Modern.az

ANS Milli Qəhrəmana mükafat verəcək

ANS Milli Qəhrəmana mükafat verəcək

6 Fevral 2011, 18:06



Bu gün Milli Qəhrəmanın ad günüdür

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilən “İlin adamı” mükafatının növbəti təqdimetmə mərasimi Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ərəfəsində olacaq. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin ANSpress-ə verdiyi məlumata görə, "İlin adamı" mükafatının təqdimetmə mərasimi fevral ayının 10-da Bakıda yerləşən otellərdən birində keçiriləcək.

Milli Qəhrəman Mübariz İbrahimovun mükafatı valideynlərinə təqdim ediləcək. Mərasimdə Milli Qəhrəmanın valideynləri, yaxınları, əsgər dostları, dövlət rəsmiləri, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, “İlin adamı” mükafatı qismində diplom və pul mükafatı təqdim olunacaq.

"Çalışacağıq ki, Mübariz İbrahimovun Azərbaycan, Vətən üçün etdiyi etdiyi qəhrəmanlıq, göstərdiyi şücaət unudulmasın. Bunun üçün ANS əlindən gələni edəcək", deyə V.Mustafayev vurğulayıb.

Sabah Azərbaycan Respublikasının Milli Qəhrəmanı, “2010-cu İlin adamı” Mübariz İbrahimovun ad günüdür. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid Malik Piriyev adına Əliabad kənd orta məktəbini müvəffəqiyyətlə bitirib və 2006-cı ilin mart ayında Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Müddətli hərbi xidmətini Daxili Qoşunlarda atıcı əsgər kimi başlayan Mübariz İbrahimov 2007-ci il noyabrın 20-də yarımqrup komandiri kimi həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 2009-cu il sentyabrın 18-də öz arzusu ilə könüllü surətdə yenidən həqiqi hərbi xidmətə qəbul edilərək, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin gizir hazırlığı kursunu bitirib, motoatıcı taborun motoatıcı tağım komandirinin müavini kimi cəbhə bölgəsində hərbi borcunu şərəflə və vicdanla yerinə yetirib.

2010-cu il iyunun 18-də döyüş növbəsini yerinə yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi rəşadət və şücaət nümayiş etdirib. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Düşmənin çox sayda canlı qüvvəsini məhv edərək həlak olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun nəşi Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilib.

O, ikinci Fəxri Xiyabanda dəfn edilib.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu İlin adamı” elan edib.

"İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə isə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə isə Prezident İlham Əliyev, 2008-ci ildə Azərbaycanın görkəmli rəssamı Tahir Salahov, 2009-cu ildə isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu "İlin adamı" adına layiq görülüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür