2010-cu il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatına vətəndaşlardan daxil olan müraciətlər əvvəlki illə müqayisədə 24,2 faiz azalıb. Hesabat dövründə vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həll edilməsi təmin olunub. İl ərzində bilavasitə Fondun sədri tərəfindən 86 vətəndaş qəbul edilərək, onların müraciətlərinə baxılıb. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirlib ki, DSMF üzrə müvafiq əmrə uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılmasını təşkil etmək, onların təklif, ərizə və şikayətlərinin araşdırılması işi daha da intensivləşdirilib.
“Belə ki, özünün fəaliyyətində şəffaflıq prinsiplərinə söykənən, cənab Prezident İlham Əliyevin dövlət qulluqçularının qarşısında həmişə insanlara qarşı diqqətli olmaq, xalqa xidmət göstərmək tapşırığını əldə rəhbər tutan DSMF bu gün vətəndaşların ən çox ünsiyyətdə olduğu dövlət qurumlarından biridir. Hazırda DSMF-də ölkə əhalisinin 1/3-i (1 milyon 800 min nəfərdən artıq fərdi şəxsi hesabı olan sığortaolunan, 1 milyon 292 min nəfərdən çox əmək pensiyaçısı) qeydiyyatdadır. Bütün bunlar nəzərə alınaraq vətəndaşların qəbulu Fondun sədri tərəfindən hər həftənin cümə günü, digər vəzifəli şəxslər tərəfindən isə həftənin iş günləri və ya bilavasitə həyata keçirilir. Daha çox pensiya məsələləri ilə bağlı olan müraciətlərlə işin yaxşılaşdırılması üçün Fondun Əmək pensiyaları şöbəsinin mütəxəssisləri tərəfindən həftənin bütün iş günləri vətəndaşların qəbulu həyata keçirilir və onları maraqlandıran sualların birbaşa cavablandırılması təmin olunur”-deyə Fonddan bildirilir.
Vətəndaşların qəbulu barədə ətraflı məlumat Fondun www.sspf.gov.az ünvanlı internet səhifəsində və qurumun aparatının yerləşdiyi inzibati binanın girişində xüsusi monitorda verilib. DSMF-dən bildirlib ki, əhalinin qəbulunun yüksək səviyyədə təşkili məqsədilə Fondun aparatının yerləşdiyi inzibati binanın girişi müasir avadanlıq və texnologiya ilə təmin olunub.
DSMF-də 2004-cü ildən etibarən müraciətlərin elektron poçt vasitəsilə qəbulu da həyata keçirilir. Elektron formada daxil olan müraciətlər prosedur qaydalar gözlənilməklə elektron poçt vasitəsilə cavablandırılır və Fondun saytının “sual-cavab” bölümünə yerləşdirilir.
Fondun əmək pensiyaları, sosial sığorta, fərdi uçot, hüquqi məsələlər üzrə mütəxəssisləri ilə birbaşa canlı bağlantının qurulması vasitəsilə vətəndaşların suallarının operativ şəkildə cavablandırılması üçün müasir tipli “Mərkəzləşdirilmiş Çağrı Sistemi” (“190” nömrəli telefon məlumat xidməti) fəaliyyətdədir.
Son illərdə həyata keşirilən kompleks tədbirlər nəticəsində DSMF-nin 70-dən yuxarı şöbəsində müasir infrastruktur yaradılıb, əhalinin qəbulunun yüksək səviyyədə təşkili, onların müraciətlərinə operativ baxılması üçün zəruri tədbirlər görülüb.
Modern.az