Modern.az

Dağlıq Qarabağ münaqişəsinin həlli açarı kimdədir? (Metyu Brayza cavab verir)

Dağlıq Qarabağ münaqişəsinin həlli açarı kimdədir? (Metyu Brayza cavab verir)

Təhsil

21 Fevral 2011, 20:32


ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza diplomatik fəaliyyətə başladıqdan sonra ilk ekskluziv müsahibəsini İctimai Televiziyaya verib. Səfir müsahibə zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, ABŞ-Azərbaycan əlaqələri və bir sıra digər vacib məqamlarla bağlı fikirlərini açıqlayıb. Modern.az həmin müsahibəni təqdim edir.

- Cənab Brayza, Azərbaycanda səfir kimi fəaliyyətə başlamağınız münasibəti ilə sizi təbrik edirik. Çətin deyil ki?

- Bu suala ümumilikdə cavab vermək çətindir. Amma onu bildirmək istəyirəm ki, Azərbaycanda olmaqdan şərəf duyuram. Ümumilikdə 11-12 gündür ki, Azərbaycandayam.Amma səfir kimi səlahiyyətlərim rəsmən fevralın 17-də başlayıb. Yəni fevralın 17-də etimadnaməmi prezident İlham Əliyevə təqdim etdikdən sonra. Bu, mənim karyeram ərzində ən həyəcanverici və ən xoş təyinatdır. Bildiyiniz kimi, bir müddət Ağ Evdə çalışmışam. Bundan başqa xarici siyasət fəaliyyəti ilə məşğul olmuşam. Avropa və Avrasiya məsələləri, Aralıq dənizindən Xəzər dənizinə qədər ərazini əhatə edən böyük bir məkanda məsələlərlə məşğul olmuşam. Amma bütün bunlar arasında hazırki təyinatım ən ümidverici və xoşdur. Bununla yanaşı, onu da qeyd etməliyəm ki, böyük bir səlahiyyət daşıyıram və bu səlahiyyətləri lazımi şəkildə həyata keçirmək üçün daim ayıq-sayıq olmalıyam.

- Sizin təyinat prosedurunuz çox mürəkkəb oldu. Azərbaycana gəlməzdən əvvəl bir sıra çətinliklərlə üzləşdiniz. Demokrat senator və Amerikadakı erməni lobbisi təyinatınıza qarşı çıxırdı. Lakin prezident Barak Obama xüsusi səlahiyyətlərindən yararlanaraq Sizi Azərbaycana səfir təyin etdi. Təyinat prosesini necə səciyyələndirirsiz?

- Öncə onu qeyd etmək istəyirəm ki, bu proseslər ABŞ-da demokratiyanı əks etdirir. Bildiyiniz kimi, mənim namizədliyimə bəziləri etiraz etmişdi. Bu səlahiyyətə layiq olduğumu və bacarıqlarımı sübut etdim. Amma bununla yanaşı prezident  Barak Obama qərarını verdi. Həmin qərar ABŞ-dakı demokratik qaydalara uyğun oldu. Onu da qeyd etmək istəyirəm ki, hazırda burada olmağımdan və sizə müsahibə verməyimdən çox şərəf duyuram. Prezident Obamanın bu qətiyyəti, bu qərarı onun ABŞ-Azərbaycan əlaqələrini bütün digər məsələlərdən üstün tutmasının bariz göstəricisidir. 

- Bakıya  gəlişinizdən əvvəl qeyd etmişdiniz ki, Dağlıq Qarabağ münaqişəsi və demokratiya Azərbaycandakı fəaliyyətinizin prioritetləridir. Bunu necə izah edərdiniz? 

- Öncə onu qeyd etmək istəyirəm ki, mən ATƏT-in Minsk Qrupunun həmsədri deyiləm. Lakin bu məsələdə prioritetim ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına köməkliyimi göstərim. Bu istiqamətdə Minsk Qrupunun amerikalı həmsədri cənab Bradke və digər həmsədrlərə münaqişənin sülh yolu ilə həll olunmasında öz dəstəyimi göstərəcəm. İnanıram ki, məsələnin sülh yolu ilə həlli mümkündür. Bundan başqa onu qeyd etmək istəyirəm ki, diplomatik fəaliyyətimin ilk illərində mənə keçmiş Sovet İttifaqı ilə  ABŞ arasında sülhün yaradılması və saxlanılması tapşırığı verilmişdi. Diplomat olmağımın əsas məqsədlərindən biri bu idi. İndi də davamlı sülhün yaranması üçün əlimdən gələni edəcəyəm. Demokratiya məsələsinə gəldikdə isə, demək istəyirəm ki, demokratiya mən və ABŞ hökuməti üçün prioritetdir. Azərbaycan hökumətinin antikorrupsiya təşəbbüsü ilə çıxış etməsi çox müsbət bir haldır. Biz dostlarımızdan və mediadan bu təşəbbüsün müsbət nəticələri barədə eşidirik. Bundan başqa qeyd etmək istəyirəm ki, demokratiya sabitliyə gətirib çıxarır, sabitliyin bərqərar olmasına şərait yaradır və xalqla rəhbərlik arasında düzgün, dürüst əlaqələrin olmasına kömək edir. Demokratiya xalq tərəfindən dəstəklənir. Əlbəttə, biz anlayırıq ki, regionda əvvəllər başqa quruluş mövcud idi. Burda  tam demokratik şəraitin yaradılması qısa müddətdə mümkün deyil. Amma hökumətlə birlikdə çalışacağıq, əlimizdən gələni edəcəyik ki, bu proseslər davam etsin. Hesab edirəm ki, proseslərin davam etməsi ən mühüm məsələdir. 

- Dağlıq Qarabağ münaqişəsindən söz düşmüşkən. Siz ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrisiniz. Fikrinizi bilmək istərdik, Dağlıq Qarabağ münaqişəsinin həlli açarı kimdədir? Səfir fəaliyyəti dövründə münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün nə işlər görəcəksiniz?

- Ədalətli və möhkəm, davamlı sülhün əsas açarı Ermənistan və Azərbaycan tərəflərinin əlindədir. Onu da qeyd etmək istəyirəm ki, Minsk Qrupu və biz öz tərəfimizdən həmsədrlər  vasitəsilə yalnız tərəflərin mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına, ortaq məxrəcə gəlməsində səylərimizi və köməyimizi göstərə bilərik. Amma Minsk Qrupu tərəflər adından qərar qəbul edə bilməz. Bir daha bildirmək istəyirəm ki, öz tərəfimdən amerikalı həmsədr cənab Bradkeyə, Minsk Qrupunun digər həmsədrlərinə tərəfləri bir araya gətirərək ortaq məxrəc əldə etməkdə və ədalətli sülhə nail olunması üçün lazımi dəstəyi göstərəcəyəm. 

- Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ABŞ siyasətində ikili standartların olması barədə tənqidi fikirlər səslənir. Azərbaycan ictimaiyyətinə elə gəlir ki, münaqişənin həlli üçün ABŞ kifayət qədər səy göstərmir,məcburi köçkünlərin probleminə göz yumur. Amma eyni zamanda Ermənistan və Dağlıq Qarabağdakı separat rejimə maliyyə yardımı ayırır. Buna necə aydınlıq gətirərdiniz? 

- Hesab edirəm ki, bu tənqidlər faktlara əsaslanmır. Əlbəttə, biz bu hissləri başa düşürük. Azərbaycan xalqı kimi bu məsələyə çox həsassaslıqla yanaşırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin  sülh yolu ilə həllinə çox fəal çalışır. Ola bilsin ki,  Minsk Qrupunun həmsədri olarkən  fəallığım daha çox görünürdü. Ona görə ki, mən media ilə təmas qurmağa təşəbbüs göstərirdim. Ola bilsin ki, məndən sonrakı həmsədr və onun həmkarları bu məsələdə o qədər də fəal deyillər. Amma bu, sadəcə üslub məsələsidir. Burada mahiyyətdən söhbət getmir. Bundan başqa, Minsk Qrupunun həmsədrləri münaqişənin nizamlanması ilə bağlı çox gərgin fəaliyyət göstərirlər ki, tərəflərə ortaq razılığa gəlməkdə kömək etsinlər. Mən şəxsən özüm tənqidlərə normal yanaşıram və hesab edirəm ki, xarici siyasətin aparılmasına qarşı insanlar tənqidi fikirlər səsləndirə bilərlər. Maliyyə yardımları məsələsinə gəlincə, Konqres ABŞ-ın demokratik bir qolunu təşkil edir  və Konqres tərəfindən Birləşmiş Ştatlar Dağlıq Qarabağa yardım göstərir. Düzdür, Konqres icraedici qolla müəyyən məsləhətləşmələr aparır. Amma ABŞ konstitusiyasına əsasən, Konqres idarəetmənin müstəqil bir qoludur və öz qərarlarını müstəqil şəkildə verir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.Sülh danışıqları vasitəsi ilə Dağlıq Qarabağın yekun statusunun müəyyən olunmasında və Helsinki Yekun Aktının 3 prinsipinə əsasən ədalətli sülh yolu ilə həll istiqamətində aparılan səyləri dəstəkləyirik. Bu  üç prinsip güc tətbiq eləməmək, güc tətbiqinə təhdid etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddaratının təyinetməsi prinsipləridir.  

- Cənab səfir, Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin prioritetləri hansılardır? İki ölkə arasında enerji və təhlükəsizlik istiqamətində əməkdaşlığı necə xarakterizə edərsiz? 

- Enerji və təhlükəsizlik sahəsində əlaqələrimiz çox güclüdür. Bu əlaqələr 1994-cü ildə başlayıb. Amma 1998-ci ildən sonra daha da geniş vüsət alıb. ABŞ Azərbaycanın enerji resurslarının diversifikasiyası və enerji təhlükəsizliyinin təmin olunmasına dəstək göstərir.Burda da əsas məqsəd Azərbaycanın enerji resurslarını Avropaya və qlobal bazarlara çıxarmaqdan ibarətdir. Çünki bu, həm Azərbaycanın maraqlarına, həm də bizim Avropadakı müttəfiqlərimizin maraqlarına xidmət edir. Əgər Avropadakı müttəfiqlərimiz bundan faydalanırsa, biz də ABŞ hökuməti olaraq razı qalırıq. Yəni bu, son nəticədə Avropadakı müttəfiqlərimizin iqtisadiyyatına,həmçinin Azərbaycanın iqtisadiyyatının çiçəklənməsinə gətirib çıxarır.Təhlükəsizliklə bağlı demək istərdim ki, Azərbaycan terrorizm əleyhinə mübarizədə ABŞ-ın  güclü tərəfdaşıdır. Ötən müddət ərzində  təhlükəsizliklə bağlı Birləşmiş Ştatlara bir neçə hədə olmuşdu.  Azərbaycan  hökuməti bu məsələlərin aradan qaldırılmasında bizimlə çox yaxından əməkdaşlıq edib, bizə bu məsələlərdə   kömək göstərmişdi. Buna görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Azərbaycan bu məsələdə özünü etibarlı tərəfdaş, hətta deyərdim  müttəfiq kimi  göstərdi. Bildiyiniz kimi, Azərbaycanın sülhyaratma qüvvələri bizim qüvvələrlə birlikdə çiyin-çiyinə Əfqanıstanda və İraqda xidmət edib. Bundan başqa, məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycan hava məkanını bizim üçün açmışdı. Bunu da çox  yüksək qiymətləndiririk.Təhlükəsizlik sahəsində əməkdaşlığımız dərinləşib və genişlənib. Onu da qeyd eləmək istəyirəm ki, təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığımız Rusiyanın rahatsızlığına səbəb olmamalıdır.Yəni bu əməkdaşlıq Rusiya əleyhinə yönəlməyib. Bizim məqsədimiz Rusiyanı bölgədən uzaqlaşdırmaq deyil. Əksinə, istəyirik ki, Azərbaycan və bölgədəki digər ölkələrlə-Gürcüstan, Ermənistan,  Türkiyə ilə əməkdaşlıq edərək sabit, etibarlı münasibətlər quraq. Bütün ölkələrin maraqlarına xidmət edən nəticələr əldə edək. Təhlükəsizlikdən danışarkən  onu da əlavə etmək istəyirəm ki, bu kontekstdə ən vacib məsələni Dağlıq Qarabağ münaqişəsi təşkil edir. Biz Azərbaycanla bu istiqamətdə çox sıx əməkdaşlıq edirik. Amma hesab edirəm ki, bu sahədə görüləcək çox işlər var. 

- Siz ABŞ-ın Azərbaycanda sayca 7-ci səfirisiniz. Əlamətlərə görə, 7 uğurlu rəqəm hesab olunur. Sizə də uğurlar arzulayırıq. Diplomatitk fəaliyyətiniz dövründə “Azadlıq aktı”na 907-ci düzəlişin aradan qalxması ilə yadda qalacaqsınızmı? 

- Sizinlə burda olmağım mənim üçün uğurdur və məmnunedici bir haldır. Qeyd etmək istəyirəm ki, fevralın 16-da ad günümü də burda qeyd etdim. Bu, mənim yaddaşımda silinməz izlər buraxıb. Peşəkar karyeram ərzində ən yaddaqalan, ən xoş ad günü olub. 907-ci düzəliş məsələsinə gəlincə, bu, ABŞ hökumətinin qəraradır. Üzərimizə düşən vəzifə, məqsəd ondan ibarətdir ki, burdakı dostlarımızla və Azərbaycan hökuməti ilə birgə işləyərək güclü,konstruktiv əlaqələr quraq. Ən mühim məqsədlərimizə-ABŞ hökumətinin xarici siyasətinə uyğun məqsədlərimizə nail olunmasını təmin edək. Azərbaycan hökuməti ilə ortaq maraqlar istiqamətində fəaliyyətimizi davam etdirdikcə müsbət nəticələri, uğurlarımızı gördükdən sonra Konqresin bu istiqamətdə müvafiq addımlar atacağına inanıram. 

- Jurnalist kimi bizə maraqlıdır, ABŞ səfirliyi Azərbaycanda media işçiləri üçün hansı proqramlar həyata keçirəcək? Mədəniyyət və təhsil proqramlarınız barədə danışardınız.

- Bildiyiniz kimi, Azərbaycanlı tələbələrin ABŞ-da təhsili üzrə müxtəlif proqramlar  həyata keçirilir. Burada əsas məqsəd ondan ibarətdir ki, hər iki xalq-həm ABŞ, həm də  Azərbaycan əhalisi bir-birlərinin mədəniyyətlərini daha yaxşı anlasınlar. Amerikaya gedən gənclər bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, ABŞ-ın təhsil sistemi və ordakı ümumi mühit barədə analitik bacarıqlarını daha da inkişaf elətdirirlər. Bu, hər iki tərəf üçün faydalıdır. Media proqramlarına gəldikdə isə,ABŞ səfirliyi media ilə həmişə  sıx təmas qurmağa çalışıb. Xüsusi ilə mən səfir gəldikdən sonra media ilə, sizinlə və sizin həmkarlarınızla mümkün qədər daha tez-tez təmasda olacağıq. Çünki fikir və rəyləriniz  Azərbaycanı, sizin mədəniyyəti daha yaxşı anlamağımıza  kömək edir. Yeri gəlmişkən qadınların rolu barədə danışmaq istərdim. Bildiyiniz kimi,  qadınlar statistikaya görə, əhalinin yarısını təşkil edir. Qadınların bərabərhüquqlu olmadığı bir cəmiyyətdə demokratiyadan  danışmaq mümkün deyil. Əlimizdən gələni eləməliyik ki, qadınlar da bərabər hüquqlardan faydalana bilsinlər. Və bu, öz-özlüyündə  əməkdaşlığın bir  strateji elementini təşkil edir. Bildiyiniz kimi, Azərbaycandan kənarda yerləşən bəzi ekstremist qüvvələr qadın hüquqlarını zəiflətməyə çalışır,  onlar  dini etiqadlardan sui-istifadə   edirlər. Və bizim əsas məqsədimiz odur ki,  Azərbaycandakı mövcud ənənə və mədəniyyətə əsaslanaraq cəmiyyətdə qadınların  rolunu artıraq. Bu da özlüyündə cəmiyyətdə sülh və sabitliyin yaranmasına və gələcəkdə demokratiyanın tərəqqisinə gətirib çıxaracaq. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat