Fevralın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsinin yekununa həsr edilmiş tədbir keçirilib. (AzərTAc).
Müsabiqə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Azərbaycan muğam sənətinin dünya mədəniyyətində özünəməxsus yeri və rolu olduğunu qeyd edən M.Mərdanov müsabiqənin əhəmiyyətini vurğulayıb.
Tanınmış mədəniyyət xadimlərinin, sənətsevərlərin iştirak etdikləri tədbirdə müsabiqənin sonuncu turunun nəticələri açıqlanıb.
Üç turdan ibarət olan və 18 yaşından 35 yaşınadək iddiaçıların iştirak etdikləri müsabiqənin nəticələrinə görə, Azərbaycan Milli Konservatoriyasının tələbələri Aytən Məhərrəmova, Ehtiram Hüseynov və Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Nişanə Baxışova müvafiq olaraq I, II və III yerləri tutublar.
Qaliblər mükafatlandırılıb və onlar mart ayında ölkəmizdə keçiriləcək II Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ qazanıblar.
|
Aytən Məhərrəmova |
|
Ehtiram Hüseynov |
|
Nişanə Baxışova |