Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunan müşavirədə Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı verdiyi tapşırıqların icrası ilə yerində tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olur.
Aprelin 20-də İlham Əliyev Səbail rayonunun Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov xüsusi sxem əsasında Səbail rayonunda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, rayonun ərazisindəki parklar və dairələr əsaslı təmir edilib, mədəniyyət evi, uşaq bağçası, 15 saylı poliklinika, 236 saylı məktəb yenidən qurulub, qəsəbədə xeyir-şər evi istifadəyə verilib, elektrik şəbəkəsinin yeni binası inşa edilib.
H.Abutalıbov deyib ki, 21 min 600 nəfər sakini olan Badamdar qəsəbəsində məhəllədaxili yolların təmirinə başlanıb. İndiyə qədər 18 min kvadratmetr yol sahəsinə yeni asfalt örtüyü döşənib, 12 min kvadratmetr yol sahəsində isə hazırlıq işləri başa çatdırılıb.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev sakinlərlə görüşüb.
Sakinlər Badamdar qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ediblər. Sakinlər qəsəbədə yeni məktəb binasına və uşaq bağçasının tikintisinə, qaz, su, kanalizasiya ilə bağlı bəzi işlərin görülməsinə ehtiyac olduğunu bildiriblər. Sakinlərin təkliflərini dinləyən Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Yeri gəlmişkən, bu gün prezident Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Səbail rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.
Modern.az