İsrail ayrı-ayrı ölkələrdə səfirliklərini bağlamaqda davam edir. Bu ölkə indi də Gürcüstandakı səfirliyini bağlayıb. Diplomatik korpusun əməkdaşlarının verdiyi məlumata görə, artıq bir həftədir səfirlik fəaliyyət göstərmir. İsrailin diplomatik nümayəndəliyinin bağlanma səbəbləri haqda dəqiq məlumat verilmir. Bəzi məlumatlara görə, dünyanın bir sıra ölkələrində olan israilli diplomatlar fəaliyyətlərini ev şəraitində davam etdirir. Hələlik diplomatik nümayəndəliklərin normal iş rejiminin nə vaxt bərpa ediləcəyi məlum deyil.
İsrail həmçinin Türkiyədəki səfirliyini də bağlamaq haqda qərar qəbul edib. Ötən həftənin cümə günü İsrailin Türkiyədəki səfirliyi və eləcə də İstanbuldakı konsulluğunun fəaliyyəti dayanıb.
İsrailin Azərbaycandakı səfirliyi də bağlanıb. Səfirlik bunu təkzib etsə də, Modern.az saytının araşdırması bunu bir daha təsdiqləyib. Belə ki, Xocalı soyqırımı ilə bağlı İsraildə keçiriləcək sərgidə Parlament Jurnalistləri Birliyinin nümayəndəsi təşkilatçı kimi iştirak etməli idi.
Onun adına İsraildən dəvət gəlsə də, səfirliklə əlaqə yaradıb viza almaq mümkün olmayıb.
İsrailin terrorla Mübarizə Bürosunun məlumatında qeyd olunur ki, yaxın həftələrdə israillilər üçün xüsusi olaraq təhlükəli olan 9 ölkə var: Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Fil Dişi Sahili, Mali və Mavritaniya.
Modern.az