Modern.az

Azərbaycanlı deputatlar Türkiyədə Xocalı soyqırımından danışıblar

Azərbaycanlı deputatlar Türkiyədə Xocalı soyqırımından danışıblar

21 Fevral 2011, 15:30

Türkiyənin Yalova şəhərində Əsassız Erməni İddiaları ilə Mübarizə Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirdə Yalova şəhəri ilə bərabər, ətraf şəhərlərdən yüzlərlə insan iştirak edib.

Tədbirə Türkiyə Böyük Millət Məclisinin üzvləri, Azərbaycanın millət vəkilləri Sabir Rüstəmxanlı, Elman Məmmədov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Türkiyənin bir sıra ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatları sədrləri və nümayəndələri, KİV-nin nümayəndələri qatılıblar.

Azərbaycanın istanbuldakı baş konsulu Həsən Zeynalov, millət vəkili Sabir Rüstəmxanlı çıxışlarında Ermənistanın Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırım barədə ətraflı məlumatlar verib, bu soyqırımın dünyaya çatdırılması və tanıdılması istiqamətində Türk Dünyasının birgə fəaliyyətinin vacib olduğunu vurğulayıblar. Sabir Rüstəmxanlı deyib ki, Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyən bəzi beynəlxalq güclər öz məqsədlərinə nail ola bilməyəcəklər.

Qənirə Paşayeva çıxışında Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla, dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsinə toxunub. Millət vəkili erməni silahlılarının, erməni terror təşkilatlarının 1905-1907, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-1953-cü ildə yüz minlərlə azərbaycanlının öz ata-baba yurdlarından zorla deportasiya edilməsi, 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat verib. O deyib ki, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün türklər, Türk Dünyası birgə çalışmalı və səylər daha da artırmalıdır. Xocalı soyqırımını türklərə qarşı törədilmiş bir soyqırım olaraq bütün türk dünyasının problemi hesab edən millət vəkili deyib ki, harada yaşamasından asılı olmayaraq özünə hörməti edən heç bir türk, heç bir türk toplumu və dövləti Ermənistanla əməkdaşlıq etməməlidir.

Xocalı Soyqırımının şahidi Elman Məmmədov fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin dinc insanlara qarşı həyata keçirdiyi dəhşətli qətliamlardan danışıb. O, Ermənistanın əsir və girov götürdüyü Xocalılara dəhşətli işgəncələr verdiyini, bunun nəticəsində çoxlu sayda insanın vəfat etməsi, Ermənistan Silahlı Qüvvələrinin Xocalı şəhərini tamamilə darmadağın etməsi barədə də tədbir iştirakçılarına geniş məlumatlar verib. Elman Məmmədov vurğulayıb ki, onun kimi 1 milyon azərbaycanlı uzun illərdir o doğma ev-eşiyinə dönə, 19 ildir ki, öz yaxınlarının qəbirlərini ziyarət edə bilmir. Müasir dünyanın gözləri qarşısında Ermənistanın törətdiyi bu cinayətlərə, soyqırımlara qarşı beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin təəssüf doğurduğunu deyə millət vəkili bütün Türk Dünyasının Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması və tanıdılması istiqamətində səylərinin artmasını zəruri sayıb.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistan Silahlı Qüvvələrinin əsir və girov götürdüyü azərbaycanlı qadın və qızlara, uşaqlara və yaşlılara qarşı törətdiyi amansız işgəncələr barədə danışıb. O, bu faktların dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının, qadın təşkilatlarının da üzərinə böyük yük düşdüyünü dilə gətirib. Tənzilə Rüstəmxanlı qeyri-hökumət təşkilatları, qadın cəmiyyətlərini azərbaycanlılara qarşı törədilmiş soyqırımların dünyaya tanıdılması istiqamətində daha fəal mübarizəyə çağırıb.

Tədbirdə çıxış edən Türkiyənin ictimai-siyasi xadimləri, elm adamları, qeyri-hökumət təşkilatları rəhbərləri də Xocalı soyqırımını həyata keçirən Ermənistanı pisləyiblər. Dünyanın Ermənistanın törətdiyi bu cinayətlərə laqeyd münasibətinin hiddət doğurduğunu deyən Türkiyəli natiqlər ölkələrinin bundan sonra da Azərbaycanın yanında olacağını, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını istəyən və bu istiqamətdə Türkiyəyə təzyiqlər edən güclərin öz məqsədlərinə çata bilməyəcəklərini, Azərbaycan torpaqları işğaldan azad olmadan Ermənistanla sərhədlərin açılmasına Türk millətinin razı olmayacağını bildiriblər. Onlar Türk dünyasını Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində daha fəal mübarizəyə çağırıblar.

Tədbirdə Xocalıda törədilən soyqırımı əks etdirən foto-sərgi nümayiş olunub. Qənirə Paşayeva və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllifliyi ilə Türkiyə türkcəsində hazırlanmış “Hocalı Soykırımı: tanıkların dilinden” kitabının təqdimatı da olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir