Modern.az

Cahangir Məmmədli: “Doğmalarda nöqsan görmək çox çətindir” - MÜSAHİBƏ

Cahangir Məmmədli: “Doğmalarda nöqsan görmək çox çətindir” - MÜSAHİBƏ

22 Aprel 2017, 10:46

Hələ 2000-ci ildə "Avrasiya Mətbuat Fondu"nun maliyyə dəstəyi ilə "525-ci qəzet"in həyata keçirdiyi "Avropa Şurasının tələbləri: ictimai teleradio haqqında qanun layihəsinin hazırlanması" çərçivəsində çoxlu sayda seminar keçirildi. Azərbaycan media mühiti üçün o zaman tamamilə yeni olan belə bir teleradionun və onunla bağlı qanunun hazırlanması layihəsinin direktoru qəzetin baş redaktoru Rəşad Məcid və layihənin koordinatoru Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Cahangir Məmmədli oldu. O zaman C.Məmmədli peşəkar jurnalistlər üçün keçirilən bu seminarlardakı silsilə məruzələrini "525-ci qəzet"də dərc etdirdi. Və sonra bu qanun layihəsi gerçəkləşdi: Azərbaycan Respublikasının Milli Məclisi 2004-cü ildə "İctimai Televiziya və Radio Yayımları" haqqında Qanun qəbul etdi. Çox keçmədi ki, bu Qanuna əsasən, ilk növbədə ictimai teleradionun ali idarəedici orqanı olan Yayım Şurası formalaşdı. 9 nəfərdən ibarət Yayım Şurasına C.Məmmədli sədr seçildi. Yayım Şurası teleradioya baş direktoru seçdi, strukturu formalaşdırdı və 2005-ci il avqustun 29-da Azərbaycan ictimai televiziyası ilk dəfə efirə çıxdı. İndi Yayım Şurasının formalaşdığı vaxtdan artıq 12 il ötür. Cahangir Məmmədli on iki il Yayım Şurasına rəhbərlik etdi. O, Mətbuat Şurasının namizədliyi ilə iki dəfə dalbadal - hər dəfə 6 il müddətinə şuraya üzv və şuranın təklifi ilə sədr seçildi. Qanuna görə, Cahangir Məmmədlinin Yayım Şurasına üzvlük müddəti artıq başa çatıb. İndi o, estafeti Şuranın başqa bir üzvünə verib.

Bu müsahibədə C.Məmmədlinin Yayım Şurasındakı 12 illik fəaliyyətindən bəhs edilir.


Modern.az saytı C.Məmmədlinin “Ədalət” qəzetinə müsahibəsini təqdim edir.

- Cahangir müəllim, on iki il, necə deyərlər, bir igidin ömrüdür. Bu on iki il Sizin üçün nədir?

- Bu, mənim üçün bir az kövrək sualdır. Çünki həqiqətən də on iki il az vaxt deyil. Və bu on iki ildə Azərbaycan dövlətinin və onun Prezidentinin iradəsi və dəstəyi ilə biz bu gün Azərbaycan media mühitində öz dəst-xətti olan, bütün fəaliyyəti ilə dövlətə, milli maraqlara xidmət edən bir teleradio yaratmışıq. Bəzi hallarda bir sıra qərəzli "ekspert" yanaşmalarına, bizi ictimai maraq prinsiplərindən sapındırma cəhdlərinə baxmayaraq, ictimai teleradio yarandığı gündən bu sayaq TV tipologiyasından geri çəkilməyib. Burada peşəkar bir yaradıcı kollektiv formalaşıb. Bu on iki ildə ictimai teleradioda onlarca teleproqram formatı yaranıb, beynəlxalq təcrübəyə əsaslanan dəqiq, qərəzsiz, ədalətli, vicdanlı, balanslı informasiya siyasəti formalaşıb.


- Sizin fəaliyyətiniz dövründə rəhbərlikdə dəyişikliklər olub, müxtəlif jurnalistlərlə işləmisiniz. Bu müxtəliflik narahatlıq yaratmayıb ki?


- Mənim indiki kimi yadımdadır. 2005-ci il avqustun 29-da İctimai televiziyanın açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev dedi: "Azərbaycanda sözün əsl mənasında müstəqil mətbuata, KİV-lərə böyük ehtiyac vardır... Əminəm ki, normal, hüquqi, demokratik dövlət qurulması işində KİV-lərin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır". İctimai teleradio ölkə Prezidentinin müstəqil mətbuata verdiyi bu qiymətdən çıxış edərək ictimaiyyətin azad tribunasına çevrilən bir media qurumu kimi formalaşdı. Ölkənin problemləri ilə bağlı məsələləri müxtəlif tematikalı proqramlarda ictimai müzakirə müstəvisinə gətirdi. Azərbaycanın Qarabağ kimi ciddi bir problemini bir tərəfdən informasiya proqramlarında, digər tərəfdən ayrıca analitik proqram formatında efirə çıxartdı. Qloballaşan dünyada milli-mənəvi dəyərlər sistemini qurmaq və zənginləşdirmək məqsədini gerçəkləşdirən neçə-neçə veriliş yaratdı. Və indi bu proqramlar ictimai teleradionun setkasında daimi yer tutmuşdur.

İctimai teleradio reytinq dalınca qaçmır. Onun reklam siyasəti də özünün qanunu ilə müəyyən edilir. Teleradionun bütün kollektivi bir məqsədə xidmət edir; Cəmiyyətin maarifləndirilməsinə. Bu sahədə kollektivin çox böyük zəhməti var və bu zəhmət öz səmərəsini verməkdədir.

Bütün bunlar kimliyindən asılı olmayaraq, teleradio rəhbərlərinin hamısında həm vətəndaşlıq borcu, həm də ictimai teleradionun tipoloji xarakterindən doğan vəzifə borcu kimi ləyaqətlə yerinə yetirilir. Yayım Şurası teleradionun rəhbər işçilərini özü formalaşdırır. Qanunun verdiyi səlahiyyətlə rəhbər işçilərin hamısını Yayım Şurası təsdiq edir. Belə olan halda rəhbərliklə Yayım Şurası tandemi hər şeyi yalnız ictimaiyyətin rəyinə əsasən qurur. Əvvəldən belədir və bu gün də belə davam edir.


- İctimai teleradio yayıma başladığı ilk dövrdə xeyli tənqidə məruz qaldı...


- Açığını deyim ki, xüsusilə birinci ildə - radikal müxalif mətbuat ictimai teleradio ilə bağlı ekspertləri dindirərkən bir səhvə yol verdi. Bu da ondan ibarət idi ki, bu tip qəzetlər yalnız ictimai teleradioda rəhbərlik iddiasında olan bəzi adamların "ekspert" qismində fikirlərinə geniş yer verirdilər. Hətta qərəzli münasibəti gizləmək üçün ekspert sözünün əvvəlinə bir "müstəqil" sözü də yazırdılar. Halbuki ekspert onsuz da müstəqil olmalıdır. Əlbəttə, gərək mətbuat tamamilə müstəqil və iddiasız ekspertlərə müraciət edəydi. Belə bir fakt hamıya məlumdur ki, həmin "ekspertlərin" hazırladıqları və büsbütün təhriflərlə dolu "İTV mətbuat aynasında" adlı bir kitabı məhkəmə tamamilə qərəzli hesab edərək tirajın yandırılmasına qərar verdi. Bu "kitab"ın tərtibatçısı o qədər qərəzli idi ki, qəzetlərdə dərc olunmuş bütün yazılardan, hətta Yayım Şurası sədrinin belə məqaləsindən müsbət fikirləri ixtisar etmişdi.

Əlbəttə, səmərəli və obyektiv tənqidlər də olur. Yayım Şurası belə tənqidə həmişə diqqətlə yanaşmış və nəticə çıxarmışdır.



- Yayım Şurasının üzvləri barədə...



- Bu sahədə Şuranın bəxti gətirib. Yayım Şurası, bilirsiniz ki, ictimai teleradio haqqında Qanuna əsasən, doqquz təşkilatın hər birindən iki namizədin irəli sürülməsi və həmin iki namizəddən birinin Milli Məclisdə Şuraya seçilməsi ilə formalaşır. Qanuna görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Mətbuat Şurasının namizədləri 6 ilə, Sahibkarlar Şurasından, Qadın cəmiyyətlərindən, gənclər təşkilatlarından 4 ilə, idman federasiyalarından, dini konfessiyalardan və yaradıcılıq təşkilatlarından 2 il müddətinə Şuraya üzv seçilirlər. Müddəti başa çatmış Yayım Şurası üzvlərinin yerinə yeni namizədlər irəli sürülür və onlar bu dəfə 6 il müddətinə seçilirlər. Yuxarıda bu barədə Şuranın "bəxti gətirib" ona görə dedim ki, hələ ilk dəfə - 2005-ci ildə seçilən 9 nəfər üzvdən tutmuş, sonralar onları əvəz edən hər bir kəs o qədər diqqətlə seçilmişdir ki, onlarla işləməkdən şəxsən mən həmişə qürur duymuşam.

Şura üzvlərinin hamısının içində bir millət sevgisi, dövlətçilik qayğısı, işə təmiz münasibət görmüşəm. AMEA-dan Akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Əməkdar jurnalist Aqil Dadaşov, Sahibkarlar Şurasından Natiq Şirinzadə, Namiq Məmmədov, Vüqar Zeynalov, gənclər təşkilatlarından Fuad Muradov, Mirhəsən Seyidov, İdman federasiyalarından professor Ağacan Əbiyev, Yusif Babanlı, Dini konfessiyalardan Hacı Salman Musayev, Fuad Nurullayev, yaradıcılıq təşkilatlarından Altay Zahidov, professor Zemfira Qafarova, qadın təşkilatlarından Zərifə Salahova, vaxtı ilə mənim tələbəm olmuş Sevil Yusifova - bunların hər biri ləyaqət sahibi olaraq, bütün müzakirələrdə polemika ustalığı göstərmiş və televiziyanın fəaliyyətinə obyektiv qiymət vermişlər. Bir sözlə, Şuranın bütün üzvləri millətə, dövlətə bağlı adamlardır. Mənim Şuradakı fəaliyyət müddətim başa çatdı və mən Yayım Şurasını tərk etdim. Lakin, əlbəttə, ictimai teleradionun tamaşaçısı və dinləyicisi kimi, bu teleradionun kollektivini sevgi ilə xatırlayacaq bir kəs kimi, və nəhayət KİV nəzəriyyəçisi kimi həmişə bu qurumun yanındayam. Yayım Şurasının bundan sonrakı fəaliyyətinin də dövlətçilik ənənələrinə, azərbaycançılığa, milli-mənəvi dəyərlərimizə həmişə diqqətli olacağına əminəm. Xüsusilə ona görə əminliklə danışıram ki, Şuranın yeni sədri - AMEA-nın müxbir üzvü, Folklor İnstitunun direktoru, professor Muxtar İmanov bütövlükdə bir alim və dövlətçilik ənənələrinə sadiq bir kadr, həm də televiziyanın mahiyyətini mükəmməl bilən bir insan kimi ictimaiyyətin yüksək qiymət verdiyi bir ictimai şəxsiyyətdir.


- Yayım Şurası ən çox hansı proqramları diqqətdə saxlayır?


- Əlbəttə, KİV-in bütün sahələrində informasiya ilkin sırada durur. Hər bir qəzetin, teleradionun informasiya siyasəti onun varlığını, tipologiyasını müəyyən edir. İctimai teleradionun xəbər proqramları Yayım Şurasının daim diqqətində olur. Lap əvvəldən "Carçı" informasiya proqramı düzgün istiqamətdə formalaşdı. Proqramın təkcə loqosuna diqqət edin. Bir neçə saniyəlik bu loqoda Azərbaycanın həm müasir inkişaf tempi, həm də üzləşdiyimiz Qarabağ problemi və bu problemə dair BMT-nin dörd qərarının hələ də yerinə yetirilməməsi, erməni təcavüzünün fəsadlarının dünyaya car çəkilməsi kimi məqamlar var. Bax elə bu yerdə deyim ki, qərəzli "ekspertlərdən" biri hətta, son dərəcə ciddi bir məzmun daşıyan bu loqoya da etiraz etmişdi. Bayram günlərində İTV-nin verilişlərində ekranın sağında qoyulan bayrağımızın da artıq olduğunu dilə gətirən "ekspert"lər var idi. Belə "rəylərin" qərəzli olduğu göz qabağında idi və biz öz yolumuzla davam etdik. Xüsusilə "Carçı" heç vaxt öz yolundan dönmədi və dönməyəcək. "Carçı" xəbərlər proqramının fəaliyyəti dəfələrlə Yayım Şurasının təşəkkürünə sahib olub.

Teleradionun analitik proqramları da Şuranın daimi müzakirə mövzusudur. Bu müzakirələr proqramların getdikcə daha da təkmilləşməsinə xidmət etməkdədir.



- Yəqin sizin sədrliyinizlə keçən son iclasınızda Şura üzvləri sədrin fəaliyyətinə bir nəzər salıblar...


- Bu iclasın sonunda mən bir sədr kimi Şura üzvləri və həmişə olduğu kimi, bu dəfə də dəvət etdiyimiz ictimaiyyətin nümayəndələri qarşısında vidaya bənzər bir nitq elədim. Başda şirkətin Baş direktoru olmaqla, hər kəs çıxış etdi və mənim ictimai teleradiodakı fəaliyyətimi çox yüksək qiymətləndirdi. Nə gizlədim, mən bu çıxışlardakı səmimi sözlərdən və səmimi qiymətdən əməlli-başlı duyğulandım və bu on iki ilin qürurunu yenidən yaşadım.


- İctimai teleradioya kənardan baxan bir tamaşaçı, dinləyici kimi, nələri tənqid edərdiniz?


- Yayım Şurası ictimai teleradionun özündən beş ay əvvəl formalaşıb. Və ictimai teleradionun kollektivini də Şura formalaşdırıb. Bu mənada ictimai teleradio Yayım Şurasının övladıdır.

Doğmalarda nöqsan görmək çox çətindir. Gəlin bir az gözləyək. Mən bir azdan bu teleradioya ən azı bir jurnalistika nəzəriyyəçisi kimi baxacam...


- İctimai teleradio kollektivinə arzularınız...


- Yuxarıda da dediyim kimi, ictimai teleradionun kollektivi bütün çətinliklərdən, maneələrdən, qərəzli "ekspert" yanaşmalarından keçib də, bu gün cəmiyyətin güvəndiyi, peşə etikasının yüksək tələblərinə əməl edən, dəqiq, qərəzsiz, vicdanlı informasiya təqdim edən, bütün hallarda yalnız milli maraqları əsas tutan bir media qurumu kimi fəaliyyət göstərməkdədir. Bu teleradionun formalaşnmasında böyük əməyi olan Yayım Şurasına həmişə olduğu kimi, indən belə də Vətən sevgisini, Azərbaycan sevgisini uca tutmasını, "Öncə Vətən" kəlməsini əziz tutmasını arzulayıram. Bu gün Azərbaycan üçün xalqın birliyi, Azərbaycanın inkişafı yolunda yorulmadan mübarizə aparan Prezidentin və xalqın yekdilliyi çox vacibdir. Teleradiomuzun bu sahədə fəaliyyət yolu həmişə açıq olsun.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi