Modern.az

Əli Əhmədov: "Cinayət cəzasız qalmamalıdır"

Əli Əhmədov: "Cinayət cəzasız qalmamalıdır"

Təhsil

23 Fevral 2011, 17:51

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə «Xocalıya ədalət» adlı tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə öncə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha  sonra soyqırım dəhşətlərindən bəhs olunan qısa metrajlı  film nümayiş olunub.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb.

YAP-nın icra katibi Əli Əhmədov bildirib ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Deputat deyib ki, belə toplantıların keçirilməsi ilk öncə Xocalı faciəsinin unudulmaması məqsədini daşıyır. «Azərbaycan xalqı, xüsusilə gənclərimiz bu soyqırımı unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin bu cinayətə görə layiqli cəzalarını almaları üçün əllərindən gələni etməlidirlər. Bu tədbirlərin keçirilməsində digər məqsəd isə ondan ibarətdir ki, Xocalı faciəsinə bəşəriyyətin diqqətini yönəldək. Dünya dövlətləri, təşkilatları Xocalı faciəsinin həqiqətlərini bilsələr ona düzgün qiymətin verilməsinə nail ola bilərik. Düşünürəm ki, bütün vətəndaşlarımız Xocalı faciəsinin bütün beynəlxalq təşkilatlar qarşısında XX əsrin ən dəhşətli faciələrindən biri kimi tanıdılmasına nail olmaq üçün səylərini daha da artıracaqlar».

 Ə. Əhmədov onu da bildirib ki, Azərbaycan gəncləri  diaspor təşkilatlarının nümayəndələri bu faciənin həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər.
«Amma bununla yanaşı, görüləsi işlər də çoxdur. İkili standartların mövcud olmasına baxmayaraq, hər birimiz mövcud imkanlardan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında bu faciə ilə bağlı həqiqətlərin tanıdılmasına nail olmalıyıq. Beynəlxalq təşkilatlara müraciətlər olunmalı. müxtəlif piketlər keçirilməli və digər mühüm vasitələrdən istifadə edilməlidir. Yalnız Xocalı faciəsinin ildönümü günlərində deyil, hər zaman bu işlər həyata keçirilməlidi».

Sonda Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat