Modern.az-ın məlumatına görə, millət vəkili Jalə Əliyeva Xocalı soyqırımının ildönümü münasibəti ilə Türkiyə səfirliyində keçirilən tədbirdə bildirib ki, Azərbaycan informasiya müharibəsində düşmənə məğlub olub. “Əfsuslar olsun ki, biz qlobal informasiya müharibəsində uduzmuşuq. Lakin buna baxmayaraq, bütün dünya erməni vandallarının Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşilikləri qəbul etmək məcburiyyətindədir. Dünyaya demokratiya carçısı kimi özünü qələmə verənlər həqiqəti dərk etməkdə nədənsə ya kor olurlar, ya da kar. Ancaq heç kim unutmasın ki, biz türkük. Türkün gücü hər kəsə bəllidir. Biz öz torpaqlarımızı geri alacağıq”.
Tədbirdə çıxış edən millət vəkili Gülər Əhmədova da həmkarının fikirlərinə qatılaraq deyib ki, dünya ölkələri bütün həqiqətləri dərk etməlidir.
“Lakin bunun üçün biz də əlimizdən gələni etməliyik. Mən bir ana kimi istəməzdim heç vaxt müharibə olsun, amma bir siyasətçi kimi qeyd edə bilərəm ki, biz hər istənilən yolla öz torpaqlarımızı azad etməliyik. Türkün iğidliyi, şücaəti dünyada hər kəsə bəllidir”.
Anar Rüstəmov