Modern.az

Atasının qatilini məhkəmədə güllələyən Lənkəranskinin HƏYAT YOLU

Atasının qatilini məhkəmədə güllələyən Lənkəranskinin HƏYAT YOLU

Aktual

18 Avqust 2016, 21:03

Rövşən Lənkəranskinin (Canıyev) İstanbulda öldürülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. İstanbulun Florence Nightingale Xəstəxanasından verilən məlumata görə, Rövşən  Lənkəranski xəstəxanaya yerləşdirilərkən bədənində 20-ə yaxın güllə yarası olub. Prokurorluq əməkdaşları hadisəyə cəlb olunub və R.Lənkəranskinin güllə yaralarından öldüyünə şübhə qalmadığına görə onun nəşinin Məhkəmə Tibbi Ekspertizasına göndərilməsi zəruri sayılmayıb. Mərhumun qohumları da bu qərarla razılaşıblar. Lənkəranskinin cənazəsi Halkalı Zeynəbiyyə məscidində yuyulub Azərbaycana göndərilib. Mərhumun cənazəsini gətirən təyyarə bu saatlarda Lənkəranda yerə enəcək. Hazırda isə Moskvadan Bakıya gələ bilməyənlər sabah təziyyə məclisi təşkil edəcəklər. Moskvanın bir neçə məscidlərində mərhumun ruhuna dualar oxunacaq, xatirəsi yad ediləcək.

Bəs görəsən eyni vaxtda Türkiyə, Rusiya və Azərbaycan mətbuatının gündəminə gələn Rövşən Canıyev (Rövşən Lənkəranski) kimdir?

 

Rövşən Canıyev atasının qatilini hakimin gözü qabağında, elə məhkəmə zalındaca güllələyib

 

Azərbaycanda oğru dünayasının nə vaxtdan yaranması ilə bağlı birmənalı fikir yoxdur. Amma bu sahə işlədilən sözlərin böyük bir hissəsinin rus mənşəli olması «qanuni oğruların»Rusiyada formalaşdığını düşünməyə əsas verir. Rusiyada kriminal aləmin yaranması bir başa “Stalin” dövrüylə əlaqəlidir. Ancaq belə bir versiyada var ki, çar II Nikolayın dövründə də kriminal aləmin seçilmiş şəxsləri olub. Azərbaycanda həmin dövrlər də bu tip insanlar “qoçu” kimi tanınırdılar. Hətta Azərbaycanın məhşur filmlərində də qoçuların əsas söz sahiblərindən olduğu göstərilir. Sonralar isə Stalinin bu amildən siyasi məqsədlərlə yararlanıb. Stalin bu təşkilatın yaranmasına və o illərdə həbsxanalarda bu qanunun öz təstiqin tapmasına nəinki mani olub, əksinə rəvac verib, ondan sonra “obşak” diliylə mexanizim qurulub. Amma bu gün “Qanuni Oğru” adını almaq elə də sadə məsələ hesab olunmur. Bu adı almış şəxslər kriminal aləmdə son sözün deyənlərdi, yəni onların sözü mübahisə və müzakirə obiyekti olmur. Belə şəxslərdən biri də son günlər təkcə Azərbaycanda deyil, keçmiş sovet ölkələrində və Türkiyədə də adı daha çox çəkilən «Qanuni Oğru» Rövşən Lənkəranskidir.

Rövşən Rafiq oğlu Canıyev 1975-ci ildə il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli olan Rövşən Canıyev hal-hazırda ailəlidir. İlk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Rövşən Canıyev atasinin qatilini hakimin qabağinda elə məhkəmə zalindaca güllələyib. Belə ki, 1992-ci ildə R.Canıyevin milis əməkdaşı olan atası cinayətkar qrup üzvləri tərəfindən qətlə yetirilib. Keçirilən əməliyyat tədbirlərindən sonra bir neçə ildən sonra qatillərdən biri həbs edilib. 1996-cı ildə həmin iş üzrə keçirilən məhkəmə iclasında anası ilə birgə Rövşən də iştirak edir. Törətdiyi əməl barədə danışan müttəhim məhkəmə zalında qətlə yetirdiyi şəxsin ailəsini də məhv etməyi özünə söz verdiyini bildirir. Bu zaman Rövşən Canıyev tapançadan 4 atəş açmaqla müttəhimi öldürüb. Bu əməlinə görə Rövşən 2 il müddətinə azadlıqdan məhrum edilir. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. Həbsxanadan çıxdıqdan sonra isə həyatını kriminal aləmlə bağlayıb. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib. Rövşən Canıyev Oğru aləmində "Rövşən Lənkəranski" kimi taninir. 2002-ci ildə Rövşən Azərbaycanı tərk edir və Rusiya vətəndaşlağını alır. Elə həmin il də onun barəsində Azərbaycanda açılan cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunub. Bir ilin içərisində Rövşən Azərbaycanla yanaşı, keçmiş sovet respublikaları və Avropa da böyük nüfuza malik olur. 2003-cü ildə Lotu Mirseymur ona «Qanuni Oğru» adını verib. Sank-Peterbruqdakı azərbaycanlı qruplaşmaların lideri olan «Elçin Yevlaxski» ləqəbli Elçin Əliyevin öldürülməsi də onun adı ilə bağlıdır. 2004-cü ildə R.Canıyev bu qətldə şübhəli şəxs qismində saxlanılsa da, tezliklə azad olunur. 2004-cü ildə isə Rövşən Moskvada Kutaiski klanının liderləri ilə birlikdə «Sxotka» zamanı həbs edilib. Amma bu zaman o üzərindəki saxta posportu təqdim edib və həbs edilməkdən azad olunub.

 

Rövşən Lənkəranski 2006-cı ilin aprelindən Moskvada azərbaycanlıların biznesinə nəzarət edirdi

 

Cəmi bir ay sonra R.Canıyev ikinci dəfə həbs olunmaqdan canını qurtarıb. Həmin vaxt  «sxotka»da iştirak edib. Bu zaman OMON-çularla kriminal aləmin nümayəndələri arasında atışma olur. Rövşən Canıyev də aradan çıxa bilir. Sabirabadlı Hikmət, Lotu Mirseymur, Çingiz axundov öldürüləndən və Baxış Əliyevlə Vaqif Lənkaranskinin həbsindən sonra Moskvada 2006-cı ilin aprelindən azərbaycanlıların biznesinə nəzarət edir. 2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı o, həbs olunub. Şevçenko Rayon Məhkəməsi R. Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə R. Canıyevin qaçqın statusunu da ləğv edib. 2009-cu ilin dekabrın 3-də həbs olunan R. Canıyev dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.

2010-cu il martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham olunan R. Canıyev 2 il 10 ay 19 gün həbs cəzası alıb. İstintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, R. Canıyev məhkəmə zalından azadlığa buraxılıb. Prosesi fərqləndirən cəhət ondan idarət idi ki, məhkəmə açıq olsa da, prosesə media nümayəndələri buraxılmayıb. Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

«Qətlimi yalnız Rövşən Lənkəranski sifariş edə bilər»

 

2010-cu ilin sentyabırında əsl adı Aslan Usoyan olan "Ded Xasan"a edilən süi-qəsddən sonra yenidən Rövşən Lənkaranskinin adı hallandırıldı. Həmin hadisədə güllə yarası ilə canını qurtaran Aslan Usoyan sonradan qətlini sifariş edən şəxsin adını da açıqlayıb.  "Ded Xasan" əmin olduğunu bildirib ki, onun qətlini yalnız son vaxtlar Rusiya və Moskvada liderə çevrilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski sifariş verə bilər. Həmin vaxt Rusiya mətbuatının yazdığına görə, Rövşən Lənkaranskinin liderlik etdiyi qruplaşma Çerkizov və bir çox meyvə-tərəvəz bazarlarına nəzarət edirdi. Qruplaşmanın lideri Rövşən isə əsas cinayətkar klanların iki başçısı – "Ded Xasan" və Tariel Onianinin maraq sahələrinə daxil olaraq bütün yeni nüfuz dairələrini ələ keçirməyə başlayıb. Vaxtilə "Ded Xasan" azərbaycanlılardan ibarət qruplaşma liderinin kriminal aləmdən çıxarılması əmrini verdikdə isə bir zamanlar Usoyandan incik düşən gürcü “oğrular”ı Cemo və Mamuka Mikeladzenin müxalif qruplaşmaları və bəzi digər “avtoritetlər” Rövşən Lənkəranskinin müdafiəsinə qalxıblar.

Rövşən Lənkəranskinin adı bu il yanvarın 16-da Rusiyada (Kremlin yaxınlığındakı “Karetnıy dvor” restoranının girişində) güllələnərək öldürülən “Ded Xasan” ləqəbli “qanuni oğru” Aslan Usoyanın qətli ilə yenidən gündəmə gəldi. Əlbəttə, Lənkaranskinin bu qətldə əlinin olub-olmadığını istintaq dəqiqləşdirə bilər. Amma “Ded Xasan”ın tərəfdarları bu ölüm işi ilə bağlı özlərinin apardıqları təhqiqata yekun vurdu və yenidən bu qətldə Rövşənin adı hallandırıldı. Qəbul olunan vahid qərara görə, Rövşən Lənkaranski “Ded Xasan”ın qətlinin günahkarı elan olundu. Bununla əlaqadar Rövşən Canıyevə və onun tərəfdarlarına ölüm hökmü çıxarıldı. Qısa müddət sonra isə Moskvada R.Lənkaranskinin sağ əli Rufo Gəncinski kimi tanınan Rüfət Nəsibov artıq öldürüldü.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin “Ded Xasan”ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə – Dubaya getdiyi bildirildi. Bundan az sonra isə R.Lənkəranskinin öldürülməsi ilə bağlı zidiyyətli məlumatlar yayıldı. “Ded Xasan”ın qətlə yetirilməsindən sonra ölməsi xəbərləri yayılan avtoritetin hazırda yaşayıb yaşamadığı isə sirr olaraq qalır.

Nəhayət, dünənki süi-qəsdin də  Rövşən Lənkəranskidən “Ded Xasan”nın qisasının alınmasına xidmət etdiyi bildirilir. Yayılan məlumatlara görə, avqustun 17-ində axşam saatlarında İstanbuldakı hotellərdən birində dəstəsinin mənsubları ilə görüş keçirib. Bundan sonra Rövşən Lənkəranski hoteldən çıxıb və “Range Rover” markalı avtomobilin arxa oturacağına əyləşib. Lənkəranskinin mühafizəçilərinin olduqları avtomobil isə onlardan arxada olub.

Kriminal avtoritetin olduğu “Range Rover” sürətlə yerindən götürülüb, arxadakı avtomobil bir qədər geri qalıb. Gözlənilmədən “Range Rover”ə hücum olunub, avtomobil gülləbaran edilib.

Bildirilir ki, atəş açanlar ən azı 3 nəfər olublar və onlar maşına irəlidən, yandan, arxadan atəş açıblar. Sürücü avtomobili saxlayıb, sonra geriyə sürərək, atəşdən yayınıb.

“Rövşən Lənkəranskini qətlə yetirənlər kürdlərdir. Onlar “Ded Xasan”ın güllələnməsinin qisasını almaq istəyirdilər. “Ded Xasan”ın öldürülməsinin təşkilatçısı isə R.Lənkəranski sayılırdı. Türkiyədəki həmin kürdlərə sui-qəsdə görə pulu isə “qanuni oğrular”ın verdikləri aydındır”, - deyə Rosbalt nəşrinə açıqlama verən mənbə bildirib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır