Modern.az

Metroda qatarlar "28 May" stansiyasında dayanmır

Metroda qatarlar "28 May" stansiyasında dayanmır

11 Mart 2011, 14:40

Bu gün Bakı Metropolitenində qatarlar “28 May” stansiyasına daxil olduqda burada dayanmadan növbəti stansiyaya şütüyür.

Modern.az saytının məlumatına görə, bu saatlarda "Sahil" stansiyasında da giriş-çıxış məhdudlaşdırılıb. Metropoliten işçiləri sərnişinlərə bunun texniki səbəblərlə bağlı olduğunu bildirib.

Bakı Metropolitenin rəisi Tağı Əhmədov “Media forum” saytına deyib ki, Cəfər Cabbarlı meydanından “28 May” stansiyasına giriş-çıxışda eskalatorların heç biri işləmir: “Eskalatorlara gələn elektrik xətti sıradan çıxıb. Ona görə də stansiyanın həmin giriş-çıxışını bağlamışıq. Hazırda problemin aradan qaldırılması üçün iş gedir. Bütün elektrik mühəndisləri, mexaniklər, baş mühəndis və özüm də “28 May” stansiyasındayam. Amma cəhdlərimizə baxmayaraq problemi aradan qaldıra bilmirik. Xəttin haradan qırıldığını müəyyənləşdirə bilmirik. Eskalatorlara gələn elektrik xəttinin nə vaxt bərpa olunacağını bilmirəm. Problem nə vaxt həll olunsa, stansiyanı açacağıq. İndi sərnişinlərin metrodan ən çox istifadə etdiyi vaxtdır. Özümüz özümüzə düşmən deyilik ki, problem olmayan halda stansiyanı bağlayaq”.

Tağı Əhmədov stansiyanın gənclərin Cəfər Cabbarlı meydanında keçirmək istədiyi aksiyaya görə bağlanması haqda məlumatı təkzib edib: “Mənim aksiyada nə işim var?! İstəyir hər yerdə aksiya olsun, onun mənə və metropolitenə nə dəxli var?! Stansiyanın bağlanması qətiyyən həmin məsələ ilə bağlı deyil. Qoy 50 mütəxəssis gəlsin, işıq yoxdur və eskalator işləmir, mən buna nə edə bilərəm ki?!”

 Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat