Modern.az

VHP-li gənclər bəyanat yaydı: "Cabbar Savalanlını şərləyən polislər cəzalandırılsın"

VHP-li gənclər bəyanat yaydı: "Cabbar Savalanlını şərləyən polislər cəzalandırılsın"

7 Fevral 2011, 14:06

VHP Gənclər təşkilatı AXCP Gənclər Təşkilatının üzvü Cabbar Savalanlının həbsiylə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

«Bəlli olduğu kimi, AXCP Gənclər Təşkilatının üzvü, Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsi Cabbar Savalanlı narkotik ittihamı ilə Sumqayıt şəhər Polis idarəsi tərəfindən saxlanılmışdır.

VHP Gənclər Təşkilatı olaraq bu ittihamı böhtan adlandırır və C.Savalanlının həbsini siyasi sifariş hesab edirik. Son illərin təcrübəsi göstərir ki, hakimiyyət siyasi baxımdan fəal olan və müxalif mövqe nümayiş etdirən insanlara qarşı repressiya siyasəti yürüdür və həmin insanları cəmiyyətdən təcrid etmək üçün müxtəlif yollara əl atır. Bu yollardan biri də ictimai fəallıq göstərən şəxslərin cibindən «narkotik» tapılmasıdır. C.Savalanlının «satış məqsədi olmadan narkotik maddə gəzdirməsi» də belə bir ittihamdır. Məqsəd insan haqlarını boğmaq, siyasi fəallıq göstərən insanların səsini kəsmək, onları müxtəlif vasitələrlə cəmiyyətdən uzaqlaşdırmaqdır.

VHP Gənclər Təşkilatı olaraq bu bəyanatla tələb edirik ki, Cabbar Savalanlı dərhal azadlığa buraxılsın, onu şərləyən polis işçiləri cəzalandırılsın, aidiyyatı qurum rəhbərliyi baş vermiş bu biabırçılığa görə rəsmi şəkildə üzr istəsin!».

Cabbar Savalanlı fevralın 5-də Sumqayıtda saxlanılıb, polis deyir ki, onun üstündən 0,7 qram narkotik maddə tapılıb. Barəsində Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Bu maddəyə görə üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Yaxınları isə bu ittihamı saxta sayır və bildirirlər ki, Cabbar Savalanlının saxlanması onun siyasi fəallığı ilə bağlıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir