Modern.az

Ekspertdən həyəcanlı siqnal: "Tarif Şurasının qərarı istehlak bazarına pis təsir edəcək"

Ekspertdən həyəcanlı siqnal: "Tarif Şurasının qərarı istehlak bazarına pis təsir edəcək"

1 Fevral 2011, 14:13

Vüqar Bayramov: “Bir neçə xidmət üzrə kəskin qiymət artımları əhali üçün yeni, gözlənilməz xərclər yaradır”.

Məlum olduğu kimi, Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılıb və müvafiq qərarlar qəbul edilib. Poçt xidmətləri, su və dəmiryol nəqliyyatı bahalaşdırılıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC  tərəfindən göstərilən universal poçt xidmətlərinin tariflərinə baxılaraq yeni qiymətlər müəyyənləşdirilib. Nəticədə yeni tariflər daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2 manat arasında dəyişir. “Azərsu” Səhmdar Cəmiyyətinin müraciətinə baxan Tarif Şurası sudan istifadə xidmətlərinin qiymətlərini ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tariflərini əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edib. Əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 kubmetrdən 5 kubmetrə endirilib. “
Tarif Şurası həmçinin  “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxıb. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub. Qərar qəbul edilərkən 1997-ci ildə təsdiq edilmiş mövcud ölkədaxili sərnişindaşıma tariflərinin bu xidmətlərə çəkilən xərclərdən dəfələrlə aşağı olması nəzərə alınıb.Bu arada TŞ-nın əsaslandırmasına görə, yeni tariflər qonşu dövlətlər və MDB ölkələrinin uyğun tarifləri ilə müqayisədə aşağı səviyyədədir.

Bütün dünyada rabitə tariflərinin aşağı salınması prosesi gedir

Tənzimlənən qiymətlərlə bağlı son qərarlara münasibətini bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əslində Tarif Şurasının eyni vaxtda bir neçe xidmət üzrə qiymətləri kəskin artırmasi iqtisadi baxımdan arzuolunan deyil. V.Bayramov bildirir ki, bu həmin xidmətlərlə  yanaşı  bütövlükdə  istehlak bazarına neqativ təsir göstərəcək. Onun fikrincə, rabitə xərclərinin artırılması üçün  iqtisadi zəmin yox idi: “Bu gün bütün dünyada rabitə tariflərinin aşağı salınması prosesi gedir, Azərbaycanda da isə əksinə qiymətlərin artırılması müşahidə  edilir. Xüsusən, daxili universal poçt xidmətlərinin 20 qəpiklə 2 manat arasında müəyyənləşdirilməsi  daha çox aztəminatlı əhaliyə mənfi təsir göstərəcək. Ölkə daxilində bu xidmətlərin qiyməti artacaq”.

“Ərazisi Azərbaycan ölçüdə olan ölkələrdə  bu qiymətə qatar bileti satılmır”

İqtisadçı deyir ki, dəmiryolunda tariflərin baxılmasına ehtiyac olsa da qiymətlərin kəskin artırılması diqqət çəkir: “Qatarlarda qiymətlər 24 manatadək yuksələcək. Bu 30 dollar dəməkdir. Ərazisi Azərbaycan ölçüdə olan ölkələrdə  bu qiymətə qatar bileti satılmır. Dəmiryolu xidməti bütün dünyada ən ucuz ximdət hesab edilir. Bu baxımdan bu sahədə kəskin artımlara getmək məqsədəuyğun deyildi”.

V.Bayramov  hesab edir ki, içməli su üzrə tariflərin artırılması ilə razılşmaq mümkündür: “Müqayisələr göstərir ki, bu xidmət üzrə qiymətlər başqa  ölkələr ilə müqayisədə aşağı idi. Bununla yanaşı   bu sahədə nəzarətin gücləndirilməsinə ehtiyac var. Təəssüf ki, içməli suda qeydiyyatsız xəttlər vasitəsi ilə istifadə halları artmaqdadır. Bu ise qiymət artımlarının bu sektora təsirini minimumlaşdırır”.

1 m3 suyun 1 manata satılması biznesin inkişafını əngəlləyəcək

Onun sözlərinə görə, suyun qiymətinin yüksəlməsi  üçün  müəyyən əsaslar olsa da, narahatçılıq  doğuran məqam məhz tariflərin kəskin yuksəlməsidir: “Əslində son artımlardan sonra Azərbaycanda içməli suyun qiyməti bölgədə  ən yüksək qiymətə çevrilib. Xüsusən, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 m3 suyun 1 manata satılması biznesin inkişafını əngəlləyəcək. Bütövlükdə bu istiqamət üzrə də qiymətlərin iqtisadi baxımdan əsaslandırılmadan, kəskin artırılması diqqəti cəlb edir”.
İqtisadçı  hesab edir ki, Tarif  Şurası  qiymətlərin artırılması ilə baglı qərar qəbul edən zaman bu artımların vətəndaşların  xərclərinə necə təsir göstərəcəyini araşdırmalı idi: “ Eyni vaxtda bir neçə xidmət üzrə kəskin qiymət artımları əhali üçün yeni, gözlənilməz xərclər yaradır”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı