Modern.az

“Doktrina” hərbi qanunvericiliklə bağlı təkliflərini açıqlayıb

“Doktrina” hərbi qanunvericiliklə bağlı təkliflərini açıqlayıb

Təhsil

20 Aprel 2011, 18:17

Aprelin 20-də “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən “Hərbçilərin sosial rifahını gücləndirəcək qanunvericilik təkliflərinin hazırlanması” adlı layihənin təqdimat mərasimi – mətbuat konfransı keçirilib.
Tədbir zamanı layihə rəhbəri, “Doktrina” JHAM“ sədri Cəsur Sümərinli layihənin məqsəd və vəzifələri, həyata keçirilmə qaydaları, layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.

“Etiraf olunmalıdır ki, Azərbaycanda hərbi qanunvericilik sənədlərinin bir çoxu hələ də yenilənməyib və ya onların yenilənməsi işi çox ləng aparılır. Bunun nəticəsində, xüsusilə də hərbi qulluqçuların və onların ailələrinin, müharibə veteranları, şəhid ailələrinin sosial təminat məsələlərində müəyyən problemlər ortaya çıxır. Xatırladılmalıdır ki, bir neçə il öncə hərbi qulluqçuların, onların ailə üzvlərinin, müharibə veteranlarının, şəhid ailələrinin güzəşt və imtiyazlarının çoxu ləğv edildi və bu isə müəyyən problemlər ortaya çıxartdı. Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi qanunvericilk sənədlərində  hərbi qulluqçular, onların ailə üzvlərinin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının gücləndirilməsi istiqmətində dəyişiklik edilməsinə ciddi ehtiyac yaranıb”, - deyə C.Sümərinli bildirib.

Onun sözlərinə görə, təqdim edilən layihədə nəzərdə tutulan işlərin Azərbaycanda hərbi qanunvericiliyin sosial rifah tərəflərinin təkmilləşdirilməsinə töhfə verməsi əsas hədəfdir. 

Cəsur Sümərinli bildirib ki, layihənin məqsədi Azərbaycanda hərbi qanunvericiliyin sosial tərəflərinin təkmilləşdirilməsi işinə vətəndaş cəmiyyətinin yardımını reallaşdırmaqdır.  Layihənin əsas vəzifələri isə  ölkə əhalisini Azərbaycanda mövcud olan hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri və s. sosial rifahı ilə bağlı məqamları barədə məlumatlandırmaq, dünyanın qabaqcıl ölkələrinin bu istiqamətdə əldə etdikləri müsbət təcrübəni ortaya çıxarmaq, ən nəhayət, Azərbaycanda geniş mənada hərbi qulluqçuların sosial rifahına xidmət edəcək qanun layihələrinin hazırlanması prosesinə dəstək verməkdən ibarətdir.

“Doktrina” mərkəzi rəhbərinin sözlərinə görə, layihənin ünvanlandığı əhali qrupu hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələri, müdafiə və təhlükəsizlik sektoru üzrə qnun yaradıcılığı prosesinə cəlb olunmuş güc strukturlarının nümayəndələri, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvləri, hərbi sektor üzrə fəaliyyət göstərən araşdırmaçılar, ekspertlər, hüquqşünaslar, elm adamları, hərbi sektora maraq göstərən jurnalistlər, tələbələr və  s. şəxsləridir.

C.Sümərinli bildirib ki, layihə çərçivəsində Silahlı Qüvvələrdə sosial təminat məsələlərinə təsir göstərən qanunvericilik aktlarının araşdırılması prosesi aparılacaq. Bu prosesdə konstitusiyanın müvafiq müddaları, “Hərbi qulluqcuların statusu haqqında” qanun, “Hərbi xidməd haqqında” qanun, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Əmək pensiyaları haqqında” qanunun hərbi qulluqçulara aid müdəaları, “Veteranlar haqqında” qanun, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun, ”Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunlar diqqət mərkəzində olacaq.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?