ABŞ Konqresinin Nümayəndələr Palatasında Xocalı soyqırımının 19-cu ildönümü anılıb. Azərbaycanla bağlı işçi qrupunun həmsədri konqresmen Bill Şuster, eləcə də Konqres üzvləri xanım Virciniya Foks, Stiv Koen və xanım Eddi Bernis Conson Nümayəndələr Palatasında verdikləri bəyanatlarla həmkarlarını Azərbaycanın kiçik Xocalı şəhərinin acı taleyinə biganə qalmamağa və sovet ordusunun motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən yerlə yeksan edilən şəhərin qətlə yetirilmiş azərbaycanlı sakinlərinin xatirəsini anmağa çağırıblar. (AzərTAc)
Şimali Karolina ştatının Konqresdəki nümayəndəsi xanım Virciniya Foks bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində 1992-ci ilin fevralın 25-dən 26-na geçən gecə 613 nəfər qətlə yetirilib. “Human Rights Watch”, “Memorial” və digər beynəxlaq insan haqları müşahidəçiləri bu hadisəni Dağlıq Qarabağ münaqişəsində “bu günə qədər ən böyük qırğın” adlandırıblar. Konqres üzvü xatırladıb ki, beynəxlaq icma tərəfindən dəfələrlə pislənən bu faciəni 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü 324 nömrəli yazılı bəyannamədə “ermənilər Xocalının bütün əhalisini qırmış və şəhəri tamamilə dağıtmışlar” ifadələri ilə təsvir ediblər. Virciniya Foks Konqresin spikerinə müraciətdə deyib: “Mən, həmkarlarımı mənə qoşularaq Xocalı şəhəri və həmin fəlakətli günlərdə qətlə yetirilən Xocalı sakinlərini yad etməyə və bu faciənin ildönümündə Azərbaycana dərin başsağlığı verməyə çağırıram.”
Tennesi ştatının konqresmeni Stiv Koen isə bəyanatında qeyd etmişdir ki, nə vaxtsa yeddi minlik əhalisi olan Xocalı şəhəri 1992-ci ilin 25-26 fevralında erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edilib: “Hazırda erməni işğalı altında olan şəhərə hücum nəticəsində 613 nəfər qətlə yetirilib. Bunların 106-sı qadın, 63-ü uşaq, 56 nəfər isə xüsusi qəddarlıq və işgəncə ilə öldürülənlər idi. 1.275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb, 487 nəfər, onlardan 76-sı azyaşlı olmaq şərti ilə əlilə çevrilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130- u isə ən azı bir valideyndən məhrum edilib”. Stiv Koen faciəni həmkarlarına təsvir edərkən o zaman hadisə haqda yazan ABŞ-ın “Newsweek”və “Times” jurnallarından məqalələri xatırladıb. O da, Azərbaycanın dünyanın mürəkkəb bölgəsində ABŞ-a güclü müttəfiq olduğunu deyərək, Konqres üzvlərini Xocalı şəhərində baş verən faciəni azərbaycanlılarla birlikdə anmağa çağırıb.
Azərbaycanın işğal edilmiş ərazisində baş verən faciə ilə bağlı bəyanatla çıxış edən daha bir Konqres üzvü, Texas ştatının təmsilçisi xanım Eddi Bernis Conson vurğulayıb ki, hər il bu günlərdə Azərbaycanın müsəlman, xristian və yəhudi icmaları bir araya gələrək Xocalıda erməni silahlı qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləməni pisləyir və beynəlxlaq icmanı bu qanlı faciəni unutmamağa çağırır. “Onların çağırışlarını biz eşidirik”, - deyən xanım Conson diqqətə çatdırıb ki, baş verən faciə geniş beynəlxalq media diqqəti qazansa da, o vaxtdan bəri, demək olar ki, unudulub: “Ümid edirəm, bundan sonra biz, hər il qurbanların xatirəsini dualarla ana biləcəyik.” Amerika qanunvericisi Dağlıq Qarabağ münaqişəsinin bu gün də yüz minlərlə qurbanlarının qaçqın və məcburi köçkün kimi yaşadığını bildirib: “Mən, Ruanda soyqırımının indiyədək sağalmayan qurbanları ilə görüşmüşəm, Bosniyaya gedib müharibədən sonra orada etnik təmizləmənin nəticələrini görmüşəm. Bilirəm ki, xəritədən hətta kiçik şəhərin silinməsi belə bütün bölgəyə böyük ziyan vurur. Bu gün Kəşmir və Darfurda qırğınlar baş verən, günahsız mülki vətəndaşların qurbana çevrilən bir zamanda biz, beynəlxalq icma kimi daha çox iş görməliyik”. Xanım Conson Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistanın dinc həll yolu tapacağına və burada baş verən etnik təmizləmənin bitəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Xocalıda qətlə yetirilən insanların xatirəsi qarşısında hamı bu cür addımları qətiyyətlə pisləməyə borcludur.
Konqresdə Azərbaycanla bağlı işçi qrupunun həmsədri, Pensilvaniyalı qanunverici Bill Şuster Xocalı qırğınıı bəşəriyyətə qarşı cinayət adlandıraraq hadisənin ildönümünü anan Azərbaycan xalqı ilə birlikdə olmağa çağırıb. Azərbaycanı ABŞ-ın güclü strateji müttəfiqi və dostu kimi dəyərləndirən konqresmen həmkarlarına müraciət edərək bildirib ki, millət vəkilləri kimi onlar haqqında az məlumat olan tanınmağa layiq hadisələri üzə çıxarmalıdılar. Baş verən zaman “Boston Gobe”, “Washington Post”, “New York Times” və bir sıra digər nüfuzlu Avropa və Rusiya xəbər agentlikləri tərəfindən işıqlandırılan qanlı Xocalı faciəsi, təəssüf ki, bu günlərdə çox az diqqət və maraq cəlb edir. Şuster Xocalıda baş verənləri heç vaxt unutmamağa və erməni silahlı qüvvələri tərəfindən amasızcasına qətlə yetirilən azərbaycanlıların xatirəsini anmağa çağırıb.