Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) “Azərbaycanda beyin mərkəzlərinin yaranması, inkişafı və qarşılıqlı əməkdaşlığının perspektivləri” adlı tədqiqat və ensiklopedik-məlumat xarakterli nəşrin hazırlanmasına başlayıb. Qurumdan Modern.az-a verilən məlumata görə, tədqiqat çərçivəsində təhlillə yanaşı, Azərbaycanda fəaliyyət göstərən strateji, analitik araşdırma mərkəzləri haqqında sorğu xarakterli hərtərəfli məlumatın olduğu bölmə də əksini tapacaq.
"Ölkədə mövcud olan beyin mərkəzlərinin kitabda real və dolğun mənzərəsinin yaradılması üçün qeyd olunan qurumların özləri haqqında məlumatları təqdim etməsi vacibdir. Bu məqsədlə tədqiqat qrupunun üzvü beyin mərkəzi və analitik araşdırma qurumlarının rəhbərləri ilə görüşərək, onların kitabda əksini tapacaq fəaliyyəti ilə bağlı konkret sualların cavablandırılması üçün müsahibə alacaq".
Strateji Araşdırmalar Mərkəzinin “Daxili siyasətin təhlili” şöbəsi mövcud araşdırma mərkəzlərinə müraciət edərək, gələcək əməkdaşlığın ilk mərhələsi kimi müvafiq məlumatların təqdim edilməsinə yardımçı olmağı xahiş edir. Araşdırma mərkəzlərinə özləri haqqında məlumatda cavablandırılması vacib olan suallar əvvəlcədən elektron poçt vasitəsi ilə göndəriləcək.
Modern.az