Modern.az

“Avropa Şurasının aprel sessiyası Azərbaycan üçün əhəmiyyətli olacaq”

“Avropa Şurasının aprel sessiyası Azərbaycan üçün əhəmiyyətli olacaq”

Təhsil

21 Fevral 2011, 14:45

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidovun ssözlərinə görə, AŞPA-nın aprel sessiyası Azərbaycan üçün xeyli əhəmiyyətli olacaq: “Aprel sessiyasında Azərbaycanla bağlı xüsusi məsələ qaldırılmasa da, komitələrdə, siyasi partiyalarda müzakirələr aparılacaq. Ən əsası Altkomitənin işinin təşkilində, gələcək fəaliyyətin qurulmasında birgə müzakirə aparacağıq”.

Sessiyanın Azərbaycan üçün uğurlu olacağını deyən millət vəkili qurumun Monitorinq Komitəsində Azərbaycanla bağlı müzakirələrin hazırlandığını diqqətə çatdırıb.
“Bu yaxınlarda Azərbaycana Avropa Şurasının məruzəçiləri gəlmişdilər. Onlar bir sıra rəsmi görüşlər keçirdilər, müxtəlif görüşlərdə iştirak etdilər. Onlar öz münasibətlərini Avropa Şurasının Monitorinq Komitəsinə çatdıracaqlar. Lakin bu uzunmüddətli bir prosesdir. Yəqin yaxın zamanlarda Monitorinq Komitəsi tərəfindən müzakirələr gündəmə gətiriləcək”.

S.Seyidov daha sonra Altkomitənin fəaliyyətinin yenidən qurulmasında Azərbaycanın əhəmiyyətli rolundan danışıb.

“Biz Azərbaycan nümayəndə heyəti olaraq Altkomitənin fəaliyyətində həmişə hazırıq. Buna çox yüksək səviyyədə hazırlaşırıq. Və əminəm ki, bu komitənin fəaliyyəti Azərbaycan üçün xeyirli olacaq, Dağlıq Qarabağ probleminin həlli yolunda bizim fəaliyyətimiz öz töhfəsini verəcək”.

Millət vəkili Ermənistanın Altkomitənin işində zaman-zaman əngəllər törətdiyini  xüsusi qeyd edib.

“Ermənistan həmişə çalışıb ki, konfiliktin həll olunmasında əngəllər yaratsın. Bu məqsədlə Ermənistan tərəfi 2005-ci ildə qəbul olunmuş qətnamənin qəbul olunmamasına və Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmamasına çalışır. Onlar beynəlxalq qanunları kobud şəkildə pozaraq başqa bir ölkənin ərazisini işğal ediblər və dünya ictimaiyyətinə bu cinayətlərlə bağlı cavab vermək o qədər də asan məsələ deyil. Bundan sonra da onlar çalışacaqlar ki, hansısa əngəllər yaratsınlar. Amma, biz də kifayət qədər öz mövqeyimizi komitənin işini yüksək səviyyədə təşkil etmək üçün ortaya qoymağa hazırıq”-deyə S.Seyidov əlavə edib.

Anar Rüstəmov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar