Modern.az

Aslan ürəkli bakirə - kraliça I Yelizaveta

Aslan ürəkli bakirə - kraliça I Yelizaveta

İqtisadiyyat

3 Aprel 2011, 14:59

Millət vəkili Qənirə Paşayeva “Tarixə adını yazan Qadınlar” silsiləsini yazır

Kral atası dəli kimi aşiq olduğu qadınla evlənmək üçün hətta ölkəsinin rəsmi dini təriqətini dəyişdirdi. O, belə bir böyük məhəbbətdən doğulmuşdu. Amma atası onun dünyaya gəlişinə nəinki sevinməmiş, hətta dəli kimi əsəbiləşmişdi. Çünki kral ata oğul istəyirdi, balaca qız onun üçün “arzu olunmayan qonaq” idi.

Onun iki yaşı olanda olanda, anası edam olundu. Özü isə “nikahdankənar uşaq” elan edilərək taxt-tacdan (varislikdən) uzaqlaşdırıldı.

...Ögey analarının dizləri üstündə təlatümlü bir uşaqlıq keçirdi. Taxta çıxan ögey bacısı onu həbsə saldırdı. Ancaq bütün maneələri aşdı, böyüdü, gücləndi, hakimiyyəti ələ keçirdi. Heç kimlə izdivaca girmədi. Katoliklərlə protestantların bir-birini qırdığı dövrdə, ölkədə birliyi, sabitliyi təmin etdi; xalqını üzücü yoxsulluqdan xilas edib, var-dövlət yiyəsi etdi.

Şəxsən özünün rəhbərlik etdiyi orduyla İspaniya donanmasını darmadağın etdi. Onun hakimiyyəti dövründə İngilis dəniz qüvvələri İspaniyanın “Məğlubedilməz Donanma”sını məğlub edərək, dənizdə hakimiyyəti ələ aldılar. Bu qələbə İngiltərənin həm siyasi, həm də iqtisadi yüksəlişinə səbəb oldu.

Düz 45 il böyük bir dövləti idarə etdi!

Hakimiyyətə gəldiyi vaxt yoxsulluğun və məzhəblərarası müharibələrin astanasında olan İngiltərəni dünyanın ən varlı və güclü ölkələrindən birinə çevirdi!

Onun hakimiyyətdə olduğu 45 illik müddət İngiltərə tarixinin “qızıl dövr”ü sayılır. İngiltərə iqtisadi və siyasi cəhətdən gücləndi, mədəniyyət mərkəzinə çevrilir. Məhz onun dövründə Şimali və Cənubi Amerika tam araşdırıldı və orada ingilis koloniyaları yarandı. İlk koloniya kraliçanın şərəfinə Virciniya adlandırıldı...

Allah sanki bir zamanlar qızı doğulduğu üçün üsyan edən kral Henrinin simasında bu düşüncəli insanları cəzalandırır və uşaqlıq və gəncliyini təlatümlər içərisində keçirən bu qızı mükafatlandırmaq üçün ona elə bir güc vermişdi ki, adı İngiltərə və dünya tarixinə ən güclü hökmdarlardan biri, böyük xidmətlərin müəllifi kimi düşdü. Onun adı Yelizaveta idi. Kraliça Yelizaveta… yaxud “Qızıl dövr”ün aslan ürəkli bakirəsi...

“Mən onsuz da İngiltərə krallığı ilə izdivacdayam!”

I Yelizaveta (nə üçün ərə getmədiyi barədə parlamentdə verilən suala cavabı)

İngiltərə tarixini oxuyan zaman maraqlı bir məqamla rastlaşırsan. Bu ölkənin tarixində bir neçə dəfə tamam zəifləmiş bir ölkənin qısa zamanda böyük bir imperiyaya çevrildiyini görə bilirsiniz. Maraqlıdır ki, hər birində də məhz hakimiyyətə qadın gəldiyi zaman…. Həmin dövrlərdən biri Kraliça I Yelizavetanın adı ilə bağlıdır.

Kraliça I Yelizavetanın hakimiyyət illəri İngiltərə tarixində “Qızıl dövr” adlandırılır. Elə bu səbəbdən də, dörd əsr sonra belə onun populyarlığı zərrə qədər də olsa, azalmayıb. I Yelizaveta hələ də İngiltərə monarxiyasının ən sevilən şəxsiyyətlərindən və bütün dövrlərin ən möhtərəm idarəçilərindən biri olmaq özəlliyini qoruyub saxlayır. Onun adı öz sağlığında bir əfsanəyə çevrilmişdi və Yelizaveta, gördüyü işlərlə dövrünə öz möhürünü vurmağa nail olmuşdu. Ada iqtisadi, siyasi və dini çalxalanmaların ortasında olarkən o sükan arxasına keçmiş və İngiltərənin dünyanın ən güclü dövlətlərindən biri olmasına yol açan iqtisadi və siyasi genişlənmənin əsasını qoymuşdu.

Baş rolda Keyt Blanşetin oynadığı “Yelizaveta” və “Yelizaveta: Qızıl dövr” və “Boleyn qızı” filmləri ən çox sevdiyim filmlər sırasındadır. Blanşet Kraliça Yelizaveta rolunu böyük ustalıqla oynayıb. Oskar mükafatlı “Yelizaveta: Qızıl dövr” də Keyt Blanşetlə bərabər məşhur aktyor Klive Oven, Geoffrey Rush da öz möhtəşəm oyunları ilə insanı heyran edir. Böyük məmnuniyyətlə hər kəsə bu möhtəşəm filmlərə baxmağı məsləhət görərdim. Eyni zamanda Simon Adamsın “I Yelizaveta” əsərini oxumağı… Onun haqqında çoxlu sayda kitablar, məqalələr yazılıb və bu gün də yazılmaqda davam edir. Hətta onu sevməyənlər, rəğbət bəsləməyənlər belə onun böyüklüyünü, gücünü, istedadını, tarixə adini yazan bir lider olduğunu etiraf edirlər. Bu onu göstərir ki, 100 illər keçməsinə baxmayaraq, “Qızıl dövr”ün aslan ürəkli bakirəsi - tarixə adını qızıl hərflərlə yazan kraliça I Yelizavetaya, onun həyatına, fəaliyyətinə maraq bu gün də dünənki qədər böyükdür. Bu, gələcəkdə də belə olacaq...

Böyük məhəbbət göz yaşıyla bitir...

Atası VIII Henri 18 yaşında kral olmuş və İspaniya kralı Ferdinand ilə kraliça İzabelin sağ qalan yeganə qızları Yekaterina ilə ittifaq izdivacına girmək məcburiyyətində qalmışdı. Fəqət “könül fərman dinləməz” və krallar da aşiq ola bilir! VIII Henri 25 yaşında olanda, Yelizavetanın anası olacaq Anna Boleynə aşiq oldu. O, Yekaterinadan boşanaraq Anna ilə evlənmək istəyirdi; fəqət digər Qərbi Avropa ölkələri kimi İngiltərədə də katolik məzhəbi hakim idi və bu izdivacın həyata keçməsinə katoliklərin dini lideri (Papa) icazə verməliydi. Papa bu nikaha icazə vermədi. Öz növbəsində, İspaniyalılar da VIII Henrinin boşanmaq arzusuna etiraz edir və kraliça Yekaterina vasitəsilə İngiltərəyə nəzarət etmək istəyirdilər.

Bir neçə gün əvvəl Türkiyənin SHOW TV kanalında 2008-ci ildə çəkilmiş və həmin hadisələri olduğu kimi əks etdirən “Boleyn qızı” adlı filmin ilk nümayişinə mən də baxdım. Rejissorları, senari müəlliflərini və oyunçuları təbrik etmək olar. Möhtəşəm filmdir. Seyr etməyi məmnuniyyətlə məsləhət görərdim. Film sizə elə bir həyəcan bəxş edir ki, özünüzü sanki həmin hadisələrin şahidləri kimi hiss edirsiniz.

Həm məhəbbətinin maneələrlə qarşılaşması, həm də öz ölkəsinin daxili işlərinə müdaxilə edilməsi kral Henrini elə əsəbiləşdirdi ki, o, çox radikal bir addım atdı: məhəbbəti uğrunda ölkəsinin dinini (daha doğrusu, təriqətini) dəyişdirdi! Bir neçə il əvvələ qədər öz ölkəsində Martin Lüterin bütün kitablarının yandırılmasını əmr edən, protestantları edam etdirən və Papa tərəfindən “Dinin müdafiəçisi” adıyla təriflənən kral Henri, yeni bir kilsə və məzhəb qurdu: anqlikanlıq. Bundan dərhal sonra da sevgilisi Anna ilə gizlicə evləndi. 7 sentyabr 1533-cü ildə Qrinviç Sarayında Yelizaveta anadan oldu...

***

Yelizavetanın əzab-əziyyətləri elə doğulan kimi başladı. Uşağı yaxşı qarşılamamışdılar. Xüsusən də atası, qəzəbli gözlərlə sevgili arvadı Annaya baxır, sanki “Bu uşaq haradan peyda oldu?” demək istəyirdi. Çünki Henrinin birinci nikahından Mariya adlı bir qızı var idi və o, özündən sonra taxt-tacına yiyələnməli olan bir oğlan uşağı istəyirdi.

Onun ən böyük günahı - qız doğulması idi….

Bütün bu qarışıqlıq arasında Yelizavetanın doğulması planları daha da alt-üst etmiş və “arzu olunmayan qonağ”ın – Yelizavetanın anası əsassız iddialarla boynunu cəlladın kötüyünə qoymaq məcburiyyətində qalmışdı. Onun qanı belə qurumamış, kralla nikahının əslində etibarsız olduğu bildirilmiş və zavallı Yelizaveta “nikahdankənar uşaq” elan olunaraq, varislik hüququndan məhrum edilmişdi. Amma kral Henri ölümündən əvvəl Yelizavetanının şahzadəliyini, yəni varislik hüququnu təkrar qanuni hala gətirdi.

Anasız və “gələcəksiz” qalan Yelizavetanın uşaqlıq illəri bir-birinin ardınca saraya gələn ögey anaların dizlərinin dibində keçmişdi. Öncə krala arzusunda olduğu oğlan varisi – Eduardı verən, fəqət doğuş zamanı ölən Ceyn Seymur, sonra Kleve sülaləsindən Anna, ardınca Yekaterina Hovard və nəhayət, Yekaterina Parr, Yelizavetanın uşaqlığı üzərində öz möhürlərini vuran qadınlar olmuşdu. Bəzi tarixçilərin fikrinə görə, Yelizavetanın tarixə “bakirə” kimi düşməyinin və nikahdan uzaq durmağının arxasında atasının çox sayda izdivacının ətrafındakı dramatik səhnələr və gəlinlərdən ikisinin başının bədənindən ayrılmağı yatırdı. Bəzi ingilis tarixçilərinin fikrincə isə o dövrdə qadınların kabusu halına gələn doğuş əsnasında ölüm, Yelizavetanın izdivacdan uzaq qalmağının əsas səbəbi idi. Bəlkə də siyasət səhnəsinin kişilərin monopoliyasında olduğu bir dövrdə, səlahiyyətlərini bir kişiylə bölüşmək istəməməyi, Yelizavetanın izdivacdan qaçmağının səbəbi ola bilərdi.

Seçilmiş adam!

Yelizaveta uşaqlıqda ciddi təhsil almışdı. Uilyam Qrindal və Rocer Eşam kimi o dövrün ünlü müəllimləri tərəfindən yetişdirilən bu qızın “seçilmiş” olduğu haqqında rəvayətlər ağızdan-ağıza gəzməyə başlamışdı. Yelizaveta hələ yeniyetməliyindən beş dildə çox rahatlıqla danışa bilirdi.

***

Yelizavetanın gəncliyi də uşaqlığı kimi gərgin bir şəraitdə keçmişdi. Kral atasının sağlığında siyasi çalxalanmalardan az-çox müdafiə olunsa da, 1547-ci ilin yanvar ayında atasının ölümündən sonra vəziyyət tamamilə dəyişmişdi. VI Eduard taxta çıxmışdı; fəqət VIII Henri ölməmişdən əvvəl, nikahdankənar qızları ilə taxt-tac arasındakı maneəni götürmüşdü. O halda Eduarddan sonra Mariya, Mariyadan sonra isə Yelizaveta taxta çıxmalı idi. Ancaq bir problem var idi. Eduard hələ 9 yaşındaydı və nəhəng İngiltərə dövlətinin idarəsini kiçik bir uşağa tapşırmaq olmazdı. Dayısı Eduard Seymur ipləri öz əlinə alaraq İngiltərənin protektoru rolunda çıxış etməyə başladı. Onun qardaşı Tomas Seymur isə qısa müddətdən sonra böyük qardaşına həsəd aparmağa və onu hakimiyyətdən uzaqlaşdıraraq yerinə keçmək üçün planlar cızmağa başladı. Fəqət o, balaca Eduardı qaçıraraq hakimiyyəti ələ keçirmək planını tətbiq edə bilmədi və həyatıyla vidalaşmaq məcburiyyətində qaldı. Digər tərəfdən, o, edam edilməmişdən qabaq Yelizaveta ilə evlənmək istədiyini bildirmişdi və bununla da onu da çətin vəziyyətdə qoymuşdu.

Hamı elə fikirləşirdi ki, Tomas Seymurun hakimiyyət çevrilişi planında Yelizavetanın da əli var. Üstəlik, taxt-tacın varislərindən birinin kralın və Krallıq Şurasının icazəsi olmadan nikahdan dəm vurmağı, “normadan artıq cəsarət”li bir addım sayılırdı. Bu işin sonu edamla da nəticələnə bilərdi. Nəhayət, 15 yaşlı Yelizaveta, onu sorğu-suala çəkənləri, uğursuzluğa məruz qalan çevriliş planı və çevrilişi həyata keçirmək istəyən şəxsin nikah planı ilə heç bir əlaqəsi olmadığına inandıra bildi. Maraqlı burasıdır ki, Yelizavetaya sahib olmaq istəyən ehtiraslı, fəqət bacarıqsız Seymurla Yelizavetanın axırıncı ögey anası Yekaterina Parr arasında da əlaqə var idi. Gənc Yelizaveta belə qəribə, baş açmaq mümkün olmayan əlaqələrin və mürəkkəb bir oyunun düz ortasında qalmışdı. Üstəlik, onun əzab-əziyyətləri bununla qurtarmayacaq, hələ daha yeni səhifələrlə təzədən başlayacaqdı…

Yaxınlaşan gün

Səhhətində problemlər olan Eduard 1553-cü ildə öldü və ehtirasları ağlını kölgədə qoyan Mariya üçün taxt-taca aparan yol açıldı. Ancaq ölkənin dini yönünü təzədən katolikliyə doğru çevirmək istədiyi və bu azmış kimi, İspaniya kralı Filipp ilə siyasi ittifaqa girdiyi üçün xalq tərəfindən bəyənilməmiş və qalmaqalçı kraliça kimi tanınmışdı. 1554-cü ildə Tomas Uayett və onun adamları Mariyanı taxtdan salmaq məqsədilə üsyana qalxdıqları zaman, Yelizaveta yenə şübhə altında qaldı.

Mariya, protestantlıq məzhəbinə qulluq edən ögey bacısını sevmirdi. Söz gəzdirənlərin də köməyi ilə o, Yelizavetanın üsyançılarla əlbir olduğuna asanlıqla inanmışdı. Üsyançıların Yelizavetanı taxta çıxarmaq məqsədi güddükləri və Yelizavetanın onlarla əlbir olduğu barədə heç bir qəti dəlil olmasa da və Yelizaveta günahsız olduğunu isbat eləmək üçün dəridən-qabıqdan çıxsa da, Mariya heç nə eşitmək istəmirdi. O, öz qərarını vermişdi.

Yelizaveta həbs edilərək məşhur London qülləsinə salındı. Mariya və onun tərəfdarları Yelizavetanı edam etdirmək istəyirdilər, lakin əllərində qəti bir sübut yox idi. Digər tərəfdən, həmişə əzab-əziyyətə dözməli olan Yelizavetanın xalqın arasında populyarlığı yüksək səviyyədə idi. Onun haqsız yerə əziyyətlərə düçar olduğu fikrini daha da qüvvətləndirmək ağıllı bir davranış sayıla bilməzdi. Mariya ehtiraslı bir qadın idi, ancaq belə açıq-aşkar bir həqiqəti gözdən qaçıracaq dərəcədə ağlını itirməmişdi.

London qülləsində iki ay qalandan sonra Yelizaveta Oksfordşirdəki Vudstok qəsrinə sürgün edildi. Böyük qəsrdə sadəcə Yelizaveta və onun xidmətçiləri var idi. Yelizaveta, uşaqlıq illərini keçirdiyi Hartfordşirdəki evə daha sonra Mariyanın əri, İspaniya kralı Filippin israrları nəticəsində qayıtmaq imkanı əldə edəcəkdi. Filipp, Mariyanın səhhətinin yaxşı olmadığını başa düşürdü və onun ölümündən sonra taxta keçməli olan Yelizaveta ilə münasibətlərini yaxşılaşdırmaq, beləliklə İngiltərə ilə İspaniya arasında yaxşı əlaqələri saxlamaq məqsədi güdürdü.

Mariya ruhunu Əzrayıla təslim edəndə Yelizavetanın bəxti güldü və o, 17 noyabr 1558-ci ildə 25 yaşında İngiltərənin ən güclü adamı oldu. Bütün həyatı boyu iftiralara məruz qalan və taxt-tac uğrunda mübarizədən kənarlaşdırılmağa çalışılan gənc qadın üçün bu vəziyyət tam mənasıyla Zəfər demək idi!

Bu da taxt, bu da tac...

“Zoluşka”, nəhayət, taxta çıxmışdı. Atası öləndən sonra öz ruhunun içinə həbs edilmiş gənc qadın, qarşısında açılan bu geniş iqtidar sahəsindən var gücü ilə istifadə etməyə tələsirdi.

Yelizaveta, at minmək də daxil olmaqla, idmanla yaxından maraqlanmağa başladı. O ayı ovuna çıxır, qırğı və şahin saxlayır, döyüş yarışlarına baxmaqdan zövq alır, musiqini və rəqs etməyi çox sevir, üstəlik ziyafətlərdə özü də musiqi alətlərində ifa edirdi. Belə əyləncələrin günah olduğunu deyən din xadimlərinin sözləri onun bir qulağından girib, o biri qulağından çıxırdı. Ruhanilərin teatrların bağlanması tələbinə baxmayaraq, teatr tamaşalarını seyr etməkdən həzz alırdı. Onun tətbiq etdiyi sərbəstlik siyasəti, ədəbiyyat sahəsində şah əsərlərin meydana gəlməyə başladığı bir dövrün əsasını qoymuşdu.

Yelizavetanın dövrü bir baxımdan İngiltərənin intibah dövrü olmuş və bu dövrdə ingilis şeiri və ədəbiyyatı böyük inkişaf yolu keçmişdi. “Yelizaveta teatrı” adıyla da ün qazanmış cərəyan öz zirvəsinə çatmış, başda Uilyam Şekspir olmaqla, böyük ədəbi simalar ədəbiyyatın inkişafına təkan vermişdi.

Yelizavetanın dövründə İngiltərədə bir çox filosof, alim, rəssam və yazıçılar üçün daha geniş imkanlar yaranmışdı. Emund Spenser, Kristofer Marlo, Ben Conson, Frensis Bekon və ingilis dramaturgiyasının banisi Uilyam Şekspir məhz “Qızıl dövr”də yaşayıb-yaradıblar.

15 yanvar 1559-cu ildə başına tac qoyulan Yelizaveta, sonrakı aylarda protestant kilsəsini təzədən canlandırdı. O, dəyərini itirən ingilis pulunu yenidən qiymətə mindirdi. Bacısı Mariya, ölkəni katolik məzhəbində saxlamağı vəsiyyət etsə də, taxta çıxan kimi İngiltərədə protestantlığı yerləşdirməyə başladı. Radikal katoliklərin təşkil etdikləri sui-qəsddən isə, onların arasına girməyə müvəffəq olan xəfiyyələri sayəsində xilas oldu.

Digər tərəfdən, qadınların kilsə təşkilatının ali rəhbəri olmasına etiraz edənlərin, ya da katoliklərin könlünü almaq üçün, atasının əksinə, “Kilsə təşkilatının ali rəhbəri” titulunu daşımaqdansa, “idarəçisi” titulunu daşımağa üstünlük verdi.

Yelizavetinin dini inancı haqqında qəti dəlillər olmasa da, protestant kilsəsini canlandırması etibarlı bir sübut sayıla bilərdi: bəli, Yelizaveta, ürəkdən inanmış bir protestant idi. Demək olar ki, hər gün dua edərdi. Özünə məxsus olan kiçik kilsədə həmişə şamlar və xaçlar olmalıydı. Kilsə musiqisi də onun xoşuna gəlirdi. Digər tərəfdən, Yelizaveta o günlərdə protestant kilsələrində dəb halına gələn təntənəli dua mərasimlərinin yerinə, ənənəvi üsullara üstünlük verirdi. (“Yelizaveta – Qızıl dövr” adlı filmdə kraliçayla tanrı arasında bağ bu prizmadan çox uğurlu bir şəkildə ələ alınmış, öz bədii həllini tapmışdır.)

Kraliçanın xasiyyəti mötədil idi. Dini mövzularda ifratçılıqdan xoşu gəlmirdi və heç bir ingilisin öz dini fikirləri üzündən əziyyət çəkməsinə yol vermirdi. Ətrafındakı adamların təlqinlərinə baxmayaraq, katoliklərin də öz ibadətlərini rahat bir şəkildə yerinə yetirmələrinə şərait yaratmışdı. Buna baxmayaraq, iki məzhəb arasındakı siyasi gərginlik, hakimiyyətin bəzi vaxtlarda katoliklərə qarşı müəyyən dərəcədə sərt tədbirlər görməsi ilə nəticələnirdi.

Qəlbini məhəbbətə qapadır...

Yelizaveta taxta çıxan kimi, izdivac təklifləri onun üstünə yağış kimi yağmağa başladı. Ancaq o, bu təkliflərdən heç birini qəbul etmir və izdivacdan siyasət səhnəsində kəskin bir qılınc kimi istifadə edirdi. Bəzən özünü izdivaca meylli kimi göstərərək düşmənlərini yumşaldır və onlarla ittifaqa girir, bəzən də izdivac təklif edənlərdən birinin düşməni ilə nikaha girəcəyini işarə edərək təklif müəllifini qorxuya salırdı. Ancaq o da bir qadın idi və həyatında iki dəfə izdivac fikrinə xeyli yaxınlaşmışdı. Bir vaxtlar eyni həbsxananı –London Qülləsini birgə paylaşdığı Lester qrafı Robert Dadli Yelizavetanın qəlbinin tellərini titrədən birinci adam olmuşdu. Onlar bir-birini çoxdan tanıyırdılar. Qrafın kraliça Yelizavetanın yeganə məhəbbəti olduğunu iddia edən araşdırmaçılar da var. Lakin onların izdivacı siyasi cəhətdən bir faciəyə çevrilə bilərdi. Çünki qraf qaranlıq bir adam idi və kraliça ilə evlənmək üçün öz xanımını öldürdüyü barəsində şayiələr gəzirdi. Digər tərəfdən, onun İngiltərəyə sədaqəti də şübhəli idi. Nəticədə, dövlətin gələcəyini fikirləşən Yelizaveta, qəlbinin səsini susdurmaq məcburiyyətində qaldı...

Yelizavetanın qəlbinə hakim olmasa da, onun əri olmağa başqa bir namizəd isə Fransa taxt-tacının varisi, Alanson hersoqu Frensis idi. Bu izdivac planları da siyasi maneələrlə qarşılaşdı və kraliça yenə tək qalmağı üstün tutdu...

Nikaha girə bilmədiyi üçün Yelizavetanın uşağı da yox idi. Bu isə o demək idi ki, Yelizavetadan sonra İngiltərə başsız qalacaq! Digər tərəfdən, onun uşağı olsa belə, problem həll edilmiş olmayacaqdı. Katoliklərin nəzərində Yelizaveta özü nikahdankənar doğulan bir uşaq idi və onun taxta çıxmağı səhv idi. Onların fikrinə görə əsl kraliça, Yelizavetanın bibisinin nəvəsi olan Şotlandiya kraliçası Mariya idi. Bir Mariyadan canını güclə qurtarmış Yelizaveta, bu dəfə başqa bir Mariya ilə qarşılaşmalı olmuşdu!

Bəzi dairələr üçün Yelizavetanın uşağının olub-olmamağının heç bir önəmi yox idi. Artıq onlar, Mariyanı taxta çıxarmaq üçün hərəkətə keçmişdilər. Ancaq bir problem var idi: Mariya o əsnada Yelizavetanın nəzarəti altında olan bir yerdə saxlanılırdı. O, Şotlandiyanı bir müddət çox pis idarə edəndən sonra taxtı oğluna təhvil verərək ölkəni tərk etmiş və İngiltərəyə sığınaraq Yelizavetadan kömək istəmişdi. Yelizaveta isə həm onu düşmənlərindən, həm də özünü ondan müdafiə etmək üçün taxtdan salınan kraliçanı nəzarət altında saxlayırdı. Mariya təxminən 20 il nəzarət altında yaşadı. Bu müddət ərzində ətrafındakı adamlar kraliçaya təlqin edirdilər ki, Mariyanı edam etdirsin və beləcə, öz potensial rəqiblərindən birini aradan götürsün. Lakin Yelizaveta bu təlqinlərə qulaq asmadı. Bu vəziyyət, Mariyanı İngiltərə taxtına çıxarmaq məqsədi ilə qatı katoliklər tərəfindən planlaşdırılan Babinqton sui-qəsdində Mariyanın özünün də əli olduğu aşkara çıxana qədər davam etdi. Yelizavetanın xəfiyyələri bu sui-qəsdi ortaya çıxaran kimi, Foderinqay qəsrində cəlladın qan laxtaları ilə boyanmış baltası Mariyanın başını bədənindən ayırdı. O ən böyük rəqibi, eyni zamanda bibisinin nəvəsi olan Mariyanın edam fərmanını imzalamışdı.

Ölümdən dönən və dünyaya meydan oxuyan Kraliça

İspaniya kralı Filipp ilə Yelizaveta arasındakı münasibətlər xoş zəmində başlasa da, Yelizavetanın 1560-cı ildə İspaniyanın işğalına qarşı üsyana qalxan protestant hollandiyalıları dəstəkləməsi gərginliyə səbəb oldu və onlar qarşı-qarşıya gəldilər. 1562-ci ildə tutulduğu çiçək xəstəliyi üzündən az qalsın öləcəkdi. Xəstəlikdən sonra üzündə qalan izləri örtmək üçün o dövrdə İngiltərədə çox işlədilən pudradan istifadə edirdi.

1588-ci ildə Yelizaveta ilə Filipp bir-birini bir qaşıq suda boğmağa hazır idilər. Vəziyyəti gərginləşdirən amillərdən biri də Filippin Yelizavetanı izdivaca razı sala bilməməyi idi. Ehtiraslı İspaniya kralı hansı vasitə ilə olursa-olsun, İngiltərədə öz sözünü keçirmək istəyirdi. Bəlağət ustası olan Yelizaveta isə bir tərəfdən “yeznəsinin” başını qatır, digər tərəfdən isə öz əmrindəki Con Houkins və Frensis Dreik kimi ünlü dəniz quldurları vasitəsilə İspaniya donanmalarını qarət etdirərək, xəzinəsini doldururdu.

İspaniyalıların “Məchul dünyanın oğrubaşısı” adını verdikləri Dreik, Yelizavetanın ən yaxşı cəngavərlərindən biriydi və Filipp onun başını gətirənə böyük pul mükafatı vəd etmişdi. Filipp onsuz da uzun müddətdir ki, İngiltərəni işğal edərək təzədən katolikliyə çevirməkdən və Yelizavetanı taxtdan salmaqdan dəm vururdu. Mariyanın edam edilməsi ona gözlədiyi fürsəti vermişdi. Artıq Mariyanı taxta çıxarmaqdan danışmır, İngiltərəni birbaşa öz iradəsinə tabe etdirmək istəyirdi. Çünki İngiltərədəki hökumət, neçə il əvvəl, kürəkənin İngiltərənin idarə edilməsinə qarışmaması şərti ilə, Mariya ilə Filippin izdivacına icazə vermişdi. Filipp heç vaxt Mariyaya öz arvadı kimi baxmamışdı. Evlənmək üçün adaya gedəndə də yanındakılara “Mən toya yox, səfərə gedirəm” deyəcək qədər hakimiyyət hərisi idi. Onun yeganə arzusu, taxta keçməsinə kömək göstərəcəyi bir varis vasitəsilə İngiltərəni Roma-katolik təsir dairəsində saxlamaq idi…

1588-ci ilin may ayında Kale şəhəri yaxınlığında nəhəng ispan donanmasını görənlər, onun heybətindən dəhşətə gəlirdilər. Təxminən 130 gəmidən və 40 min əsgərdən ibarət bu nəhəng donanma üfüq xəttini demək olar ki, örtmüşdü. Filipp, neçə illərdir dilə gətirdiyi təhdidi, nəhayət, həyata keçirmişdi. Yelizavetanın sarayında hamı təşvişə düşmüşdü. Fəqət kraliça meydanı könhə “yeznəsi”, təzə “düşməni” Filippə vermək istəmirdi. Zirehli paltarını geyərək, atını cəbhəyə sürdü. Tilbridəki ordu hissələrinə şəxsən baş çəkdi və zirehli paltarda, atının üstündə onlara bu tarixi müraciəti elədi:

“Bilirəm ki, zəif və kövrək bir qadının bədəninə sahibəm; amma eyni zamanda bir kralın qəlbinə və cəsarətinə də sahibəm – bir ingilis kralının!”

Kraliça Yelizaveta qələbəlik qarşısında çıxış etmək sahəsində fitri istedada malik idi. Xüsusilə öz ordusunu cəbhədə ispaniyalılara qarşı döyüşə ruhlandırmaq üçün etdiyi çıxış dillər əzbəri olmuşdu. Cəsur və məğrur çıxışı ilə əsgərlərinə ruh yüksəkliyi verən bu inadkar kraliça ağıllı taktikası, xüsusi olaraq hazırlanmış gəmiləri (habelə dənizdə qopan fırtınanın da köməyi) ilə Filippin donanmasını darmadağın etdi. Beləliklə o, bir qadının sadəcə ölkəni deyil, bir ordunu da idarə edə biləcəyini dosta-düşmənə göstərdi! Zərif, kövrək bədənli, kral qəlbli, kral cəsarətli xanım öz sevgilisini –İngiltərəni qorumaq üçün şəxsən özü ordunun başına keçdi və heybətli ispan donanmasını darmadağın etdi.

Yelizaveta Osmanlıya güvənirdi!

Kraliçanın ispanlar üzərindəki böyük zəfərinin arxasında onun uğurlu taktikası, cəsarəti (və demək olar, möcüzəli bir şəkildə ingilislərin köməyinə gələn hava şəraiti) ilə yanaşı, vacib bir amil də var idi: qüdrətli Osmanlı dövlətinin dəstəyi! Bəli, bu gün ingilislər bu mövzudan danışmağı xoşlamasalar da, Yelizavetanın kürəyini söykədiyi ən böyük təminatlardan biri də Osmanlı dövləti idi.

İspaniya, katoliklik vasitəsilə İngiltərə üzərindəki nüfuzunu davam etdirmək istəyirdi. Amma ölkədə protestantlığı möhkəmləndirməyə səy göstərən Yelizaveta onların başına bəla olmuşdu. Onu hansı yollasa aradan götürmək lazım idi; fəqət hansı yolla? Bu, bir o qədər də asan məsələ deyildi. Çünki katoliklərə qarşı protestantları dəstəkləyərək bölgədəki balansa nəzarət edən Osmanlı dövləti, Yelizaveta üçün böyük imkanlar açmış və ingilis ticarət gəmilərinin Aralıq dənizindəki türk limanlarına sərbəst girişinə icazə vermişdi.

Topqapı Sarayında imperatorluq taxtında oturan III Murad, Yelizavetanı aradan götürmək istəyən Filippin Osmanlı dövləti ilə xoş münasibətlər qurmaq səylərini yaxşı qarşılamırdı. İngiltərənin Osmanlı dövlətindəki ilk səfiri olan Uilyam Harborn məhz bu arada – 26 mart 1583-cü ildə İstanbula gələrək işə başlamışdı. Osmanlıdan aldığı kömək müqabilində Yelizaveta da boş dayanmır, padşahın anası Nurbanu Sultanı, xanımı Safiyə Sultanı, xocası Səadəddin Əfəndini, vəzirlərini və Osmanlı donanmasının baş komandanı Qılınc Əli Paşa kimi sərkərdələri hədiyyə yağışına tuturdu. Digər tərəfdən, o, Osmanlı padşahı III Murada yazdığı məktublarda katolikləri “bütpərəst” kimi təqdim edir, protestantlıqda isə müsəlmanlıqda olduğu kimi surətlərə tapınmağın qadağan edildiyindən danışaraq, padşahın rəğbətini qazanmağa çalışırdı. III Muradın cavab məktubu Yelizavetanın ürəyini sakitləşdirirdi:

“Osmanlı Sizi dəstəkləyir, artıq narahat olmayın” − padşah öz məktubunda belə deyirdi.

Təsadüfi deyil ki, Yelizaveta La-Manşda İspaniya donanmasını darmadağın edəndə, Osmanlı donanması da Aralıq dənizində İspaniya donanmasının bir hissəsinin başını qatmış və kraliçanın işini yüngülləşdirmişdi.

Ölkəsinin məhəbbəti ilə döyünən qəlb...

Yelizavetanın öz ölkəsinə sədaqəti, kral ailəsinin əvvəlki üzvlərindən heç biri ilə müqayisəyə gəlməyəcək dərəcədə yüksək idi. Siyasi şüuru çox inkişaf etmiş bir idarəçi olaraq onun Ser Uilyam Sesil və Ser Frensis Uolsinqem kimi müdrik şəxsləri öz yanında saxlaması, məşvərətə böyük önəm verdiyinin isbatı idi. Son sözü demək haqqına sahib olsa da, Yelizaveta, öz fikirlərini yeritmək üçün bu haqqından istifadə etmirdi. Məşvərətçilərinin qəbul etmədiyi fikirlərini həyata keçirmək üçün israr etmirdi. Buna baxmayaraq, bəzən qəddarlıq nümayiş etdirdiyi və ya tərəddüd etdiyi vaxtlar da olurdu. Zahirən dəbdəbəni sevsə də, dövlət işlərində sadəliyə, ciddiyyətə, mühafizəkarlığa və gerçəkçi qərarlar çıxarmağa üstünlük verirdi.

Yuxarıda dediyimiz kimi, Yelizavetanın taxta çıxdığı 1558-ci ildə İngiltərə məzhəb davaları üzündən taqətini itirmiş, xarabaya çevrilmiş bir ölkə idi. 24 mart 1603-cü ildə − onun çətinlik və mübarizə içində keçən ömrü başa çatanda isə İngiltərə dünyanın ən varlı və güclü dövlətlərindən birinə çevrilmişdi. Onun maraqlı xarakterik özəllikləri vardı. Tabeliyindəki adamlarla şəxsən özü üz-üzə görüşməyə üstünlük verir və onları ruhlandırırdı. Bu özəlliyinə görə ingilislər ona “ictimai əlaqələr sahəsində ilk peşəkar mütəxəssis” deyirlər!

“Qızıl dövr”

Yelizavetanın dövründə İngiltərədə yaxşı təşkil edilmiş güclü mərkəzi hökumət bərqərar oldu. İqtisadi sahədə də Amerika ilə hələ təzə-təzə qurulan ticarət əlaqələri öz bəhrəsini verməyə başladı.

Yelizavetanın tətbiq etdiyi “qənaət siyasəti” sayəsində maliyyə sahəsində nizam-intizam yaradıldı və Yelizavetadan öncəki hökumətlərin borcları ödəndikdən sonra, büdcədə əlavə vəsait əmələ gəldi. Eyni dövrdə, Avropanın ilk sərmayə bazarlarından biri olan İngiltərə birjası açıldı. Bu, maliyyə siyasətinin çağdaşlaşdırılması istiqamətində atılan böyük bir addım idi. Yelizaveta vergiləri azaltmaqla, iqtisadiyyatı canlandırmışdı. Gəlirlərin paylaşdırılmasında bəzi ədalətsizliklər olsa da, onun dövründə İngiltərə iqtisadiyyatı əvvəlki dövrlərlə müqayisədə xeyli inkişaf etmişdi.

Yelizavetanın dövründə işgəncə mövzusunda da yeni tənzimləmələr həyata keçirilmişdi. Məhkumlara işgəncə verilməsi xeyli məhdudlaşdırılmış və ancaq vətən xainlərinə işgəncə etməyə icazə verilmişdi. O dövrdə tez-tez müşahidə olunan “cadugərlərin yandırılması” mərasimləri də xeyli azalmışdı. Əlbəttə, qadınların İngiltərədə əldə etdikləri hüquqlar, yandırılmaqdan xilas olmaqla məhdudlaşmırdı. Yelizaveta dövrünün qadınları, mədəni hüquqlar baxımından da Avropa qitəsindəki həmcinslərindən xeyli irəlidə idilər.

Yelizaveta dövrünün İngiltərəsində – Tomas Diqqes və Tomas Harriot kimi ünlü astronomlar öz əsərləriylə kainatın sirlərini aşkar etməyə çalışırdılar. Uilyam Gilbert, maqnitizm sahəsində cığır açan əsəri “Maqnit”i qələmə almışdı. Özəlliklə, kartoqrafiya sahəsində böyük inkişaf nəzərə çarpırdı. Bütün bu elmi inkişafın əsasında isə ingilislərin dənizçilikdə əldə etdikləri uğurlar dayanırdı. Yelizavetanın admirallarından Ser Frensis Dreyk, dünyanın ətrafında dövrə vurmuş, başqa bir dənizçi Martin Frobişer isə qütbə gedib çıxmışdı. İngilislərin Quzey Amerkada ilk dəfə məskən salmağı da bu dövrə təsadüf edir...

Yelizavetanın “Qızıl dövr”ündə cücərən elmi fəaliyyət, yüz il sonra İsaak Nyuton kimi tarixi dəyişdirən alimlərin meydana çıxması ilə nəticələnəcək və “Kral Cəmiyyəti” (The Royal Sosiety) altında təşkilatlanan elmi fəaliyyət öz zirvəsinə çatacaqdı.

Kraliça ölkəni uzun illər təkbaşına idarə etdikdən sonra - 1603-cü ildə dünyasını dəyişdi. Ölüm döşəyində kraliçanın əlində Robert Dadlinin bir zamanlar ona yazdığı sevgi məktubunun olduğu rəvayət edilir. Həyatını sözün əsil mənasında ölkəsinin inkişafına sərf etmiş, İngiltərəni qüdrətli bir imperiyaya çevirmiş Kraliça I Yelizaveta öz adını dünya tarixinə qızıl hərflərlə yazmış böyük bir LİDER, bir QADIN idi. O, öz həyatı, fəaliyyəti ilə qadınlara o qədər də xoş olmayan bir dövrdə, 4 əsr əvvəl hər kəsə sübut etdi ki, sözün əsil mənasında qadınlar kişilərdən heç də ZƏİF deyillər. O, düşüncələrdə, baxışlarda inqilab edən BÖYÜK QADINLARdan biridir və TARİX kimi bugünkü və gələcək nəsillər də onu unutmayacaq, daim xatırlayacaq və öyrənəcək.

...Heç kimlə nikaha girmədiyi üçün ona “Bakirə kraliça” ləqəbi verildi. 45 il hakimiyyətdə qalan kraliçanın vəliəhdi olmadığı üçün, təxminən 70 yaşında qan zəhərlənməsi ilə həyatını dəyişən zaman Tüdorlar sülaləsinin hakimiyyəti başa çatdı və taxta başqa sülalədən olan I Yakov çıxdı. Sanki Tüdorlar ən güclü kralı (kraliçanı) təbii bir seçimlə öz sülalə hakimiyyətlərinin sonuna saxlamış və özlərindən sonrakılara “əyər-əskikləri düzəldilmiş” ölkə qoymuşdular...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir