Polis Səməd Vurğun bağı ətrafında gənc fəallar “NİDA” Vətəndaş hərəkatının üzvləri - Müsavat başqanı İsa Qəmbrin oğlu Turqut Qəmbəri, gənc yazşıçı Əli Əkbəri, Təbriz Önəri və Zaur Qurbanlını saxlayıb. Modern.az-ın məlumatına görə, bu barədə İsa Qəmbər özünün sosial şəbəkədə olan səhifəsində məlumat yayıb. Tutulanlar Nərimanov Polis İdarəsinə aparılıb. Onlar qırmızı köynək geyməklə polisin diqqətini çəkiblər.
Qeyd edək ki, bu gün “Facebook” sosial şəbəkəsində elan olunan “11 Mart - Böyük Xalq Günü” etiraz kampaniyası keçirilir. 4 min nəfərdən çox gəncin dəstəklədiyi kampaniya çərçivəsində Bakıda və regionlarda gənclərin tədbirləri gözlənilir.
Bəzi məlumatlara görə, polis Bakıda və Sumqayıtda gənclərin kütləvi toplaşmasının qarşısını almaq üçün ciddi tədbirlərə başlayıb.
Hazırda “Facebook”da xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin etiraz aksiyalarına dəstək verən videoları yerləşdirilir.
Azərbaycanın ayrı-ayrı şəhərlərində isə bəzi gənclər insanları etiraza çağıran çağırış vərəqələri yayıblar. Çağırış vərəqələrində vətəndaşları özlərinin müəyyənləşdirəcəyi formalarda etiraz etməyə ruhlandıran sözlər yazılıb.
Modern.az