Modern.az

Baş Prokurorluq açıqlama yaydı

Baş Prokurorluq açıqlama yaydı

21 Fevral 2011, 16:54
Baş Prokurorluğun mətbuat xidməti "Yeni Müsavat" qəzetinin 20 fevral 2011-ci il sayında "Prokurorluğun 250 işçisinə "atıblar"" sərlövhəli məqalə ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirlib ki, həmin yazıda Dövlət Proqramı çərçivəsində prokurorluq işçiləri üçün tikiləcək yaşayış binasının tikintisi ilə əlaqədar həqiqəti özündə əks etdirməyən məlumat dərc olunub.

"Həmin informasiya tərəfimizdən qəti şəkildə təkzib olunur və bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində yaşayış binalarının inşası nəzərdə tutulmuşdur"-deyə açıqlamada qeyd edilib.

Bildirilib ki, Dövlət Proqramının həmin müddəasının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov və Sadıqcan küçələrinin kəsişdiyi 2942 A saylı məhəllədə 4 bloklu, 17 mərtəbəli, 208 mənzilli yaşayış binalarının tikintisi üçün 0,59 ha torpaq sahəsi Baş Prokurorluğun daimi istifadəsinə verilib.

Həmin yaşayış binalarının kooperativ əsaslarla inşası istiqamətində zəruri tədbirlər həyata keçirilməklə prokurorluq işçilərinin əmlak pay haqlarını könüllü birləşdirmək yolu ilə "Qayğı" mənzil-tikinti kooperativi təsis edilib.

"Qeyd edilən yaşayış bunalarının eskiz layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılarkən binanın 4-cü blokunun qonşuluğunda yerləşən mövcud 9 mərtəbəli yaşayış evindəki mənzillərin insolyasiya normasının (günəş işığının mənzillərə maneəsiz daxil olması) pozulmasına səbəb olması müəyyən edilmişdir. Həmin səbəbə görə, eyni zamanda qeyd edilən 9 mərtəbəli yaşayış binasının sakinlərinin şikayətləri nəzərə alınaraq binanın tam yeni layihəsi hazırlanır. Həmin layihə hazırlanaraq müvafiq qaydada təsdiq olunduqdan sonra kooperativ tərəfindən açıq tender elan olunacaq və tenderdə qələbə qazanan şirkət tərəfindən binanın inşasına başlanılacaqdır".

Aşıqlamaya görə, prokurorluq işçiləri tərəfindən kooperativin üzvlüyündən azad olunması və ya ödənilmiş vəsaitin geri qaytarılması ilə əlaqədar Baş Prokurorluğun rəhbərliyinə, həmçinin kooperativə hər hansı bir şikayət daxil olmamayıb. Kooperativin üzvləri tərəfindən ödənilmiş pul vəsaitləri tam məbləğdə kooperativə xidmət göstərən kredit təşkilatının bank hesabındadır.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı