Arxiv
24 Fevral 2011, 17:22 | MÜSAHİBƏ
Hindistan səfiri: “Azərbaycan da, Ermənistan da bizim dostumuzdur” (FOTOLAR)

Modern.az saytının suallarına Hindistanın Azərbaycandakı səfiri Debnat Şou cavablandırır.


- Cənab səfir, Azərbaycanla Hindistan arasında çoxəsrlik tarixi əlaqələr mövcuddur. Bilmək istərdik ki, bu iki dost ölkə arasında hansı fərqli cəhətlər mövcuddur?

- Mən həm Hindistan vətəndaşı kimi, həm bu ölkəmin Azərbaycandakı səfiri kimi deyə bilərəm ki, ölkələrimiz arasındakı əhalinin say tərkibi və ərazisi baxımından müəyyən fərqlər mövcuddur. Biz hindistanlılar hər zaman ətrafımızda daha böyük izdiham görməyə alışmışıq. Bizlər həm də daha çox səs-küyə öyrəşmişik. Bakı böyük, həm də izdihamlı şəhərdir. Ancaq paytaxtdan bir qədər kənara çıxanda daha az insan görürük. Başqa sözlə, insanların sayca az olduğu yerlərə o qədər də öyrəşməmişik.
Mən hər zaman bu məsələni xüsusi qeyd edirəm ki, Hindistanda mövcud olan dinlər və dini baxışlar - hansı din olmasından asılı olmayaraq- olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan deyə bilərəm ki, Azərbaycan dini nöqteyi-nəzərdən Avropaya yaxın mövqe tutur, burada dinin cəmiyyətdə rolu bizdəki qədər böyük deyil. Mənim müşahidə etdiyim iki ən böyük fərq bunlardan ibarətdir.

- Fərqli cəhətləri qeyd etdiniz, bilmək istərdik ki, ölkələrimiz arasında hansı oxşar cəhətlər var?

- Qeyd etməliyəm ki, bənzərliklər fərqliliklərdən daha çoxdur. Azərbaycanın qədim adət-ənənələri, dini, mədəniyyəti, musiqisi və eləcədə mətbəxi bizə yaxındır. Təbii ki, son dövrlərdə Avropanın Azərbaycana təsiri daha çoxdur. Azərbaycanda avropalaşma daha çox müşahidə olunur. Lakin bəzi məqamlara nəzər salsaq görərik ki, Azərbaycan Şərqə də yaxındır. Xüsusi qeyd olunmasına ehtiyac olan digər mühüm bənzərlik ailə ilə bağlıdır. Ailə Azərbaycanda Hindistanda olduğu kimi mühüm bir anlayışdır. Bundan başqa? bizim mədəniyyətimizdə də bənzərliklərimiz çoxdur. Bu da musiqi və dilimizdəki oxşarlıqıardan irəli gəlir. Ola bilər ki, məhz musiqi və dilimizdəki bənzərliklər bizim xalqlarımızın mədəniyyətini biri-birinə bu qədər maraqlı edir.

- Cənab səfir, siz ailə dəyərlərindən danışdınız, bildiyimiz kimi Avropada ailə münasibətləri Şərqdən xeyli fərqlidir. Bilmək istərdik ki, Hindistanın ailə modeli ilə Azərbaycan ailə modeli arasındakı hansı oxşar və fərqli cəhətlər mövcuddur?

- Azərbaycanda gənc bir millət, dövlət var. Mən bunu yenidən meydana gəlməkdə olan millət kimi qiymətləndirirəm. Azərbaycan daha inkişaf etmiş ölkələrdə olan modellərin ən yaxşı xüsusiyyətlərini seçmək üstünlüyünə malikdir. Məsələn, Azərbaycanın müxtəlif ölkələrin səhiyyə, hüquq və digər sahələrdəki ən yaxşı modellərini seçmək və tətbiq etmək imkanı var. Sevindirici haldır ki, Azərbaycanda ailə ənənələrinin sadiqliyi müşahidə etmək mümkündür.

- Bilmək istərdik Azərbaycanda ailənizləmi yaşayırsınız ?

- Xeyr, mən Azərbaycanda ailəmlə yaşamıram. Həyat yoldaşım Hindistanda işlədiyi üçün orada yaşayır. Oğlum isə artıq böyüyüb. O, Kanadada yaşayır və orda işləyir.

“Ailəm üçün darıxıram”

-  Azərbaycanda dostluq elədiyiniz insanlar varmı?

- Təbii ki, Azərbaycanda dostlarım var. Lakin dil problemi ilə bağlı olaraq mənin dostlarımın əksəriyyətini diplomatik korpusun və hind icmasının nümayəndələri təşkil edir. Biz tez-tez görüşür və müxtəlif tədbirlərdə birgə iştirak edirik.

- Bizim üçün maraqlıdır, ailənizin burada olmamasının sizin diplomatik fəaliyyətinizə hər hasnı təsiri olurmu?

- Təbii ki, uzaqda olan bir insan kimi mən də ailəm üçün darıxıram. Buna görə də ailəmi görmək üçün tez-tez Hindistana səfər edirəm. Biz çalışırıq ki, mütəmadi olaraq əlaqə saxlayaq. Hesab edirəm ki, hazırki qloballaşan dövrdə artıq insanları ayıran məsafələrə baxmayaraq, hər zaman əlaqə saxlaya bilmək üçün geniş imkanlar var. Ailəmlə gündəlik əlaqə saxlayıram.

- Azərbaycanlıların hansı xüsusiyyətləri sizin xoşunuza gəlir?

- Azərbaycanda ən çox diqqətimi çəkən ölkənin dinamizmidir. Burada müəyyən müddət yaşadıqdan sonra hiss edirsən ki, bu ölkədə hər zaman hərəkətdə olan bir xalq var. Əlbəttə, Azərbaycanın zəngin təbii sərvətləri onun inkişafına müsbət təsir göstərir. Lakin inkişaf etmək üçün insanların içində mütləq istək olmalıdır, onlar daim irəliləmək istəyi ilə yaşamalıdır. Mən bu istəyi Azərbaycanda gənc nəsil arasında xüsusi ilə hiss edirəm. Azərbaycanlı gənclər hal-hazırda elm və texnologiyanın ən son yenilikləri ilə yaxından tanışdırlar. Onları “Facebook”, “Twitter” və bu kimi sosial şəbəkələrdə görmək mümkündür. Dediyim kimi, Azərbaycanda xeyli dostlarım var. Dostlarımla əlaqəmi daha çox elektron şəkildə həyata keçirirəm.

“Ərəb ölkələrində keçid dövrü yaşanır”

- Ailə, məişət sahəsindəki suallarımıza diplomat kimi cavab verdiyinizdən, biz də siyasi suallara keçirik. Dünyanın hazırki siyasi mənzərəsini və eləcə də Yaxın Şərqdə baş verən hadisələri necə diymətləndirirsiniz?

- Azərbaycandan o qədər də uzaq olmayan ölkələrdəki vəziyyəti mən keçid dövrü kimi dəyərləndirirəm. Bu proseslər bir çox ölkələrdə baş verib. Məsələn, bizim ölkəmiz 60 il bundan öncə keçid dövrünü yaşayıb. Azərbaycan da öz keçid dövrünü yaşayıb. Bu, tarix boyu baş verib. Hətta diqqət yetirsək, görərik ki, keçmiş sovet ölkələrində də analoji proseslər yaşanıb. Hal-hazırda isə keçid dövrü ərəbdilli ölkələrdə yaşanmaqdadır.

“Liviyada yaşayan 18 min Hindistan vətəndaşının taleyindən narahatıq”

- Bu kimi hadisələrin başqa ölkələrdə də baş vermə ehtimalı gündəmdədir.  Cənab səfir, siz bu haqda nə düşünürsünüz?
- Mən əvvəlcə onu deyim ki, baş verən hadisələrə dəyişiklik dalğası kimi baxmağın tərəfdarı deyiləm. Hesab edirəm ki, bu düzgün fikir deyil. Ərəb ölkələrində baş verənlərlə bağlı bir mütəxəssis kimi rəy söyləyə bilmərəm. Lakin onu qeyd edə bilərəm ki, hər bir xalq öz ölkəsində hansı dəyişikliklərin baş verməsinə özü qərar verir. Mən 30 il, 50 il bundan əvvəl baş verən iğtişaşlarla indikilər arasındakı fərqi qeyd etmək istərdim. Bu fərq hazırda dünyanın daha qlobal olmasıdır. Əgər bu gün Liviyada və başqa ölkələrdə bu cür hadisələr baş verirsə, həm Azərbaycan, həm Hindistan təbii olaraq orada yaşayan vətəndaşlarının taleyini düşünür. Bu ölkələrdə çoxsaylı xarici vətəndaş yaşayır ki, onlar artıq həmin cəmiyyətə inteqrasiya olunublar. Odur ki, biz hazırda Liviyada yaşayan 18 min Hindistan vətəndaşının taleyi barədə düşünürük və əlbəttə narahat oluruq. Dünya artıq daha qloballaşdığı üçün bir ölkədə baş verən hər hansı bir hadisə digərində də əks səda doğurur.

- Doğrudanmı, bu proseslərə xarici ölkələr müdaxilə etmirlər və onlar daha çox öz vətəndaşlarına görə narahatlıqlarını bildirirlər?

- Əlbəttə, ölkələr yalnız öz vətəndaşlarına görə narahat olmurlar. Biz BMT kimi qlobal bir təşkilatın üzvü olaraq, onun xartiyalarına əsaslanaraq müxtəlif ölkələrdəki demokratik inkişaf proseslərini dəstəkləməliyik. Bu baxımdan orada yaşayan vətəndaşlarımızın vəziyyəti barədə narahat olmaqla yanaşı, həmin ölkələrin xalqlarını da düşünürük. Biz onların taleyindən xəbərdar olmalıyıq. BMT yaxın Şərqdə baş verən hadisələrlə bağlı bəyanat yayıb. Əgər söhbət konkret Hindistandan gedirsə, biz başqa ölkələrin daxili işlərini şərh etmirik. Bizdə parlament demokratiyası sistemi olduğuna görə, biz demokratik inkişafı dəstəkləyirik və qeyd edim ki, bizim təcrübəmizdən yararlanmaq istəyən bütün ölkələrə biz hər zaman açığıq. Digər ölkələrin daxili işlərini şərh etməmək o deməkdir ki, biz bu hadisələrə birbaşa müdaxilə etmirik.

- BMT-nin İranla bağlı xüsusi tələbləri, sanksiyaları var. Hindistanın bu qurumla birlikdə İrana qarşı siyasəti necədir? Siz bu məsələni necə qiymətləndirirsiz?

- Bəli, Hindistan BMT-nin bir üzvüdür. Onun mandatına daxil olan məsələlərin müzakirəsində biz yaxından iştirak edirik. Əlbəttə, BMT-də qəbul olunan qərarlardan və tətbiq edilən bütün sanksiyalardan xəbərdarıq. Biz bu qurumun qoyduğu qaydalara əməl edirik.

“Dünyanın ən büyük problemi yoxsulluqdur”

- Cənab səfir, sizcə, müasir dövrün ən böyük problemi nədir?

- Mən müasir dünyanın problemlərinə bir Hindistan vətəndaşı kimi baxıram. Mənim üçün hazırda dünyada ən böyük problem yoxsulluq problemidir. Biz 1.1 mlrd. əhalisi olan bir xalq kimi insanların üzləşdiyi problemləri görürük və düşünürəm ki, həmin çətinliklərin aradan qaldırılması üçün çalışırıq. Hindistanın üzləşdiyi çətinliklərin səbəbi 200-300 il bundan öncə baş verən hadisələr oldu.  60 il əvvəl isə Hindistanın yeni bir dövlət kimi meydana gəldi. Bizim dövlətimiz üçün yoxsulluğun azaldılması olduqca vacib məsələdir. Qeyd edim ki, 60 il bundan qabaq müstəqillik əldə etdiyimiz zaman xalqın yarıdan çoxu yoxsulluq vəziyyətində idi. Lakin bu istiqamətdə apardığımız işlər nəticəsində yoxsulluq xeyli azaldılıb. Görülən tədbirlər sayəsində bu problemi müəyyən qədər aradan qaldırmaq mümkün oldu. Lakin buna baxmayaraq, Hindistanda 300 milyona yaxın insan yoxsulluq şəraitində yaşayır.

- Ərzaq təhlükəsizliyi ilə bağlı bir çox dünya ölkələrinin çağırışları var. Nəzərə alsaq ki, Hindistanda 300 milyona yaxın insan yoxsulluq içində yaşayır, o zaman demək olar ki, bu çox ciddi problemdir.

- Ölkəmizdə artıq aclıqdan ölən insanlar yoxdur. Əvvəllər belə hallar mövcud idi, lakin hazırda düşünmürəm ki, Hindistanda kimsə aclıqdan ölsün. Biz də ərzaq təhlükəsizliyi məsələsinə böyük diqqət yetiririk. Hökümət aztəminatlı ailələr üçün xüsusi bölüşdürücü sistem yaratmışdır. Yoxsul ailələrə ərzaq paylamaqdan başqa, daşqın və digər digər təbii fəlakətlərdən əziyyət çəkən ailələrə də pulsuz olaraq ərzaq verilməsi daim hökumətin diqqətindədir.

- Cənab səfir, bilmək istərdik ki, Azərbaycanda nə qədər hindistanlı yaşayır və yaxud Hindistanda nə qədər azərbaycanlı yaşayır?

-  Əvvəlcə sualın ikinci hissəsinə cavab vermək istərdim. Azərbaycandan Hindistana insanlar müxtəlif məqsədlərlə - biznes, turizm və müxtəlif konfranslarda iştirak məqsədilə səfər edirlər. Hal-hazırda Hindistanda yaşayan azərbaycanlıların sayı olduqca azdır. Azərbaycanın Hindistandakı Səfirliyində işləyənlərlə birlikdə ölkəmizdə cəmi 20-30 azərbaycanlı yaşayır. Lakin bundan başqa Hindistanda 2-3 nəfər  təhsil alan azərbaycanlı var. Təbii ki, biz Azərbaycandan olan daha çox insanları ölkəmizdə görməyə şad olardıq. Azərbaycanda yaşayan hindistanlıların sayı isə 350-400 nəfərdən artıq deyil.

- Sizin qeyd etdiyiniz bu rəqəmlər iki ölkə arasında olan münasibətlərin o qədər də yaxşı olmamasından xəbər verir, yoxsa necə?

- Mən bu rəqəmlərə əsaslanaraq yox, ümumiyyətlə deyə bilərəm ki, bizim ölkələrimiz arasında əlaqələrin daha geniş potensialı var. Mən düşünürəm ki, bu əlaqələr daha çox inkişaf edə bilər. Amma ölkələrimizin əhali sayını müqayisə etsək, onda bu rəqəmlər normal görünər.

Mən tarixə nəzər salaraq bunu söyləyə bilərəm ki, əsrlər öncə ipək yolu vasitəsilə Azərbaycana səfər edən hindistanlıların sayı daha çox olub. Onlar burada müxtəlif karvansara və abidələr tikiblər. Mən bu qənaətdəyəm ki, bizim əcdadlarımız bu məsələdə bizdən irəlidə olublar.

- Bakıda yerləşən Suraxanı Atəşgahında bərpa işlərinin aparılması gözlənilirdi. Bununla bağlı hazırki vəziyyət nə yerdədir?

-  Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyindən bizə məktub gəlib. Atəşgah məbədinin arxeoloji baxımdan tədqiq edilməsi üçün Hindistandan mütəxəssislərin gəlməsi arzu edilir. Biz cavab məktubunda bildirmişik ki, Azərbaycandan dəvət olunduqları zaman mütəxəssislər ölkəyə səfər etməyə hazırdırlar. Odur ki, hazırda biz bu məsələ ilə bağlı müsbət cavab gözləyirik.

- Azərbaycanın Hindistandakı səfirliyi ilə əlaqələriniz varmı?

- Əlbəttə, biz cənab səfir ilə bir-birimizi yaxşı tanıyırıq. Dəfələrlə birgə tədbirlərdə iştirak etmişik. Yaxşı münasibətimiz var. Bundan başqa da bizim səfirliyin əməkdaşları Azərbaycan səfirliyinin əməkdaşları ilə mütəmadi olaraq əlaqə saxlayırlar. Bizə məlumdur ki, Azərbaycanın Hindistandakı səfiri bir vaxtlar parlament üzvü olub. Odur ki, bu əlaqələrin qurulmasında onun da tarixi rolu var.

“Azərbaycanin ərazi bütövlüyünü dəstəkləyirik”

- Cənab səfir, sizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyiniz necədir?

- Bizim ölkənin bu münaqişə ilə bağlı mövqeyi dəyişməz və şəffaf olaraq qalır. Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik. Həm Ermənistan, həm Azərbaycan bizim dostumuzdur. Ümid edirik ki, bu məsələ sülh yolu ilə həll olunacaq. Təəssüf ki, bizim üçün həssas bir mövzu olan Kəşmir məsələsində Azərbaycanda rəhbər şəxslərin Pakistanın mövqeyini dəstəklədiklərini görürük. Ermənistanın Kəşmir məsələsində Hindistanın mövqeyini dəstəkləməsinə baxmayaraq Hindistan Dağlıq Qarabağ münaqişəsi məsələsində neyrtal mövqe tutur.

- Qarabağla Kəşmir münaqişəsini biri-birinə bənzətmək nə dərəcə düzgün olardı?

- Əlbəttə, biz də bu iki münaqişə arasında bənzərliklər axtarmırıq, belə bənzərliklərin olduğunu da düşünmürük. Sadəcə bildirmək istərdim ki, Qarabağ məsələsi Azərbaycan üçün həssas olduğu qədər Kəşmir də bizim üçün həssas məsələdir. Biz bu məsələdə Azərbaycandan neytrallıq gözləyirik.

- Son zamanlar dünyada böyük bir gücün ortaya çıxması haqda rəy formalaşıb. Xüsusən də bu məsələdə Çinlə Hindistanın adı birgə çəkilir. Bununla bağlı sizin münasibətnizi bilmək istərdik.

- Bu fikirlər təbii ki, doğrudur. Qlobal ssenaridə Çin çox güclü bir dövlət kimi formalaşmaqdadır. Biz qonşu ölkə olaraq, Çinlə əməkdaşlığımızı günbəgün inkişaf etdiririk. Bizim ölkəmiz bir neçə əsr bundan əvvəl baş vermiş iqtisadi və sosial çətinliklərdən artıq canını qurtarmaqdadır. Ümid edirik ki, yaxın zamanlarda itirilmiş gücümüzü özümüzə qaytara biləcəyik. Lakin nə Çin, nə də başqa ölkə ilə müttəfiq münasibətlərimiz yoxdur.

- Azərbaycan mediasını izləyirsinizmi və mətbuatda gedən yazılardan necə, razısınızmı?

- Mən hazırda nə Azərbaycan və də Hindistan mətbuatında bir-biriləri ilə bağlı gedən məlumatlardan razıyam. Bu yazılar kifayət qədər deyil. Bu da ölkələrin bir-biri haqda kifayət qədər məlumatlı olmamasından irəli gəlir. Mənə hesab edirəm ki, həm ictimai, həm də digər sahələrdə ölkələrimiz bir-biri haqda geniş məlumat almalıdırlar. Bizim mətbuat ölkələrimiz haqda olan hər hansı bir məlumatı üçüncü tərəfdən yox, birbaşa mənbədən almalıdırlar.

- Yəqin ki, bu məsələlərdə səfirliklər də sorumludurlar.

- Mən sizinlə tamamilə razıyam. Düşünürəm ki, hər iki ölkə səfirliyi daha çox fəal olmalıdır. Bu da birbaşa məlumatın çatdırılması məsələsində özünü göstərməlidir. Bu baxımdan istər elekrton media olsun, istərsə də digər kütləvi informasiya vasitələsi məlumatları birbaşa mənbədən almalıdırlar. Sonda mən Azərbaycan parlamentinin xalqı təmsil etməsini nəzərə alaraq hər iki ölkə arasında parlamentlərarası münasibətlərin daha sıx olmasına dair arzumu dilə gətirmək istəyirəm. Diqqətinizə çatdırım ki, Hindistan tərəfindən Azərbaycan parlamentinə uzun müddətdir ki, dəvət məktubu göndərilib və biz ümid edirdik ki, Azərbaycan nümayəndə heyəti dəvətimizi qəbul edərək Hindistana təşrif buyuracaq. Bizdə olan məlumata görə, hazırda dəvət tarixləri parlament üçün münasib olub-olmaması araşdırılır. Belə bir məlumat verə bilərəm ki, artıq Hindistan parlamentində Hindistan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yardılıb və ümid edirik ki, belə qrupun mövcudluğu parlamentlərarası münasibətlərimizin inkişafına təkan verəcək.

 

 

 

 

 

 


Anar
RÜSTƏMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səttar Möhbalıyev: Şəhidlərə ehtiramımız sonsuzdur! 4 Dekabr 2020, 15:35 Milli Məclisdə büdcə müzakirələri başlayır - Üç məsələyə diqqət ayrılacaq 4 Dekabr 2020, 15:26 Qarabağda 700-ə yaxın erməni hərbçinin cəsədi TAPILIB 4 Dekabr 2020, 15:20 Rusiyanın yardımı ilə Qarabağda 8 min ev TİKİLƏCƏK 4 Dekabr 2020, 15:13 “Şəhidlərimizin qanı nahaq yerə tökülmədi” - Mehriban Əliyeva 4 Dekabr 2020, 15:00 LAÇIN-düşmən üzərində tam Qələbə! 4 Dekabr 2020, 14:55 Naftalanda Vətən müharibəsi şəhidləri yad edildi - FOTO 4 Dekabr 2020, 14:50 Nəqliyyatçılar şəhidləri yad ediblər - VİDEO 4 Dekabr 2020, 14:45 Şuşa qalasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 14:40 Gəncədə şəhidlərin xatirəsi anılıb - FOTO 4 Dekabr 2020, 14:34 Azərbaycan Ordusunda şəhidlərin xatirəsi anıldı - VİDEO 4 Dekabr 2020, 14:28 Trampın qızı prokurorluqda ifadə verdi 4 Dekabr 2020, 14:22 “Ədalət Vəliyev Prezidentin siyasi kursuna uyğun olaraq partiyalarla yüksək səviyyədə iş qura bildi” 4 Dekabr 2020, 14:16 Təhsil naziri şəhid olan müəllimlərlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 14:10 Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...” 4 Dekabr 2020, 14:04 Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? - TƏFƏRRÜAT 4 Dekabr 2020, 13:58 Azərbaycan 2 Ermənistan vətəndaşını AZAD ETDİ 4 Dekabr 2020, 13:52 Ceyhun Bayramov şəhidlərimizlə bağlı paylaşım etdi 4 Dekabr 2020, 13:46 Heydər Əliyev Fondunun dəstəyi ilə Əbədi zirvə” musiqi kompozisiyası hazırlandı - VİDEO 4 Dekabr 2020, 13:40 Rusiya-Ukrayna sərhədində atışma: 1 ölü, 2 yaralı 4 Dekabr 2020, 13:34 “Bu gün Kəlbəcərdəki Alban kilsəsində şəhidlər üçün dualar oxunur” - QMİ sədri 4 Dekabr 2020, 13:28 Bizim Əsgər - Tək övladını döyüşə göndərən ANA: “Özümü hər cür xəbərə hazırlamışdım” - MÜSAHİBƏ 4 Dekabr 2020, 13:22 “İlham Əliyev tarixə Fateh kimi daxil oldu” - Şeyxülislam 4 Dekabr 2020, 13:16 Ermənistan əhalisinin 45%-i Paşinyanın istefasını tələb edir – SORĞU 4 Dekabr 2020, 13:10 Şənbə günü hava necə olacaq? 4 Dekabr 2020, 13:05 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə enəcək 4 Dekabr 2020, 13:00 Sahibə Qafarova anım günü ilə bağlı paylaşım etdi 4 Dekabr 2020, 12:55 Şəhidlərin ruhuna vəhdət namazı qılındı - FOTO 4 Dekabr 2020, 12:50 Hansı universitet imtahanlarda tələbələrə güzəşt edəcək... 4 Dekabr 2020, 12:44 Dünyanın ən varlı ermənisi Paşinyanı istefaya SƏSLƏDİ 4 Dekabr 2020, 12:38 Şəhid xanəndənin ailəsi üçün ev tikiləcək - VİDEO 4 Dekabr 2020, 12:32 Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anıldı - FOTO 4 Dekabr 2020, 12:26 AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı 4 Dekabr 2020, 12:20 Hikmət Hacıyevdən şəhidlərimizlə bağlı PAYLAŞIM 4 Dekabr 2020, 12:15 Niderland Krallığında yaşayan soydaşlarımız etiraz olaraq aksiya keçiriblər 4 Dekabr 2020, 12:11
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?