Modern.az

Uşaq mətbuatının vəziyyəti ilə bağlı Təşkilat Komitəsi yaratdılar

Uşaq mətbuatının vəziyyəti ilə bağlı Təşkilat Komitəsi yaratdılar

16 Aprel 2011, 18:38


"Uşaqlar bizim gələcəyimizdir". Gözəl ifadədir. Ancaq gəlin görək, biz gələcəyimiz hesab etdiyimiz uşaqlarla bağlı müxtəlif sahələrdə-uşaq mətbuatı, uşaq kitabxanası, uşaq televiziyası, uşaq filimləri, eyni zamanda, cizgi filmləri və s. işlərin gedişatından nə qədər məlumatlıyıq? Və ya bu işlər hansı səviyyədə aparılır, nə kimi çətinliklər var, çətinliklərin aradan qaldırılması üçün nələri etmək lazımdır?

Bu suallara cavab tapmaq üçün Jurnalist Qadınlar Assosiasiyası tədbir keçirib.
Qurumun rəhbəri Sevil Yusifova “RİA Novosti”nin akt zalında "Uşaq mətbuatı bu gün: problemlər, perspektivlər" mövzusunda keçirilən konfransda uşaq mətbuatının tarixinə nəzər salıb və XX əsrin əvvəllərindən Azərbaycan ziyalılarının uşaq mətbuatına diqqət ayırdığını xatırladıb. O, bildirib ki, hələ keçən əsrin ilk illərində Azərbaycanda "Dəbistan", "Məktəb" adlı jurnallar işıq üzü görüb: "Uzun zaman uşaq mətbuatına Rəşid Qafur rəhbərlik edib. Sovet dövründə bu sahəyə xüsusi diqqət və qayğı göstərilib”.
S.Yusifova hazırda uşaq mətbuatı və uşaq ədəbiyyatının nəşri və yayılmasında problemlərin olduğunu qeyd edib. “Uşaqların məlumatlı, hərtərəfli biliyə malik savadlı böyüməsində, onların istirahətinin düzgün və səmərəli bölünməsində, onlarda mütaliəyə, kitablara marağın artırılmasında uşaq mətbuatının nə qədər vacib olduğunu psixoloqlar da təsdiqləyir".

Sevil Yusifova bildirib ki, bu gün uşaq mətbuatının durumunun təhlili onu göstərir ki, ölkədə uşaq telekanalının yaradılmasına ehtiyac var: "Bu sahədə boşluğu yalnız uşaq televiziyasının açılması ilə doldurmaq olar".

Tədbirdə çıxış edən millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədovanın fikrincə, televiziya kanallarına müraciət olunmalıdır ki, onlar gündüz vaxtları uşaqların təlim-tərbiyəsini pozan verilişlər, filmlər yayımlamasınlar: "Çünki bu cür verilişlər və filmlər uşaqların dünyagörüşünün düzgün formalaşmamasına təsir göstərir".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, onun təmsil olunduğu komitə bir dövlət qurumu kimi təkliflər paketini qəbul etməyə hazırdır.

Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə uşaq yazarları üçün müsabiqələrin keçirilməsini, nağılların diskə köçürülməsini, məktəblərin yaxınlığında kitab köşklərinin qoyulmasıni təklif edib.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin fikrincə, internetdə uşaq saytlarının şəbəkəsi yaradılmalıdır. O qeyd etdi ki, rəhbərlik etdiyi qəzetdə uşaq jurnallarının anonsları dərc oluna bilər:

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məktəblərdə uşaq yazarları ilə görüşlərin keçirilməsini və abunə yazılacaq jurnallar üçün aidiyyatı orqanlarda komissiya yaradılmasının tərəfdarı olduğunu bildiribi. Baş redaktor onu da xüsusi olaraq vurğulayıb ki, uşaq mətbuatının durumunu yaxşılaşdırmaq üçün Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna da müraciət etmək olar.

"Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu bildirib ki, məktəblərdə uşaq jurnallarının satılmasına mənfi münasibət var və bu başadüşüləndir: "Ancaq bu işin real variantı da mövcuddur. Yəni məktəb kitabxanalarının hər biri  uşaq mətbu orqanlarına abunə yazılsalar problem qismən də olsa həllini tapar". 

"Tumurcuq" qəzetinin baş redaktoru Səməd Məlikzadənin sözlərinə görə, QHT-lər uşaqlarla bağlı layihələr həyata keçirirlər: "Yaxşı olardı ki, bu layihələrə uşaq mətbuatı da cəlb olunsun. Eyni zamanda, aidiyyatı qurumlar uşaq mətbuatına qrantlar ayırsarlar sadaladığımız problemlərin bir qisminin həllinə nail olmaq mümkündür".

"Xurcun" jurnalının baş redaktoru Nigar Mənsimli ali məktəblərin jurnalistika fakültələrində uşaq yazarlarının yetişdirilməsinə xüsusi diqqət göstərilməsindən bəhs edib. Eyni zamanda, bildirib ki, uşaq mətbuatının ayrıca yayım firması olsa bu, satışa müsbət təsir göstərər. 

Tədbirin sonunda Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova, millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova, AYB-in uşaq ədəbiyyatı bölməsinin rəhbəri Qəşəm Nəcəfzadə, uşaq yazarı Gülzar İbrahimova, "Göyərçin" jurnalının baş redaktoru Rafiq Yusifoğlu, "Tumurcuq" qəzetinin baş redaktoru Səməd Məlikzadə, "Xurcun" jurnalının baş redaktoru Nigar Mənsimli, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Regional Psixologiya Mərkəzinin rəhbəri Mehriban Qafarova, "Yeni Azərbaycan" qəzetinin şöbə müdiri Kəbutər Haqverdiyeva təmsil olunurlar.

Təşkilat komitəsinin üzvlərinin təklifləri əsasında hökumətə təkliflər paketi hazırlanır. 

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir