Arxiv
21 Yanvar 2011, 11:41 | MÜSAHİBƏ
Əli Həsənov: “Azərbaycan müxalifətini iqtidar zəiflətməyib”

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Mediaforum” saytına müsahibə verib.

- Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan sülh danışıqları 2010-cu ildə də heç bir nəticə vermədi. Azərbaycanın 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində planları nədən ibarətdir? Bakı münaqişənin həlli ilə bağlı siyasətinə yenidən baxa bilərmi?

- İndiyədək nəticə olmamasına baxmayaraq Azərbaycan 2011-ci ildə də münaqişənin həlli istiqamətində diplomatik səylərini davam etdirəcək. Nəticənin olmamasının əsas səbəbi ermənilərin bu məsələni süni formada uzatmağa cəhd göstərmələri, qeyri-konstruktiv mövqe tutmalarıdır, əvvəllər razılaşdırılmış məsələlərə təkrar-təkrar yenidən qayıtmalarıdır və razılaşdırılmış məsələləri yenidən gündəmə gətirmələridir.
Amma bütün bunlara baxmayaraq Azərbaycan tərəfi, cənab prezident İlham Əliyev hesab edir ki, beynəlxalq təşkilatların dəstəyi ilə birbaşa və çoxtərəfli danışıqların hələ bütün potensialı tükənməyib. Ona görə də danışıqlar prosesi davam etdiriləcək. Biz beynəlxalq təşkilatlara təzyiqlərimizi bir qədər də artıracağıq. Erməni tərəfinə diplomatik təzyiqlərimizi artıracağıq ki, nəhayət, bu məsələnin həllində bir irəliləyiş olsun. Buna bütün gücümüzlə çalışacağıq.
Eyni zamanda, Azərbaycan ordu quruculuğunu, hərbi sənayenin inkişafını, ölkənin müdafiə qüdrətinin artırılması səylərini, tədbirlərini davam etdirəcək. Bu da Azərbaycanın dövlət büdcəsində özünü göstərir. 2011-ci il üzrə hərbi büdcəmiz 3 milyard dollardan artıqdır. Sülh danışıqları nəticə verməsə və diplomatik səylər baş tutmasa, Azərbaycan torpaqlarını istənilən vasitə ilə işğaldan azad etmək hüququnu özündə saxlayır və bu istiqamətdə tədbirlər həyata keçirəcək.
Ona görə də hesab etmirəm ki, Azərbaycan 2011-ci ildə Dağlıq Qarabağla bağlı yürütdüyü siyasəti dəyişəcək. Lakin qarşı tərəfə və münaqişənin həlli ilə məşğul olan beynəlxalq təşkilatlara hərtərəfli təzyiqlərimizi artıracağıq.

- Torpaqların işğaldan azad olunması üçün başqa variant dedikdə daha çox müharibə nəzərdə tutulur. Sizcə, Azərbaycan müharibəyə başlamaq məcburiyyətində qalarsa, beynəlxalq ictimaiyyətin məsələyə reaksiyası necə olacaq? Azərbaycan hansısa sanksiyalarla üzləşə bilərmi?

- Əvvəla, başqa variant yalnız müharibə deyil. Başqa variant həm də hərbi təzyiq, güc göstərməkdir. Öz torpaqlarını işğaldan azad etmək hüququ Azərbaycanda qalır. Heç kim bu hüququ Azərbaycanın əlindən ala bilməz. Amma indiki dövrdə mübahisəli məsələlərin həlli məqsədilə hərbi gücə əl atan, müharibə aparan ölkəyə o qədər də yaxşı baxmırlar. Bununla belə, heç bir ölkə Azərbaycan ərazisini daima işğal altında saxlaya bilməz.
Azərbaycanın müharibə variantına əl atmaq məcburiyyətində qalacağı halda beynəlxalq ictimaiyyətin buna reaksiyasının necə olacağına gəlincə, hesab edirəm ki, hazırda tətbiq olunmayan variantı proqnozlaşdırmağa ehtiyac yoxdur. Lazım gələndə bütün bu nüanslar nəzərə alınacaq. Amma hər hansı beynəlxalq təhdid, təzyiq, embarqo və sair hallar Azərbaycan xalqının iradəsini sındıra bilməz. İstənilən variantda Azərbaycan bütün nüansları göz önünə alacaq.

- Əli müəllim, dəfələrlə deputatlar Dağlıq Qarabağ münaqişəsinin Milli Məclisdə müzakirə olunmasını təklif ediblər. Qarşı tərəf olan Ermənistanın parlamentində son illərdə bir neçə belə müzakirə olub. Yaxın zamanlarda Milli Məclisdə, yaxud başqa formatda ictimaiyyət nümayəndələrinin iştirakı ilə münaqişənin həlli ətrafında yaranmış vəziyyət müzakirəyə çıxarıla bilərmı?

- Hələlik buna ehtiyac duyulmur. Çünki ortada real qərar yoxdur ki, onun qəbulu üçün ictimaiyyətlə, əhali ilə məsləhətləşmə aparılsın. Əgər ciddi qərar qəbul olunacaqsa, ictimaiyyətlə, əhali ilə mütləq məsləhətləşmə aparılacaq.

- Son zamanlar “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi və partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi gündəmə gətirilir. Prezident Administrasiyasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi üzərində iş gedirmi? Ümumiyyətlə, yeni qanuna ehtiyac varmı və partiyaların dövlət büdcəsindən maliyyələşməsi mümkündürmü?

- Prezident Administrasiyasında belə bir layihə hazırlanmır. Amma bununla bağlı müxtəlif təşəbbüslər var. Ayrı-ayrı siyasi partiyalar və deputatlar “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış ediblər. Neçə illərdir ki, bu məsələ müzakirə olunur. Yalnız onu deyə bilərəm ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər edilməlidir. Qanuna yenidən baxılmalı, o, Azərbaycan Konstitusiyasına, mövcud ictimai-siyasi vəziyyətə və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğunlaşdırılmalıdır.
1992-ci ildə qəbul edilən qanun yalnız siyasi fəaliyyət azadlığını deklorativ formada bəyan edən sənəddir. Amma partiyaların hüquqi-normativ fəaliyyətinin tənzimlənməsi, partiya institutunun bütün digər funksiyalarının müəyyənləşdirilməsi, dünyada mövcud olan digər praktikaların nəzərə alınması, partiyaların ictimai-siyasi institutlar kimi dövlət büdcəsindən maliyyələşdirilməsi kimi məsələlər müzakirə tələb edir.
Hesab edirəm ki, hazırda Azərbaycanda əhalinin sayına qeyri-mütənasib şəkildə siyasi partiyalaşma vəziyyəti mövcuddur. Partiyalar həddindən artıq çoxdur. 40-dan çox partiya dövlət qeydiyyatından keçib. Təxminən eyni sayda partiya yaratmaq təşəbbüsləri mövcuddur, bununla bağlı iddialar olub. Bütün bunlar onu göstərir ki, bu məsələlər geniş müzakirəyə çıxarılmalıdır. Bu müzakirələrin nəticəsi olaraq məsələyə baxılmalıdır. Əlbəttə, parlament və Azərbaycanın siyasi palitrasının nümayəndələri bu məsələ ilə bağlı ümumiləşmiş hansı qərara gəlsələr, biz onu dəstəkləyəcəyik.

- Dünya təcrübəsi necədir? Belə fikirlər var ki, dünyada yalnız parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşir. Azərbaycan da bu varianta üstünlük verəcək, yoxsa parlamentə düşməyən partiyaların da dövlət büdcəsindən maliyyələşməsini mümkün hesab edirsiniz?

- Dünyada müxtəlif təcrübələr mövcuddur. Hətta Avropa Birliyinə üzv olan 27 ölkənin bəlkə də dörd-beş fərqli modelləri var. Almaniyada bir cürdür, Böyük Britaniyada başqa variantdır. Hər halda müxtəlif modellər var. Bu modellərin hansının Azərbaycanda keçərli olması müzakirələr zamanı bəlli olacaq.

- Son günlər Azərbaycanın hüquq mühafizə orqanları bir sıra həbslər həyata keçirib. Nəticədə İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın bir sıra funksionerləri, milli hərəkatın liderlərindən olmuş Nemət Pənahlı həbs olunub. Bu həbslərin siyasi xarakterli olmasına dair iddialar mövcuddur. Həbslərdə hansısa siyasi çalar varmı?

- Hələlik bu məsələlərə məhkəmədə baxılmayıb, təhqiqat aparılmayıb və məhkəmə qərarı yoxdur. Belə bir vəziyyətdə Prezident Administrasiyası rəsmisinin məsələyə münasibət bildirməsi qeyri-normal haldır. Bu, istənilən halda prosesə təsir göstərə bilər. Amma bütövlükdə götürdükdə Azərbaycanda baş verən proseslərin əksəriyyəti qanunlar çərçivəsində aparılır və qanunla tənzimlənir. Hesab etmirəm ki, bu və ya digər aksiyalarda qanundan kənar hansısa əməllərə yol verilir.

- Azərbaycanda islamın siyasiləşməsi haqqında fikirlər mövcuddur. Ekspertlər hesab edirlər ki, dünyəvi demokratik müxalifət zəiflədiyinə görə onun yerini radikal dini qüvvələr tutur. Azərbaycanda islamın siyasiləşməsi haqqında deyilənləri bölüşürsünüzmü?

- Azərbaycanda islamı siyasiləşdirməyə cəhd göstərən qüvvələr var. Əslində onlara hələlik qüvvə demək də olmaz. Hər halda müəyyən dairələr var ki, islamı siyasiləşdirməyə, islam adı altında, islam faktorundan istifadə etməklə insanları öz ətraflarına toplayıb siyasi hakimiyyətə gəlməyə cəhd edirlər. Onlar bu kontekstdə proseslərə təsir göstərmək istəyirlər. Bütün bunlar Azərbaycan Konstitusiyasına, qanunlarına ziddir. Azərbaycanda siyasi fəaliyyət azadlığı təmin olunub, lakin islamla siyasətin sərhədi, çərçivəsi də dəqiq müəyyən edilib. Ona görə də bu sərhədi keçən insanlar qanunla və qanun müdafiəçiləri ilə üz-üzə gəlməli olurlar.
Bu məsələlərin Azərbaycanda siyasi partiyaların fəaliyyəti ilə əlaqələndirilməsinə gəlincə, mən burada ciddi əsas görmürəm. Hazırkı siyasi partiyalar nəinki islamdan, lazım olanda islamdan da o tərəfə keçib istənilən məsələdən hakimiyyətə qarşı istifadə etmək cəhdində bulunurlar. Hər halda onların indiyə qədərki fəaliyyətində sistemsizlik var. Hakimiyyətə nə pisdirsə, onlar üçün o, yaxşıdır. Hətta dövlətçiliyin əleyhinə çevrilmiş aksiyalar da antihakimiyyət xarakteri daşıyırsa, bizim müxalifət onu dəstəkləyir. Ona görə də onları hansısa ideologiyasına, fəaliyyət prinsiplərinə görə fərqləndirmək mümkün deyil.
Azərbaycan müxalifətini, xüsusən də radikal müxalifəti birləşdirən ümumi bir məsələ var: onlar hakimiyyətə gəlmək üçün istənilən vasitəni məqbul hesab edirlər. Hətta təsəvvür edin ki, dünyanın hansısa bölgəsində baş verən hadisəni dərhal Azərbaycanla analoqlaşdırmağa, Azərbaycana uyğunlaşdırmağa çalışırlar. Azərbaycanda bu gün artıq Tunis variantından danışırlar. Bundan əvvəl Ukrayna variantından danışırdılar. Ondan əvvəl isə Gürcüstan, Qırğızıstan variantından söhbət gedirdi. Bu hallar Azərbaycan müxalifətini zəiflədən əsas cəhətlərdir.
Azərbaycan müxalifətini heç vaxt iqtidar zəiflətməyib, iqtidar müxalifəti ortadan çıxartmağa cəhd göstərməyib, bundan sonra da göstərməyəcək. Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir. Biz siyasi partiyaları demokratik cəmiyyətin tərkib hissəsi, əsas institutları kimi qəbul edirik və onların fəaliyyəti üçün lazımi şərait yaradılır. Lakin partiyaların özlərinin fəaliyyətindəki sistemsizlik, prinsipsizlik sonda onları həqiqi mənada zəiflədir və insanlar onlardan üz döndərirlər. İnsanlar öz qurtuluşlarını, gələcəklərini, ictimai-siyasi fəaliyyətlərini başqa yönlü qurumlarda axtarırlar.

- İranın dini liderləri son vaxtlar Azərbaycanla bağlı bəyanatlarla çıxış edirlər. Onlar hicab məsələsinə və dindarların həbsinə görə Azərbaycanı ittiham edirlər. Bu bəyanatları necə qiymətləndirirsiniz? Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda dini qüvvələrin radikallaşmasının arxasında həm də İran dayanır. Siz də qeyd etdiniz ki, bəzi qüvvələr Azərbaycanda islamı siyasiləşdirməyə cəhd edirlər. Bu dairələr arasında İran varmı?

- Xeyr, biz bu məsələ ətrafında birbaşa olaraq İran dövlətini görmürük. Əlbəttə, İran böyük əhaliyə malik dövlətdir, müxtəlif ictimai-siyasi institutların, təşkilatların fəaliyyət göstərdiyi böyük ölkədir. Orada Azərbaycanla bağlı hər hansı çağırışlar ola, hansısa yazılar, məqalələr dərc edilə bilər. Amma biz bunların bilavasitə İran dövləti ilə bağlılığını təsdiqləmirik və buna əsasımız da yoxdur.
İran dövləti bu məsələlərlə bağlı öz bəyanatını səsləndirib. Onlar Azərbaycanın daxilində gedən proseslərə qarışmırlar və qarışmaq fikrində olmadıqlarını da bəyan ediblər. Amma müəyyən institutların, din xadimlərinin, siyasi partiyaların, ictimai təşkilatların bu məsələlərlə bağlı müxtəlif şərhləri, yanaşmaları ola bilər. Həm də bu yalnız İranda deyil. Qardaş Türkiyədə, digər ölkələrdə də müraciətlər, bəyanatlar olur. Hər halda biz bunlara fikir plüralizmi kimi baxırıq.

- Əli müəllim, müxalifət və mətbuat Tunis hadisələrinin Azərbaycanda təkrarlanması ehtimalını irəli sürür. Bu ehtimal onunla əsaslandırılır ki, Azərbaycandakı ictimai-siyasi vəziyyət Tunisdəki ilə eynidir. Sizcə, Tunisdəki proseslərin Azərbaycanda təkrarlanması üçün hər hansı zəmin varmı?

- Mən buna heç bir zəmin görmürəm. Tunislə Azərbaycan arasında heç bir oxşarlıq yoxdur. Ona görə də bəri başdan Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram. Hazırda Azərbaycan müxalifəti və onun funksionerləri tökülüb küçələrə özünü yandırmağa göysatan axtarırlar ki, bəlkə bu yolla Azərbaycanda hakimiyyətə gələ bildilər.
Bilirsiniz, demokratik cəmiyyət, demokratik dövlət quruluşu, demokratik fəaliyyət prinsipləri belə təsadüfi oxşarlıqları inkar edir və fəaliyyət belə təsadüfi faktlar üzərində qurula bilməz. Normal cəmiyyətlərdə seçki yolu ilə hakimiyyətə gəlmək bu gün qəbul olunmuş ən məqbul vasitə və yoldur. Biz Azərbaycanda yalnız demokratik seçki yolu ilə hakimiyyətə gələn qüvvələri dəstəkləyirik və onların fəaliyyətinə dəstək veririk. Başqa yollarla Azərbaycanda hakimiyyətə gəlmək ənənəsinə artıq 1995-ci ildən son qoyulub. Bu fikirdə olan insanlar artıq Azərbaycan cəmiyyətində öz arxalarında nəinki sosial dayaq, heç bir-iki nəfər də cəmləşdirə bilmirlər. Azərbaycan müxalifətinin son parlament seçkisindəki biabırçı məğlubiyyəti də onu göstərdi ki, Azərbaycanda vətəndaşlar radikalizmə birdəfəlik yox deyiblər.
Amma bununla bərabər biz öz hakimiyyətimizi, bugünkü idarəçiliyimizi ideal saymırıq. Bizim də səhvlərimiz ola bilər. Cəmiyyəti narahat edən bəzi məsələlər ətrafında fəaliyyətimiz tam dolğun olmaya bilər. Biz bunları araşdırırıq. Bunları bizə çatdıran mətbuata, müxalifət nümayəndələrinə həmişə təşəkkür etmişik və öz idarəçiliyimizin bu və ya digər neqativ proseslərini bütün vasitələrdən istifadə edərək araşdırıb aradan qaldırmağa çalışmışıq. Bax, buna deyərəm müxalifətçilik, opponentlik. Yoxsa hardasa və hansısa təsadüfi yolla nəyəsə nail olmaq, cəmiyyəti qarışdırmaq cəhdləri qəbuledilməzdir. Biz bu prosesi yaşayıb keçmişik.

- Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2010-cu ildə televiziyaların fəaliyyətini ciddi tənqid etdi. Bu tənqiddən sonra Azərbaycan televiziyalarının fəaliyyətində hansısa dəyişiklik varmı?

- Dövlət qulluqçusunun, xüsusən də Prezident Administrasiyasında işləyən məmurun vəzifəsi bilavasitə ondan ibarətdir ki, ictimaiyyəti narahat edən məsələləri araşdırsın, ümumiləşdirsin və onların aradan qaldırılması yollarını axtarsın. İctimaiyyəti qane edən, insanların mədəni, ictimai-siyasi həyatını yaxşılaşdıran sahələrin inkişafı ilə bağlı proqramları dolğun təmin etsin.
Əlbəttə, televiziyalardakı vəziyyət cəmiyyətin müəyyən qismini narahat edir, bu narazılıqlar bizim tərəfimizdən öyrənilir, ümumiləşdirilir və müvafiq tədbirlər görülür. Milli Televiziya və Radio Şurası bununla bağlı müəyyən addımlar atır. Qurum rəhbərinin son çıxışını prinsipcə dəstəkləyirik. Çünki sözün həqiqi mənasında Azərbaycan ictimaiyyətini, gəncliyini, gələcəyini bir neçə kommersiya strukturunun ixtiyarına buraxmaq olmaz. Kommersiya proqramları olmalıdır, eyni zamanda, televiziyalar vətəndaş cəmiyyətinin mühüm institutları kimi milli dəyərlərin qorunması, gənc nəslin yetişməsi, gələcəyə hazırlanması sahəsində də müəyyən məsuliyyət daşıyırlar. Əlbəttə, Ramiz müəllimin həmin məqaləsindən sonra müəyyən dəyişikliklər, irəliləyişlər var. Lakin müəyyən neqativ hallar hələ də davam edir.

- Müsavat Partiyasından son istefaları necə qiymətləndirirsiniz? Sizcə, bu istefalar nəyin nəticəsidir?

- Müsavat Partiyasının bu çətin vəziyyətindən istifadə edib onlar haqqında fikir bildirmək istəmirəm. Arzu edirəm ki, bu partiya özünü və bütövlüyünü qoruyub saxlaya bilsin.

İmdad ƏLİZADƏ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı FIDE reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?