Modern.az

Şərqlə Qərb arasında…

Şərqlə Qərb arasında…

18 Mart 2011, 15:31

      Hanı qızıl suyuna boyanmış otaq və qapı qarşısında, Süleyman taxtının yanındakı   şirlər kimi, qüvvətin qanuna tapınmasının rəmzi olaraq başıaşağı və quyruğu qısılmış daş aslan?

                                                                                                                    Viktor Hüqo

Klassik fransız ədəbiyyatının nəhəng siması Viktor Hüqo bu ifadəni XIX əsrdə “Paris Notr-Dam kilsəsi” əsərində yazıb. Söhbət tarixdə Süleyman Qanuni (1495-1567) adı ilə tanınan türk sultanından gedir. V.Hüqo öz dövrünün Fransa krallarına müraciət edərək ölkədə ədalətin yaradılmasına bir nümunə olaraq Sultan Süleymanı və onun qanunun ucalığına hörmət rəmzi sayılan “daş üzərində başıaşağı və quyruğu qısılmış durumda yonulan aslan heykəlləri”ni misal gətirir.

“Biz demokratiyaya, yəni ədalətə öyrəşməmişik (?!), demokratiya bizdə yenilikdir, bizim keçid dövrünü adlayıb demokratiyaya, demokratik düşüncə tərzinə yiyələnməyimizə hələ çox var” deyə baş girləyənlərimiz Viktor Hüqonun bu ifadəsini oxuyublarmı…Bəs Şərqdə ilk demokratik dövlətin Azərbaycanda yarandığını necə, bilirlərmi?

Demokratiya təkcə “xalq hakimiyyəti” ifadəsi ilə tam ehtiva oluna bilməz. Demokratiya insan amilinin hər şeydən üstün tutulduğu, insan hüquq və azadlıqlarının  göz bəbəyi kimi qorunduğu vətəndaş cəmiyyətlərinin onurğa sütunu sayılır.

…Tarixin təkəri geriyə fırlanıb. XIX əsrdə Qərb Şərqdən örnək kimi idxal etdiyi, milli, dini hisslərimizin ayrılmaz tərkib hissəsi kimi tariximizdə abidələşən fundamental ədalət prinsiplərinin adını dəyişib onları yenilikçi ideoloji baxış bucağı şəklində geriyə ixrac edir.

On illərlə, əsrlərlə müxtəlif imperiyaların tərkib hissəsi kimi yaşamağa məhkum olunmağımız səbəbindən indi bu prinsipləri yenidən, yeni formada mənimsəməyə isə şübhəsiz ki, ehtiyacımız var. Son günlər mediada bu istiqamətli yazıların sayı və çəkisi də artıb. Bunu hansı ölkələrdəsə baş verən inqilablarla əlaqələndirmək bir o qədər də yerinə düşmür. O ayrı nəsnə ki, həmin inqilablar vətəndaşlarımızı ruhlandırıblar. İrəliyə, sabaha, işıqlı gələcəyə boylanmaları üçün onlara stimul veriblər. Ancaq bundan da əsası insanlarımızın qanında, genində olan bəşəri, tərəqqipərvər duyğuların oyanmasıdır. Axı dünya humanizmi, ədalət prinsiplərini Şərq xalqlarından öyrənib. Baxmayaraq ki, həmin prinsiplərin daim təkmilləşdirilməsinə, inkişaf etdirilməsinə, müasirləşdirilməsinə ehtiyac olur. Əslində bu da bizim üçün yenilik deyil. Azərbaycanın üçrəngli bayrağının müəllifi Əli bəy Hüseynzadə yüz il öncə - XX əsrin əvvəlində bayrağımızın üzərindəki qırmızı rəngi  “müasirləşmə”nin simvolu kimi vacib hesab etmişdi. Nə qədər qəribə səslənsə də həmin dövrdə artıq bütün dünya qabaqcıl model olaraq Qərbin – Avropanın dəyərlərini bir örnək kimi qəbul etməyə başlamışdı. Bu gün Türkiyəni “sivil dünyadan geridə qalmış” ittihamı ilə Avropa Birliyinin sərhədlərindən kənarda görmək istəyini açıqca büruzə verən Fransanın XIX əsr vətəndaşı və böyük ziyalısı Viktor Hüqonun da təsdiqlədiyi kimi, mayası Şərq təfəkküründən yoğrulan ədalətpərəstliyi, indiki dildə demokratiyanı elə müsəlman, türk dünyası kəşf edib.

…Formaca Qərb modelli hesab olunan yeni, demokratik dövlətin yaranmasını da bütün Şərq dünyasında ilk dəfə türk xalqlarından biri - azərbaycanlılar gerçəkləşdirə bilmişdi. İndiki Türkiyə Respublikası isə həmin ideyanın bütün dünyada generatorlarından sayılır. Beynəlxalq aləmdə və ölkəmiz daxilində bu təkzibolunmaz faktları kimin etiraf edib, kimin danmasından asılı olmayaraq…

Əslində bundan böyük örnək yoxdur. Yaranmış ənənəni bərpa və davam etdirmək qalır bizə. Bir az da geciksək yeni yaranan nəsillər bunu indikilər kimi yalnız arzulamaqla kifayətlənməyəcək, həyatın dinamik inkişaf prizması baxımından yanaşmaqla onun gerçəkləşməsini cidd-cəhdlə tələb edəcəklər. Bu zaman yalançı ideoloqların imitasiyası daha onların köməyinə gələ bilməyəcək. Ona görə də zamanı durdurmağa yox, onun axarına düşməyə, hətta onu qabaqlamağa lüzum var. Azərbaycan Demokratik Respublikasının ideoloqları kimi.

Bu keçilmiş yola bu yolu keçənlərin adına və dünyada qazandıqları müsbət imiclərinə layiq sahib çıxmağı kim bacaracaq: iqtidar, müxalifət, yoxsa ziyalılar... Burda dayanmağa məcburuq. Çünki qanında ziyalılığı olmayan, kosmopolit təfəkkürlü biznesmendən, milli, mənəvi, bəşəri dəyərlərdən uzaq, ölkəsinə və xalqına yalnız bir qazanc obyekti, potensial yem yeri kimi baxan məmurdan və ya and içib qoruyacaqlarına vəd versələr də, bu vədlərini qapının kandarındaca unudub qanunları  elastik çubuğa döndərən çoxsaylı hüquq təhsillilərimizdən ummağa dəyməyəcək. Onlar daxili aləmlərini dəyişib özlərini bu ümummilli hisslərə hazır görməyənə, məntiqi əsaslara söykənən qanunların ucalığına tapınmağı şərəf işlərinə çevirməyənə qədər…

Hər halda zaman artıq öz sözünü deyir. Kimin hansı təfəkkür tərzini qəbul etməyə gücü çatmasından asılı olmayaraq çağdaş Şərqlə çağdaş Qərb arasında vurnuxmağımız yetər…

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi