəsinin çox böyük şərəfli hadisəsi idi. Digər tərəfdən isə bu, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bir cinayəti idi və hadisəyə bu baxımından bütöv yanaşılmalıdır. Bütünlükdə isə Azərbaycan xalqı o dövrdə müstəqil olmağı, öz torpaqlarının ərazi bütövlüyünü qorumaq iradəsini və əzmini bütün dünyaya nümayiş etdirdi.

- 20 yanvar barədə qaldırılan cinayət işinə SSRİ Prokrorluğu tərəfindən xitam verilsə də,  1992-ci ildə, AXC hakimiyyəti dövründə bu cinayət işi bizim prokrorluq tərəfindən təzədən bərpa olundu. Bu barədə nə deyə bilərsiniz?

- SSRİ Prokrorluğu bu hadisəni Azərbaycan xalqının və onun nümayəndələrinin üstünə qoymağa çalışırdı. Bu hadisə ilə bağlı xeyli insan da həbs olunmuşdu.  Həbs olunanlar barədə məhkəmə işləri SSRİ hüquq-mühafizə orqanları tərəfindən aparılırdı. O zaman Azərbaycan SSRİ Ali Sovetinin 20 yanvar tarixli müvafiq qərarları var idi və orada bu məslələrin təhlil, tədqiq olunması tələb edilirdi. Qərarda bu işin SSRİ rəhbərliyinə daxil olan şəxslər tərəfindən həyata keçirilməsi məsələsinin araşdırılması tələb olunmuşdu. O cümlədən 20 yanvar hadisələrinin tədqiq olunması üçün ictimai komisiyya yaradılmışdı və bu komisiyada xeyli sənədlər toplanılmışdı.  Sonradan da bir neçə dəfə məsələ ətrafında Ali Sovetin, daha sonra Milli Şuranın, Milli Məclisin qərarları olmuşdu. AXC hakimiyyəti dövründə Respublika Prokrorluğu bu məsələnin əvvəlki dövrlərdə tədqiq olunmayan, Azərbaycan xalqına qarşı cinayət törədilməsi faktı üzrə tədqiqatını aparmağa başladı və bu məqsədlə işə istintaq hərəkətləri  daxil olmaqla yeni mühüm sənədlər əlavə edildi. Bu cinayətlə bağlı əsas sənədlərin SSRİ dövlət təhlükəsizlik orqanları tərəfindən aparıldığı və Moskvada olduğu aşkara çıxdı., Prokrorluq dəfələrlə bu sənədlərin Azərbaycana qaytarılması üçün müraciət etdi, o dövrdə Moskvada gizlənən, yaşayan şəxslər barəsində istintaq hərəkətının aparılması barədə müvafiq dövlətlərarası yazışmalar aparıldı. Bir sıra məslələrin aşkarlanması istiqamətində də addımlar atılmışdı. Məsələn, 19-20 yanvar gecəsi televiziyanın enerji blokunun kimlər tərəfindən partladılması və konkret icraçıları aşkar olunmuşdu.

Bundan başqa, Mixail Qorbaçov başda olmaqla bir sıra siyasi rəhbərlər barədə qərarlar da verilmişdi. Düzdür, onların istintaqa cəlb olunması ilə bağlı konkret hərəkətlər etmək mümkün olmadı, amma qərarlar verilmişdi. Həmin sənədə Mixail Qorboçovla yanaşı, Bakıda olan, qərarların qəbul edilməsində iştirak etmiş SOV.İKP-nin rəhbər şəxsləri olan Mixaylov, Primakov, Girenkonun, SSRİ müdafiə naziri Yazovun, DTK rəhbərliyinin adları daxil edilmişdi.

Onların bir çoxu xarici ölkənin, yəni Rusiyanın vətəndaşı olduğuna görə istintaq hərəkətləri aparılmadı və 1993-cü ilin iyun qiyamından sonra bu şəxslərin bir çoxu haqqında prokurorların qəbul etdiyi qərarların icrası dayandırldı.

1994-cü ildə Milli Məclisdə yanvar hadisələri ilə bağlı məsələ müzakirə edilərkən hətta bəzilərinin adı siyasi baxımdan qərardan çıxarıldı. Bu artıq siyasi proseslərin nəticəsi idi. İndi üstündən əlbəttə xeyli müddət keçib. Amma bir daha yuxarıda qeyd etdiyim kimi məsələnin  ümumi siyası və hüquqi mahiyyəti haqqında hər şey ortadadır. Məncə detallar, konkret şəxslərin məsuliyyəti barədə əhəmiyyətli işlər görülüb. Amma tarix hər şeyi öz yerinə qoymur. Bilirsiniz ki, SSRİ orqanlarının Azərbaycan xalqına qarşı apardığı bu cinayətkar əməliyyatda, kütləvi qırğında Azərbaycanda o dövrdə Kommunist Partiyasının vəzifəli şəxsləri də iştirak edib. Onların bəziləri hətta indi də vəzifələrdə çalışır.

- Baş prokrorluqdan bizə verilən məlumatda deyilir ki, bu istintaq işində Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun günahı sübut olunub və onlar axtarışa verilib. Bilmək istərdik ki, Azərbaycan rəhbərliyinin bu məslədə məsuliyyəti nə dərcədədir? Onların gülləbaran barədə qərara qarşı çıxmaq səlahiyyətləri var idimi?

- Əlbəttə ki, Azərbaycanın o dövrdəki rəhbərliyi bu qanlı qırğında məsuliyyət daşıyırdı. O dövrdə bu yerli orqanlar SSRİ-dəki mərkəzi  orqanlarının tərkib hissəsi kimi fəaliyyət göstərirdi. Bu baxımdan heç şübhəsiz  rəhbərlik də bu məsuliyyətdən kənarda dura bilməzdi.

Ümumiyyətlə, sədlər səngərin hansı tərəfində olur, olsun fərdi məsuliyyətlər gündəmdədir. Bizim yanaşmamız, mövqeyimiz ondan ibarət olub ki, 1993-cü ildən sonra SSRİ hakimiyyətinin məsuliyyətindən daha az, Azərbaycanın məsuliyyətindən daha çox danışılıb. Bu şübhəsiz Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, onun müavini Artur Rasizadənin məsuliyyəti sözsüzdür. İndiki rəhbərlikdə olan bir çox şəxslər 20 yanvar hadisələrindən sonra bunu bütövlükdə Azərbaycan xalqının üzərinə qoymağa çalışırdılar. Bu da bir faktdır. O baxımdan da məsələnin obyektiv təsvir olunmasına ehtiyac var idi.

AXC dövründə istintaq işləri zamanı  Ayaz Mütəllibov haqqında da tədqiqat işi aparılıb. Əlbəttə ki, adını çəkdiyiniz şəxslərin bu məslədə heç şübhəsiz həm siyası, həm hüquqi məsuliyyəti məsələsi mövcuddur.

- Siz AXC İdarə Heyətinin üzvü olmusunuz. Bir sıra müşahidəçilərin fikrincə, Azərbaycan Xalq Cəbhəsində yanvar ayında müşahidə olunan böhran da faicəni müəyyən mənada qaçılmaz edib. Bu barədə qənaətləriniz necədir? Həmin dövrdə AXC-nin hadisələrə təsir etmək imkanı var idimi?

- “Hadisələrə təsir etmək imkanı” deyəndə siz köhnə 93-cü ildən sonra və Əulfəz Elçibəy hakimiyyəti dövründən əvvəlki versiyalardakı şablonlara istinad edirsiniz. Yuxarıda qeyd etdiyim kimi, bəziləri bu məsələni Azərbaycan xalqının üstünə atmağa və eyni zamanda Bakıda sovet silahlı qüvvələrinin qanunsuz olaraq həyata keçirdiyi təcavüzü və kütləvi qırğını həm də bir faciə kimi təqdim etməyə çalışırdılar. Yəni bu bir təcavüz yox, qorxutma aktı və faciədir. Bu məslənin o dövrdə kommunist rəhbərliyi tərəfindən və sonradan bunu AXC-yə qarşı istifadə etmək istəyən indiki hakimiyyətin ideoloqları tərəfindən bu şəkildə qoyulmasının özü şübhəsiz anti-milli məsələdir.

Əlbəttə, hər bir insanın öldürülməsi, həyatdan getməsi özü üçün, ailəsi üçün bütövlükdə cəmiyyət üçün ağır hadisədir, faicədir.  Məsələnin “faicənin qarşının alınmasında AXC-nin və yaxud digərlərinin hansı rolu olub?” şəkilndə qoyulması və bu konteksdə təqdimatı Azərbaycana qarşı, o cümlədən şəhidlər vermiş xalqa qarşı və şəhidlərin özünə hörmətsizlikdir.

O dövrdə milli azadlıq hərəkatına Azərbaycan Xalq Cəbhəsi və onun liderləri rəhbərlik edirdi.

Azərbaycan Xalq Cəbhəsi 20 yanvardan əvvəl və sonra xalqın səfərbər olunmasında, Ermənistandan gələn təcavüzə qarşı müqavimətin təşkilində, Moskvanın Azərbaycan xalqına qarşı həmin cinayətinə müqavimət göstərməsində həlledici rol oynayıb. Bu baxımdan əlbəttə onların üzərinə düşən məqamlar da var.

Amma hesab edirəm ki, bu məqamlar daha çox onların Azərbaycan xalqının haqlı və qanuni tərfələrinin iradəsinin ifadəçiləri olmaq məqamlarıdır və bu cəhətdən də bu məsəldə hər şey aydındır.

Bu hadisənin harda hazırlanması, hələ 89-cu ilin sonlarından etibarən necə planlaşdırlması və yanvarın əvvəllərində Bakıdakı ermənilərə qarşı qələmə verilən təxribatın təşkil olunmasında xüsusi xidmət orqanlarının oynadığı rol barədə təkzibolunmaz sübütlar var.

Primakovun, Mixaylovun, Girenakovun Bakıya fövqəladə vəziyyət elan olunması haqqında imzalanmış sənədlə gəlməsi bu faciə barədə artıq müəyyən qərarların verilməsini göstərir.

20 yanvardan sonra SSRİ müdaifə naziri Yazovun yanvarın 25-də verdiyi “Bakıya Xalq Cəbhəsinin strukturalrını dağıtmaq üçün gəlmişik” bəyənatı və digər faktlar məsələyə kifayət qədər aydınlıq gətirir.

Əlbəttə, mən o dövrdə Xalq Cəbhəsinə daxil olan ayrı-ayrı şəxslərin, o cümlədən özümün bu məsələlərdəki rolu və məsuliyyəti əleyhinə də deyiləm.

- 20 yanvar günü harda olmusunuz?

- Mən 19 yanvarda və 20-si gecə səhərə qədər AXC-nin qərargahında olmuşam. Dəfələrlə şəhərə çıxmışam. Təkcə mən yox, Xalq Cəbhəsinin yüzlərlə üzvləri, rəhbərliyə daxil olan şəxslər də şəhərdə mövqelərdə, səngərlərdə olublar. Mən gecə saat 12-dən sonra AXC-nin qərargahına rəhbərlik etmişəm. Məndən başqa idarə heyətinin üzvlərindən Vurğun Əyyub, Sabit Bagirov, digər şəxslər idarə heyətinin üzvləri də fəaliyyət göstəriblər.

Yanvarın 21-də də bu və digər istiqamətlər üzrə biz şəhərdə olmuşuq. Mərkəzi Komitənin qarşısındakı mitinqlərdə çıxış etmişəm. Bu silahlı müdaxilənin Azərbaycan xalqına qarşı təcavüz olunması barədə ilkin bəyanat mənim tərəfimdən tərtib olunub. Yanvarın 20-də Mərkəzi Komitənin qarşısında tankların, BTR-lərin atəşi altında idarə heyətinin adından İsa Qəmbər tərəfindən bəyan olunub.

Bundan başqa, şəhidlərin dəfn olunması prosesinə rəhbərlik etmişik. Azərbaycan SSR Ali Sovetinin sessiyasının çağırılması və məlum tarixi bəyanatın qəbul edilməsi və sənədə “Azərbaycanın SSRİ-nin tərkibindən çıxması” kimi müddəanın salınmasında  mənim də rolum olub. Daha sonra biz mübarizəni davam etdirmişik. Həbs olunanlar həbs olunub, yerdə qalanlar isə ya leqal şəkildə, ya da bir neçə aydan sonra öz fəaliyyətlərini davam etdiriblər.

- Siz həmin gecə sovet ordusunun xalqa atəş aça biləcəyinə inanırdınızmı?

- Bununla bağlı bizim məlumatımız əlbəttə ola bilməzdi. Ancaq qoşun xeyli müddət idi Bakı ətrafında yığılmışdı. Bu haqda bizə başqa məlumatlar da gəlirdi. Bəzi hərbi hissələr hərəkətə gətirilmişdi və o cümlədən silah tətbiq olunmaqla repressiya aparılması ilə bağlı fikirlər vardı. Bunu bilə-bilə xalq öz iradəsini ortaya qoymuşdu. İnsanların əli yalın silah qarşısına keçməsi şüurlu idi. Əlbəttə, bu qanlı cinayətin mütləq baş verəcəyi haqda heç kimin məlumatı yox idi. Yalnız belə ehtimal var idi… Odur ki, minlərlə insan qadın, kişi, uşaq və digərləri küçələrə çıxaraq mübarizəyə qalxmışdılar. Ola bilsin bunu o zaman bəzi xainlər, qorxaqlar arzu edirdilər. Onlar evlərində gizlənmişdilər və hətta onlar istəyirdilər ki, Moskva gəlib onları tez xilas etsin.

Qeyd edim ki, 20 yanvar gecəsi, güllə altında şəhərin küçələri şəhərə qədər boşalmadı. Bütün şəhər səhərə qədər ayaq üstündə idi, Mərkəzi Komitənin qarşısında on minlərlə insan toplanmışdı. Digər yerlərdə insanlar yaralılara kömək edirdilər. O vaxt bir güllə atan kimi Azərbaycan xalqı qaçıb dağılmadı. Bu isə cızılmış bütün planın pozulması demək idi. Azərbaycan xalqı qorxub çəkinmədi, 40 gün şəhidlərinə yas saxladı, bir ay ölkə tətilə getdi və tətilçiləri saxladı. Faktiki olaraq imperiyanın özünü qoruyub saxlamaq üçün həyata keçirdiyi bu plan Azərbaycan xalqı tərəfindən pozuldu..

- Azərbaycan rəhbərliyi ilə AXC-nin təmasları o zaman hansı səviyyədə idi?

- O dövrdə ölkədə çox gərgin vəziyyət idi. Mən şəxsən hakimiyyətlə görüşlərdə, hansısa təmaslarda iştirak etməmişəm. Amma idarə heyətinin üzvləri, AXC sədri Əbülfəz Elçibəyin istər Azərbaycan Respublikasının rəhbərliyi ilə, istərsə də o dövrdə Moskvadan gəlmiş Mixaylov, Girenko, Primakov başda olmaqla digər şəxslərlə də mütəmadi təmasları olurdu. Bunlar da açıq təmaslar idi. Bu barədə televizyalara, qəzetlərə məlumat verilirdi.

Xalq Cəbhəsi böyük güc idi. O baxımdan istər yerli rəhbərlik, istərsə də Moskvadan bu təmaslara can atırdılar.

Danışıqlarda vəziyyətin düzəlməsi üçün, təkliflər, o dövrdə Qarabağın müdafiəsi üçün addımların atılması tələbi, o cümlədən, gələn sovet qoşunların Qarabağa yönləndirilməsi məsələləri qoyulurdu. Müzakirələrin bir mövzusu da mövcud situasiyada vəziyyətin nəzarətdən çıxmaması olub.  

Həmin görüşlərdən sonra danışıqlar Xalq Cəbhəsinin idarə heyətində də müzakirə edilirdi.

Mən AXC-nin idarə heyətinin və onun sədrinin fəaliyyəti barədə məlumatlıyam. Xalq Cəbhəsi bu məsələlərin qanuna müvafiq və inkişaf eləməsi üçün çox ciddi səylər göstərirdi. Məsələn, yanvarın 12, 13, 14 –də talan və iğtişaşlarla müşayiət olunan hadisələr zamanı şəhərdə vəziyyətin nizama salınmasında AXC-nin həlledici rolu olub. Sonra da bu iğtişaşın törədilməsində xüsusi xidmət orqanlarının rolu olduğu aşkara çıxdı. Hətta o zaman Bakıdan köçürülmüş ermənilərin xarici ölkələrdə və Moskvada verdiyi bəyanatlarda qeyd olunmuşdu ki, əgər Xalq Cəbhəsinin fəallarının və qüvvələrinin səyləri olmasaydı, onların barəsində daha ağır nəticəli məsələ ola bilərdi.

Sonradan da sübut olundu ki, bu hadisə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycandakı birgə şəxslərlə apardığı bir əməliyyat olub. Hətta Azərbaycan DTK-sının, daxili işlər orqanlarının, prokurorluöun əməkdaşları belə vəzifədən kənarlaşdırılmışdı.

Bu işlərə bilavasitə mərkəzdən gəlmiş şəxslər rəhbərlik edirdi və vəziyyətin məhz qırğın istiqamətində aparılması üçün çox ciddi qüvvələr hərəkətə gəlmişdi. O baxımdan bu məslələrin bir istiqamətdə və çərçivədə saxlanılması çətin idi.

X.Səfəroğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi